Lalə Məmmədova: “Sənət adamlarının artıq xərclərdən qaçması mümkün deyil. Salona gedib, deyə bilmərik ki, bizə endirim edin”
Ölkədə yaşanan maddi böhran mədəniyyət sahəsinə də təsirsiz ötüşməyib. Sənət adamları dollar bahalaşdığı üçün mahnı almağın, klip çəkdirməyin, konsert verməyin, geyim xərclərini ödəməyin çətinləşdiyindən gileylənirlər.
Bəs onlar böhranla əlaqədar nələrə qənaət edirlər?
Musavat.com sənət adamları arasında sorğu keçirib. Onlarda böhran zamanı hansı xərclərini azaltdıqlarını soruşub.
Xalq artisti Gülyanaq Məmmədova toyların olmamasından gileylənib: “Böhran hamı kimi məni də vurub. Bizim qazancımız toylardan çıxır, indi isə toy edən yoxdur. Sənət adamıyıq, tez-tez qarderob təzəməliyik. Novruz bayramı gəlir, milli geyim almalıyıq. Böhrana görə səhnə geyimləri almıram. İmkan yoxdur. Əlimizdə olanı xərcləyirik, amma üstünə pul gəlmir. Böhran tək Azərbaycanda deyil. Almatadan dünən tələbəm gəlib, deyir ki, bizdə də bu vəziyyətdir. Sənət adamları üçün daha çox çətindir. Diqqət mərkəzindəyik, tamaşaçı bizdən yeni repertuar gözləyir. Mahnı almaq, yazdırmaq üçün də pul lazımdır. Mahnı almayıb köhnə musiqiləri səsləndirə bilirik. Lakin o mahnıların yazılması üçün studiyada yer götürmək lazımdır. Onlar da əlavə xərcdir. Universitetdə dərsimi deyirəm, çəkilişlərə gedirəm. Hələ ki, öz işimdəyəm. İnşallah, tezliklə durumumuz düzələr”.
Əməkdar artist Lalə Məmmədova yeni geyimlərdən imtina etdiyini bildirib: “Hər şeyə qənaət etməyə çalışıram. Qarderobumu təzələməliyəm, amma hələlik təxirə salmışam. Sənət adamları göz önündədir, hər zaman baxımlı olmalıdır. Sənət adamının artıq xərclərdən qaçması mümkün deyil. Salona gedib deyə bilmərik ki, bizə endirim edin”.
Aşıq Əli böhrandan öncə də qənaətcil olduğunu qeyd edib: “Əslində sənət adamları hər zaman qənaət ediblər. Mən ümumiyyətlə qənaət sözün işlətmək istəmirəm. Lazım bilmirəm. Hər zaman büdcəmə görə ayağımı uzatmışam. İndi də elə olacaq. Səbir eləmək lazımdı, hər şey yaxşı olacaq”.
Teleaparıcı-aktrisa Aysel Nazim səyahətlərdən imtina etdiyini bildirib: “Hər kəs kimi böhran mənə də mənfi təsir göstərib. Xərclərimi minimum azaltmışam. Səyahətləri dayandırmışam. Məsələn, qış tətilində ailəmlə Uludağa gedəcəkdik, təxirə saldım. Bir sözlə, imtina etdiyim çox şey var”.
Tarzən Humay Qədimova vurğulayıb ki, xərclərini minimuma endirib: “Böhran hamı kimi məndən də yan ötməyib. Toy edən azdır deyə qazanc da əvvəlki kimi deyil. Bu, bütün dünyanın yaşadığı problemdir. Hər gün mövzu ilə bağlı xəbərləri izləyirəm. Ona görə addımımı atıram. Əvvəllər günə 5 manat xərcləyirdimsə, indi 2-3 manatda dayandırıram. Geyimlərə qənaət edirəm. Qarderobumu təzələməyi dayandırmışam. Hələlik köhnə geyimlərimdən istifadə edirəm. Əsas odur ki, bir çox ölkələrlə müqayisədə bizim durumumuz yaxşıdır”.
"Qala" qrupunun üzvü Ceyhun Əliyev deyib ki, sənəti ilə bağlı məsələlərdə qənaət edə bilmir: “Toy qiymətimi aşağı salmamışam, çünki yaxşı oxuyan sənət adamları arasında münasib qiymətə toya gedən mən və "Qala" qrupumdur. Böhrandan öncə belə bütün təbəqənin qazancını nəzərə almışam. Əvvəllər ayda 10 toya gedirdiksə, indi bu, 5-ə düşüb. Razılaşmalıyıq. Gedib, kiməsə deməyəcəyik ki, toy elə, gəlib oxuyum. Qazanc az olduğu üçün xərclərimi də minimuma endirmişəm. Studiyada mahnılar hazırlanır. Repertuar yenilənirsə, pul xərcləməliyik. Bu istiqamətdə endirim yoxdursa, mən də məcburam ki, tələb olunan məbləği ödəyim. Qənaəti gündəlik alış-verişdə edirəm, amma sənətimlə bağlı mümkün deyil”.