07.06.2014.- Elza Seyidcahanla Nadir Qafarzadə arasında - QALMAQAL

07.06.2014.- Elza Seyidcahanla Nadir Qafarzadə arasında - QALMAQAL ATV telekanalının yeni layihələrindən olan “Azərbaycanın səsi” yarışmasının ilk canlı efiri qalmaqallı məqamlarla yadda qalıb. Hər kəs öncə təşkilatçılar tərəfindən elan olunan münsiflər heyətinin tərkibində dəyişikliyin olmasına təəccüblənib.
Belə ki, yarışmada münsif kürsüsündə Nadir Qafarzadə, Elnarə Xəlilova, Namiq Qaraçuxurlu və Natəvan Həbibinin əyləşəcəyi gözlənilsə də, canlı yayında sonuncunu Elza Seyidcahan əvəz edib. Yarışma texniki problemlərlə yanaşı Nadir Qafarzadənin alovlu çıxışları ilə diqqət çəkib. O, onun tələbələrini tənqid edən münsif heyətinin fikirlərinə acıqlı və sərt reaksiya nümayiş etdirib. Hətta “Bəsdir insanlara lağ etdiniz” ifadəsini işlədib. İrəliləyən dəqiqələrdə Nadirlə Elza Seyidcahan arasında qalmaqal yaşanıb. Bununla bağlı Teleqraf.com-un suallarını cavablandıran Elza Seyidcahan digər qaranlıq məqamlara da aydınlıq gətirib.


- Elza xanım, sizi bu yarışmada görmək çoxlarını təəccübləndirdi. Natəvan Həbibinin yerinə gələcəyiniz çoxdan planlaşdırılmışdı?

- Mən yarışmanın seçim turlarında iştirak etməmişdim. Təklif mənə birinci turda gəldi. Artıq iştirakçılar təyin olunmuşdu. Gələcək turlarda da münsifin biri harasa gedə bilər, onun yerinə başqası gələ bilər. Bu adi bir haldır. Buna normal baxmaq lazımdır.

- Dediniz seçimlərdə olmamısınız. Əgər siz seçim etsəydiniz başqa mənzərə ilə qarşılaşa bilərdikmi?

- Orda olanlar belə seçim edib. Seçim edənlərin musiqi duyumu, zövqü var. Belə ki, münsif heyətində sevilən ulduzlarımız əyləşmişdi. Natəvan, Elnarə, Namiq Qaraçuxurlu, Nadir Qafarzadə bu sənətə öz zəhmətləri ilə gələn insanlardır. Onlar istedadlı uşaqları seçiblər, sadəcə, bundan sonra ifaçıların yarışmada qalıb-qalmamasını SMS həll edəcək. Biz sadəcə, dörd iştirakçı içərisində az səs toplayan iki ifaçıdan birini seçib yarışmada saxlamaq hüququna sahibik. Bəzən çox istedadlı iştirakçıları itirməli oluruq. Məsələn, dünən Nadirin komandasından ayrılan oğlan ifaçınu vurğulamaq istəyirəm. O Hüseynağa Hadıyev kimi oxuyurdu. Elə bir ifaçı səhnəmizdə yoxdur, ona çox ehtiyac var idi. SMS olduğuna görə hər şey pulun üzərində dayanır, buna üzülürük.


- Siz efirdə dediniz ki, ifaçıların oxumasından zövq almadınız.

- İfaçılar seçdikləri mahnıları ya müğənnilər kimi, ya da onlardan yaxşı oxumalıdırlar. Pis oxuyanda mən zövq ala bilmirəm.

- İlk efir günündən razı qaldınızmı?

- İlk efir günü hər zaman həyəcanlı olur və biz də öz işimizdən narazı qalırıq. Böyük layihədir. Sadəcə, efir vaxtında məhdudiyyət var idi. Türkiyədə bu veriliş dörd saata qədər efirdə yayınlanır, münsiflər rahat söhbət edirlər, ifaçıların çıxışını əvvəldən sonacan müzakirə edirlər. Bizdə də gələcəkdə efir vaxtı artacaq.

- Nadir Qafarzadə ilə aranızda qalmaqal yaşandı. Siz onun tələbəsinin geyimini tənqid etdiniz, o isə çox sərt reaksiya nümayiş etdirdi.

- Nadirə dedim ki, sən özün gözəl geyinirsənsə, tələbələrin də gözəl geyinməlidir. Nadirin xəbəri olmayıb iştirakçının geyimindən. O da bizim kimi səhnədə görüb. Yaxşı oldu ki, mən də bunu yerində dedim. Nadir dedi ki, uşaq kasıbdır, 20 yaşı var. 20 yaşı var, amma 80 yaşlı kişi kimi geyinib. Sadəcə gələcək turlarda bunu nəzərə al. Elə oldu ki, həmin ifaçı yarışmanı tərk etdi, qalsaydı, Nadir onun geyimi ilə məşğul olacaqdı. Nadirin çox incə ürəyi var, ona mütləq kömək edəcəkdi. Yəqin bundan sonra ona kömək edər.

- Bəs, siz tələbələrinizi özünüz geyindirmişdiniz?

- Gələn turda tələbələrimin nə geyinəcəkləri ilə maraqlanacam. Tələbələrim də özümə oxşayacaqlar. O ki qaldı, mahnılara uşaqlar öz seçdikləri musiqiləri mənə təqdim edirlər, mən də onlara məsləhətlərimi verirəm. Və sonra bir yerdə məşqlərimiz olur.

- Bu komanda ilə “Azərbaycanın səsi”nə iddialısınızmı?

-Hər bir əsgər general olmağı arzulamalıdır. Tələbələrim bir-birindən gözəldirlər. Onlara inanıram. Komandamda Hacıağa var, istedadlıdır. Dünən yarışmanı tərk edən Leyla da istedadlı qızdır. Ona uğurlar arzulayıram. Eşitdiyimə görə, Türkiyəyə ərə gedir. Balaca Azərin, Cabbar, Elvin, Nigarın adını çəkmək istəyirəm, çox istedadlı uşaqlardır. Hər cür janrda oxuyan ifaçıya rast gəlmək olar komandamda. Nadir deyir ki, ifaçılar əcnəbi musiqilər oxumasınlar. Onu başa düşürəm, sözündə həqiqət var. Amma mən istəyirəm ki, ifaçılar hər cür janrda oxumağı bacarsınlar. Öncə Azərbaycan musiqilərini oxusunlar, sonra dünya estradasına müraciət etsinlər. Öz mahnılarımızdan bixəbər olaraq xarici musiqilər oxumaq düzgün deyil.

- Sizin bəstələrinizi oxuyacaqlarmı?

- Deyirlər ki, Faiq Ağayevin tələbəsi olan bir qız ötən yarışlarda mənim mahnımı oxuyub. Həmin qız da hazırda mənim komandamdadır. Faiq ona məsləhət görüb ki, bu yarışmada mənim “Həsrət nəğməsi” mahnımı oxusun. - Kifayət qədər iddialı danışdınız.

- Yarışmada münsif olaraq hamı sizə rəqibdir. Rəqiblərinizlə qalmaqal yaşamaqdan qorxmursunuz?

- Mənim tələbələrimə də irad tutsalar, incimərəm. Müəllimdirlər, öz fikirlərini deməlidirlər. Və mənə elə gəlir ki, onlar da məndən inciməməlidirlər.






Fikirlər