2017-ci ildə almışdım, qiymətin 100 min dollar olmasını gözləyirəm - VİDEO
“Ölkə.Az” kriptovalyuta bazarındakı son vəziyyət, koinlərə yatırım və qiymət proqnozları ilə bağlı “Crypto Consulting” MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyevdən müsahibə alıb. “Bu sahəyə marağım 2015-ci ildə rəqəmsal valyutalar sektorunu araşdırarkən yaranıb. İlk bitkoinimi 2017-ci ilin mart ayında almışdım. O zaman bitkoinin qiyməti 1240 dollar idi. Biz onu ticarət məqsədi ilə alır, üzərinə 50 dollar qoyaraq “Forex” bazarındakı ticarət kimi satırdıq. 2017-ci ilin aprel ayında Yaponiya bitkoini ödəniş vasitəsi kimi qəbul etdiyini elan etdikdən sonra anladım ki, buna investor kimi sərmayə qoymaq lazımdır. İlk bitkoinimi özüm üçün alanda qiyməti 2700 dollar idi. Daha sonra 4200 dollar, 10 min dollar olanda da almışam. Özünün kriptovalyutaya investisiyan olanda, bu sahəyə başqa cür yanaşırsan. Biri var, kənardan izləyirsən və qiymətlərin artdığını görürsən, lakin özünün kriptoinvestor olmağın birbaşa sektorla maraqlanmağa təkan verir və zəmin yaradır. Müəyyən hissə bitkoinim var ki, 2017-ci ildə almışam və hədəf limitim 100 min dollardır. Bitkoin alarkən inandığım bir rəqəm var idi ki, biz qiyməti 100 min dollar üzərində görəcəyik. Hazırda bu hədəfə çatacağımızı deyə bilmərəm, bunu zaman göstərəcək. Lakin ümumi iqtisadi mühit göstərir ki, bu istiqamətdə gedirik”, - deyə E. Quliyev müsahibəsində qeyd edib. Daha ətraflı videoda: