Tender kralı kimi tanınan ATF MMC 2023-cü doqquzuncu iri məbləğli tenderin qalibi olub.
Məlumata görə, şirkətin bu dəfə qalib gəldiyi tenderi Qəbələ Rayon İcra Hakimiyyəti keçirib.
Tender Qəbələ şəhərinin küçə və dalanlarına asfalt örtüyünün çəkilməsi işlərinin satınalınması ilə bağlıdır. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 698 650,45 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, ATF MMC 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur.
ATF MMC Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarına məxsusdur. Şirkətin adı onların baş adlarının baş hərflərinin birləşməsidir.
Fəxrədin Muradov 2018-ci ildə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Fəxrəddin Muradova Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə ittiham irəli sürülüb. Bu işlə bağlı araşdırmalar zamanı məlum olub ki, "ATF" şirkəti dövlətə 361 000 manat ziyan vurub.
Maraqlıdır ki, şirkətin qalib gəldiyi bütün tenderlər yol təmiri ilə bağlıdır. Haqqında heç bir məlumat olmayan, maddi-texniki bazasının vəziyyətinin hansı səviyyədə olduğu bilinməyən bir şirkətin eyni zamanda bir neçə rayonda yolların təmirini necə həyata keçirəcəyi aydın deyil.
Mediada gedən iddialara görə, ATF MMC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədova yaxındır. Şirkətin yol təmiri ilə bağlı tenderlərin qalibi seçilməsi də bununla izah edilir. Qaynarinfo
Hətta iddia olunur ki, bəzi hallarda AAYDA-nın yol çəkilişlərində də ATF MMC-dən istifadə edilir.