"DOLLAR QALXDI, YA DÜŞDÜ, bizim nə borcumuza?"
Əməkdar artist Elnarə Abdullayeva ölkədə yaşanan böhranın ona heç bir təsir etmədiyini deyib.
Axşam.az-ın məlumatına görə, bu barədə xanəndə musavat.com-a açıqlama verərkən deyib. O, ölkədəki bahalaşmadan da xəbərsiz olduğunu bildirib:
“Böhrandır, ya böhran deyil, mən belə şeyi bilmirəm ki. Mən nə bilim, dollar qalxdı, ya düşdü? Bizim nə borcumuza? Bir-iki manat pulumuz var, toya gedəndə alıb yeyirik vəssalam. Bahalaşmaya gəldikdə isə, 1-2 aydır bazara getmirəm deyə, heç nədən xəbərim yoxdur. Ola bilsin ki, ölkədə nəsə gedir, lakin başım ağrıdığı üçün onu mənə demirlər. Dünyadan nə baş verir xəbərim yoxdur. Əsas odur ki, can sağlığı olsun”.
Əməkdar artist devalvasiyanın nə demək olduğunu bilmədiyini etiraf edib:
“Devalvasiya deyirsiz, nə deyirsiz bunları bilmirəm. Mənimki odur ki, kənddən, toyuq-cücədən sual verilsin cavab verim. Bir tikə çörəyimizi qazanırıq, qalan şeyləri bilmirəm”.
Elnarə Abdullayeva həmkarlarından fərqli olaraq toysuz qalmadığını deyib:
“Toy sıfarişləri alıram, Allah camaatımıza dəyməsin. Biz çətinliyə öyrəşən adamıq. Mənim üçün nə fərqi var, az oldu, ya çox oldu. Az olanda qaloş, çox olanda yaxşı ayaqqabı geyinəcəm. Mənim şüarım belədir”.