Ölkədə devalvasiya həyəcanı: Vətəndaşlar banklara axışdı - Manatın aqibəti necə olacaq?

Ölkədə devalvasiya həyəcanı: Vətəndaşlar banklara axışdı - Manatın aqibəti necə olacaq? 

Azərbaycanda devalvasiyanın olması ilə bağlı bir sıra iddialar vətəndaşlar arasında təşvişə səbəb olub. İnsanların manata olan inamı günü-gündən zəifləyir. Vətəndaşlar banklarda olan vəsaitlərini dollara çevirməklə özlərini mövcud risklərdən qorumağa çalışır, ya da bankdakı əmanətlərini geri çəkirlər. Ekspertlər isə bu barədə narahatlığa əsas olmadığını diqqətə çatdırırlar. 

Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bu mövzuda sürprizlərin olması istisna deyil: 

“Bu kimi hallar mümkündür. Müəyyən dövrlərdə depozitlərin valyuta strukturunda dəyişmələr baş verə bilər. Bu, bazarda yaranan meyllərdən qaynaqlanır. Yaxud valyuta depozitlərinin həcmində müxtəlif səbəblərdən bir neçə dəyişiklik baş verir. Ənənəvi hal daha çox yay aylarında, turizm mövsümü dövrlərində müşahidə olunur. 

İndiki şərtlər daxilində düşünmürəm ki, müvafiq təzyiqlər devalvasiya yarada biləcək səviyyədədir. Hazırda Azərbaycanda bütün iqtisadi faktorlar onu göstərir ki, hökümət əgər üzən məzənnə rejiminə keçərsə, manat möhkəmlənəcək. Ola bilər ki, bazarda bir neçə həftə fərqli nəticələr görülsün. Amma sonrakı mərhələlərdə manat möhkəmlənəcəkdir.  İqtisadi faktorlar, neftin qiyməti, tədiyyə balansı, ticarət saldosu, strateji valyuta ehtiyatlarının həcmi kimi faktorlar faktiki olaraq, eyni zamanda hökümətin verdiyi mesajlar onu deməyə əsas verir ki, hökümətin də fikri manatın məzənnəsini sabit saxlamaqdır. Bütün bunlar hazırda devalvasiya üçün heç bir risk olmadığını sübut edir. Devalvasiya yalnız Mərkəzi Bankın qəbul etdiyi və yaxud hökümətin hansısa dairələrinin təsiri ilə qəbul edilən qərar nəticəsində mümkündür. Sosial təsisatlar da kifayət qədər böyükdür. Son iki ildə ciddi infilyasiya göstəriciləri ilə bazarda qiymətlər bahalaşdı. Bu il şans yaranıb ki, infilyasiyaı müəyyən qədər nəzarət olunan çərçivəyə endirilsin. Bu şərtlər daxilində diktə edilən devalvasiya qərarı infilyasiyaya mənfi təsir edib, onu artıra bilər. Bu da arzuolunmazdır. Biznes və maliyyə sektoru, vətəndaş, hətta dövlətin özü belə buna hazır deyil. Devalvasiya Azərbaycana indiki şərtlər daxilində böyük iqtisadi dividentlər vəd etmir. Bütün bunlarla yanaşı, sürprizlərin olma ehtimalı da var. 90 faiz gözlənti ondan ibarətdir ki, ümumiyyətlə bu il ərzində ciddi təzyiq yaranmasa, kənar faktorların təsiri ortaya çıxmasa devalvasiya olmayacaq”. 

İqtisadçı ekspert Eldəniz Əmirov isə qeyd edib ki, devalvasiyanın olması üçün ölkədə heç bir zərurət yoxdur:

“Dollara olan tələbin artması düşünürəm ki, hazırkı məqamda daha çox psixoloji faktorlardan qaynaqlanır. İdxalın artmasını səbəb kimi göstərilməsi və birbaşa onunla əlaqələndirilməsi tam özünü doğrultmaya bilər. Buna səbəb idxal üzrə olan göstəricilərlə dollara olan tələb arasında düzmütənasiblik yoxdur. Psixoloji təsirlərdən dolayı, insanların bəzi hallarda öz əmlaklarını sataraq, həmçinin, bəzi hallarda manatla olan depozitlərini dollara çevirməsi kimi hallar yaşanır. 

Burada Mərkəzi Bank tərəfindən qeyd etdiyim kimi, valyuta intervensiyası həyata keçirilə bilər. Amma birbaşa yox, verbal intervensiya metodu olar ki, bunu da psixoloji gərginliyin azaldılması üçün atılan addım kimi qiymətləndirmək mümkündür. Devalvasiyanın olub-olmayacağı ilə bağlı rəsmi açıqlama dollara olan indiki tələbi və yaranmış gərginliyi azalda bilər. Ancaq bu barədə dəqiq məlumat vermək olduqca çətindir. Əgər üzən məzənnə olsa idi, həmin sualı cavablamaq üçün ehtimal yuxarı səviyyədə olardı. Ancaq bu vəziyyətdə manatın məzənnəsi Mərkəzi Bankdan birbaşa asılıdır. Belə bir durumda onların hansı qərarı verəcəyi barədə öncədən proqnoz vermək çox çətindir. Bir məsələni də qeyd edim ki, hazırda ölkədə devalvasiyanın olması üçün zərurət yoxdur”.  






Fikirlər