“Bozbaş” mahnılara tələbat artıb? – Sifarişi kim verirsə...

“Bozbaş” mahnılara tələbat artıb? – Sifarişi kim verirsə...

Bir neçə gün öncə, müğənni Afət Fərmanqızı dinləyicilərin daha çox bayağı mahnılara üstünlük verdiyin demişdi. O, hətta yeni müğənnilərə tövsiyə də vermişdi: “Keçirsən, səviyyəsiz mahnılara, onları oxuyursan. Vəssalam, qaz-vurub, qazan doldurursan. Kim deyirsə ki, peşəkar mahnı ifa etdim və “tutuzdurdum” böyük ehtimalla yalandır”.

Bəs onun həmkarları necə düşünür? Bu fikirlə razıdırlarmı?

Müğənni, vokalist Gülyanaq Məmmədova “Yeni Sabah”a bildirib ki, hər kəsin öz fikir var və başqalarının fikrinə münasibət bildirmək istəmir:

“Musiqimiz var və yaşayır. Zövqlər də var. Hər şey də gözəldir. Gənclərimiz zamanla milli musiqimizə üz tuturlar. Yaşa dolduqca nəyin yaxşı, nəyin pis olduğunu dərk edəcəklər. 

Mən şəxsən bir sənətçi kimi izləyicilərimdən razıyam. Azərbaycan musiqisi bünövrəli musiqilidir. Bünövrəsi möhkəm olan musiqi heç vaxt ölə bilməz. Dünyanın hər yerində hansı yerində konsert vermişəmsə, milli musiqimizin  öz sözünü dediyinin şahidi olmuşam”. 

Sizcə, bu gün muğam, yoxsa, bayağı musiqilərin dinləyicisi çoxdur sualına cavab olaraq bu gün muğamsevərlərin çox olduğunu bildirib: “Hər dəfə  Heydər Əliyev Mərkəzində, Mehriban xanımın təşəbbüsü ilə muğam festivalı keçiriləndə gənclər iştirak edir. Deməli, nə qədər peşəkar muğam ifaçıları yetişir. Bununla muğama da axın olduğunu görürük. Müasir musiqiyə də axın çoxdur.  Bunlar hərtərəflidir və zövqlər müxtəlifdir. Bu baxımdan kimlərisə təhqir, tənqid etmək olmaz. Muğam üzərində köklənən musiqilərimiz heç vaxt ölə bilməz. Bu günün musiqiləri də muğam üzərində köklənib. Bizim musiqimiz ölə bilməz.  Çünki, onu yaşadan gözəl publikamız var. Müasir gəncləri də qınamaq olmaz.  Onların dünyaya baxışı hələ ki, bir qədər başqa cürdür.  Həyat insanı getdikcə, ağıllandırır”.

Müğənni İlhamə Qasımova mövzu haqda deyib ki, hər bir dövrün öz musiqisi olur: “Zövqlər də müxtəlifdir. Bu müxtəlifliyə hörmət etmək lazımdır. Mən bu gün desəm ki, bayağı musiqi inkişafdadır, amma digərləri inkişaf etmir, bu, doğru olmaz. 

Belə olduğunu hesab etsək də,  bunun günahı izləyicilərdə deyil, bunu izləyicilərə təqdim eləyən vasitələrdir.  Necə təbliğat gedirsə, elə də inkişaf gedir. Ona görə də mən izləyiciləıri qınaya bilmirəm.  Onlar nə alırlarsa, onu da qəbul edirlər”.

Vasif Məhərrəmli deyir ki, hər qazanın öz qapağı, hər  gülün də öz ətri olduğu kimi, hər musiqinin öz dinləycisi var: “Pis musiqi yoxdur, pis ifaçı var. Bundan başqa, harmoniyalı musiqi harmoniyasız musiqi var. İnsanların bəzilərinin harmoniyalı, bəzilərinin də harmoniyasız musiqilərdən xoşları gəlir”.

Mətanət Əsədova bildirib ki, onun izləyiciləri onun öz zövqündə olan şəxslərdir: “Efirə çıxan gündən sənətimi, əsl musiqini sevirlər”.

