Eyyub Yaqubov: “Həyatı indi-indi dərindən dərk edirəm və utanıram ki...” - MÜSAHİBƏ/FOTO
Eyyub Yaqubov həmkarlarından fərqli olaraq efirlərdə nadir hallarda görünür. Və elə hesab edir ki, yaradıcılıqla məşğul olmaq, heç bir yeni iş olmadığı halda tez-tez görünməkdən daha yaxşıdır. Əməkdar artist Publika.az-a yeni işləri və Allah sevgisindən danışıb. Məşhur müğənninin sözlərinə görə, taleyi ona layiq olduğundan qat-qat gözəl ömür nəsib edib. Dünya malında gözü olmayan təvazökar sənətçi buna görə utandığını və tez-tez “Görəsən, bunlara layiq idim?” deyə düşündüyünü də gizlətməyib. - Bu yaxınlarda Vaqif Əsədovun "Mənə 100 il ömür arzulamayın" mahnısının təqdimat mərasimi keçirildi. Həmin mahnıda çəkilən klipdə siz də iştirak etmisiniz. İstərdik ki, bu barədə danışasınız. - Mahnının musiqisi dostum Elçin İmanova, sözləri isə Vahid Əzizə aiddir. Vaqif Əsədov da uzun illərdir dostluq etdiyim həmkarımdır. Odur ki, klipdə böyük məmnuniyyətlə iştirak etdim. Sözsüz ki, razı olmağının əsas səbəbi musiqi və sözlərdə olan dərin məna idi. Burada şair “Mənə 100 il ömür arzulamayın" deməklə onu çatdırmaq istəyib ki, insanın həyatını necə yaşaması nə qədər ömür sürməsindən daha vacibdir. Mənə elə ömür arzulayın ki, başqalarından faydalı ola bilim, dünyadan da ləyaqətlə köçə bilim. Məsələn, "Mənə 100 il ömür arzulamayın” fikri “Bu qala bizim qala, tikmədim özüm qala, tikdim ki, izim qala” misraları ilə eyni mənanı daşıyır. - Belə deyirlər ki, insanlar layiq olduğu ömrü yaşayır. Eyyub Yaqubov layiq olduğu, yoxsa arzuladığı ömrü yaşayır? - Allaha çox dua edirəm ki, mənə maraqlı, keşməkeşli həyat bəxş edib. Təbii ki, çətinliklər də olub. Axı həyat gözəl olduğu qədər həm də mürəkkəbdir. Bu günümə şükür etməyi bacaran insanam. Artıq 53 yaşım var, həyatı indi-indi daha dərindən dərk etməyə başlamışam. Düşünürəm ki, Allah mənə həqiqətən də layiq olduğumdan qat-qat gözəl ömür nəsib edib. Bəzən qazandıqlarımdan utanıram və öz-özümə “Görəsən, bunlara layiq idim?” deyə düşünürəm. - Niyə layiq olmadığınızı düşünürsünüz ki? - Bilmirəm, bəlkə də gözüm yüksəkliklərdə deyil. Ümumiyyətlə, elə hesab edirəm ki, Allah bütün bəşəriyyəti sevir, insanları ucaldan da odur. Sadəcə insanlar bilməlidir ki, gözəl həyat yaşamağı arzulayan və layiqli ömür sürmək istəyənlər onu həqiqətən də tapır. Həqiqəti və gözəlliyi axtaran insanları Allah mütləq onlara qovuşdurur... - Həyatın həm gözəl, həm də mürəkkəb olduğunu dediniz. Eyyub bəy, çətin sınaqların öhdəsindən necə gəlirsiniz? - Həyatın çətinliklərindən alnıaçıq çıxmaq bacarığı aldığın tərbiyədən asılıdır. Valideynlərin səni düzgün istiqamətləndirməlidir. Sonra isə bu, şəxsin məhz özü və necə formalaşması ilə əlaqəlidir. Niyyət nə qədər təmiz olarsa, öz amalın uğrunda qarşılaşdığın əziyyətlərdən bir qədər asan və ləqayətlə çıxa bilərsən. Niyyət əməldən üstündür. Bunun üçün də yalnız və yalnız Allaha bağlı olmalısan. - Qocalmaq sizi qorxutmur ki? - Qətiyyən, qocalığı müdriklik kimi qəbul edirəm. Vahid Əzizin "Mənə 100 il ömür arzulamayın" şeirində deyildiyi kimi həyatın mənası az və ya çox yaşamaqda deyil, şərəfli yaşamaq əsas məsələdir. Məsələn, Mikayıl Müşfiq, Cəfər Cabbarlı kimi dahilər az ömür yaşasalar da, gənc yaşda müdriklik zirvəsinə qalxıblar. Gənc ikən ağsaqqal olublar. Odur ki, qocalıq yaşdan asılı deyil. - Kişilər yaşa dolduqca mənəvi baxımdan güclü olur, yoxsa əskinə? - İmanı olan kəs yaşa dolduqca güclənir. - Vaxtınız sizi idarə edir, ya siz vaxtınızı? - Əgər yaxşı iş ortaya qoymaq istəyirsənsə, əlbəttə ki, əliboş oturub vaxtın boşa uçduğunu seyr etməməlisən. Çalışıram ki, vaxtımı səmərəli və məhsuldar keçirim. Yaradan bizə ağıl, iradə və şüur verib ki, zamanımızı düzgün xərcləyək. Allaha bağlı olanda hər şey insana qulluq edəcək. Çünki Rəbbimiz dünyadakı hər şeyi insan üçün yaradıb, amma insanı özü üçün. - Qocalığın ilk əlamətləri həyat eşqinin azalmasıdır. Bəs həyat eşqinin azalmasının səbəbləri nə olar bilər? - Yenə təkra edirəm ki, Allahdan uzaqlaşmaq. Ancaq bu. - Repertuarınızda kədərli mahnılar üstünlük təşkil edir. Bu, nə ilə bağlıdır? Özünüzü həzin notlar vasitəsilə daha yaxşı ifadə edirsiniz? - Həmişə demişəm ki, enişli-yoxuşlu həyat yolum olub. Hər zaman xoşbəxt olmaq, yaxud hər zaman kədərlənmək mümkün deyil. Amma etiraf etməliyik ki, insan həyatın mənasını kədərləndiyi zaman dərk etməyə başlayır və hər şeyin həddini onda öyrənir. Nikbinliyini qorumaq üçün qızıl orta deyilən xətti tapmaq çox vacibdir. - Sizin “Kim bilir qəlbimin ağrısını” adlı mahnınız qəlbin ağrı və acısını ifadə edən ən təsirli kompozisiyalardan biridir. Maraqlıdır ki, Eyyub Yaqubov qəlbinin ağrı və acılarını kiminlə bölüşür? - Əlbəttə ki, qəlbimin bütün ağrılarını ilk növbədə Allah bilir, sonra isə ən yaxın dostlarım, yaxınlarım və sirdaşlarımla paylaşıram. - Həyat yoldaşınızla dərdləşmirsiniz? - İnsana həyat yoldaşından yaxın kimə olar bilər ki? Yaxınlarım dedikdə onu nəzərdə tuturdum. - Cavablarınızdan aydın oldu ki, inanclı insansınız. Siz Allah sevgsini nə zaman hiss etdiniz? Yoxsa bu hiss bizimlə birlikdə doğulur? - Allaha yaxınlaşdıqca insanın qəlbi genişlənir. Qəlbi geniş olan insanın da dostları çoxalır, onu sevənlərin sayı artır. Həyatın məğzi sevgidir, biz Allahı, dünyanı, bəşəriyyəti nə qədər seviriksə, bir o qədər də sevilirik. Hər zaman inanclı olmuşam, amma daim axtarışda idim, cavabını bilmədiyim suallar var idi. Düşünürəm ki, bu proses hər bir kəsdə baş verir. Artıq 40 yaşından sonra mütləq həqiqətin Allah olduğunu dərk etməyə başladım. - Eyyub bəy, efirlədə görünməyi sevmirsiniz. Yaradıcılıq planlarınızda nələr var? - Yaxın gələcəkdə dinləyiciləri yeni layihə ilə sevindirəyəcəm. Hüseyn Cavidin "Şeyx Sənan" əsərindən bir mövzunu işləyirik. Bu, adi mahnı deyil, muğam və cazın sintezindən ibarət kompozisiya olacaq. “Hicaz” musiqi qrupu ilə birlikdə ifa edəcəyik. Həmçinin Elçin İmanov hazırda Mikayıl Müşfiqin daha bir şeirinə mahnı yazıb. “Gecə düşüncəsi” mahnısı hazır olandan sonra ona klip çəkməyi düşünürük. - Siz adətən Hüseyn Cavid, Mikayıl Müşfiq kimi klassik ədiblərimizin yaradıcılığına müraciət edirsiniz. Gənc şair və yazıçıların şeirlərini oxumamağınızın səbəbi nədir? - Hüseyn Cavid, Mikayıl Müşfiqin şeirləri və əsərləri Azərbaycan ədəbiyyatının ən zəngin nümunələridir. Onlara müraciət etməmək və yaşamatmamaq günah olardı. Sözsüz ki, istedadlı şairlərimiz çoxdur, hər birinin də yardıcılığıma hörmətlə yanaşıram. Gərək bəstəkarlar və özləri təklif etsin. Hələ ki təklif yoxdur, inşallah təklif olarsa, niyə oxumayım.