Əməkdar artist, Opera müğənnisi  Gülüstan Əliyeva isə bu fikirlə razılaşır: “Biz bunu qəbul etməsək də, əksəriyyət yüngül, bəsit musiqiyə qulaq asır”.

Gülüstan Əliyeva bunun təqsirini sosial şəbəkələrin gərəksiz adamların əlində olması ilə əlaqələndirir.

Nadir Qafarzadə deyir ki, Sovet dönəmində belə bir şüar  vardı: “Şəhər mədəniyyətini kəndə aparaq”. 

“Yəni, kənddə klublar  ansambllar, özfəaliyyət dərnəkləri  var idi. Ona görə belə şeylər edirdilər ki, kənddəki insanların da zövqü formalaşsın. Mən özüm də kənddə böyümüşəm. 80-ci ildə şəhərə gələndə başa düşürdüm ki, burada insanlar özlərini necə aparmalıdır. Buna görə də kəndə uyğun olan hərəkətlərimi şəhərdə etmədim.  

Kəndin və şəhərin ayrıca qaydaları olduğunu düşündüm.  Burada insan özünü daha düzgün aparmalı, daha düzgün  davranış forması sərgiləməlidir.  

Mən də kənddə böyümüşəm, amma kəndçi deyil, kəndli olmuşam. Kəndçi və kəndli arasında böyük fərqlər var. Mən kəndliydim, şəhərə gəldim və  şəhər qanunlarına uyğun yaşadım. Nəticədə zövqüm daha da formalaşdı. Şəhərə gələndən sonra musiqinin nə olduğunu başa düşdüm. Dahilər də kənddən şəhərə gəlib daha da təkmilləşdilər, daha da inkişaf etdilər. Niyə gəldilər?!  Lazım bilsəydilər, orada qalardılar. Qalmadılarsa, deməli, kənddə inkişaf yox idi.  

Mədəniyyət, elm mərkəzləri şəhərdə olduğuna görə onlar şəhərə gəldilər.  Deyirlər ki, xalq nə istəyir, onu da veririk. Xeyr!  Bu, belə deyil.  Sən nəyi oxusan, dinləyici də onu  qəbul edəcək.  

Mən gənc olanda Akif İslamzadə mənə bir söz dedi: ”Çalışın, tamaşaçını yaxşı ifalarınızla dalınızca aparın. Deməli, suç mən də daxil, ifaçılardadır. Biz düzgün oxumuruq. Zövqləri korlamışıq. Məsələn, mən “Maral” mahnısından başqa, əsərlər oxumuşam. Mən onu oxumağımla təkcə  estrada yox, təkcə “Füzuli kantatası” yox, “Oxu, tar”ı yox, bunu da bacardığımı sübut etdim.

 “Maral” mənim yaradıcılıq səhifəmdə böyük bir fəxredici bir şey deyil. 

 Hər şey ailədən gəlir. Evdə valideyn nəyə qulaq asırsa, uşaq da ona üstünlük verəcək. Bu gün gənc bəstəkarlar mahnı bəstələmirlər ki, tələbat yoxdur. Bayağı musiqi yox, bayağı ifaçı olur. Mən “Maral” mahnısını o qədər gözəl təqdim eləmişdim. Bunun üçün isə məktəb lazımdır. Heç olmasa, bir sənətkardan dərs almaq lazımdır. Mən təhsilli ifaçıyam. Həm opera müğənnisi və vokalistəm, həm də müəlliməm. Bayağı mahnını elə gözəl təqdim etmək olar ki... Təqdimatdan çox şey asılıdır”.

 

Müğənni  hazırda musiqi vəziyyətinə də toxundu: “Gələcəkdə Azərbaycan musiqisi deyilən bir şey olmayacaq.  Bu 30 il ərzində heç bir sanballı musiqilər yazılmadı. Olanımız da Sovet dövründə yazılmışlardır.  Onlar sovet musiqisi idi. Sovet Azərbaycanın yetişdirdiyi bəstəkarların, dahilərin,  yazıçıların, şairlərin, rəssamların əsərləri idi. Bu gün olanlar da o məktəbin qalıqlarıdır. Hazırda o məktəb yoxdur deyə, Azərbaycan musiqisi bu gündədir”.






Fikirlər