Aybəniz Haşımova haqda bilmədikləriniz — RUBRİKA + FOTOLAR

Aybəniz Haşımova haqda bilmədikləriniz — RUBRİKA + FOTOLAR

Aybəniz Haşımova-Azərbaycan Respublikasının əməkdar artisti, pedaqoq, müğənni.

Ölkə.Az tanınmış sənətkarlarla bağlı silsilə yazılarını davam etdirir. Bu həftə "hədəf"imiz məhz bu xanım sənətkardır. Bəli, Aybəniz Haşımova sənətkar sözünü indi yox, bəlkə də on il öncədən haqq edir. Əgər sözlərim sizə sadəcə iddia kimi göründüsə, dəlillərlə əsaslandırım.

Qəhrəmanımız haqda qısaca onu deyək ki, 1968-ci ildə Gəncə şəhərində anadan olub. Peşəkar səhnədə ilk addımlarını 11 yaşında-1979-cu ildə atmağa başlayıb. Mərhum xalq artisti Şövkət Ələkbərovanın sevimli tələbələrindəndir.

Adətən sənətkarlar bir neçə qrupa bölünür. Məsələn, nəzəriyyəni yaxşı bilən, amma ortabab ifa edib, yaxşı pedaqoji bacarığı olan sənətkar. İkincisi, nəzəriyyəni ortabab bilib, yaxşı səsə və texnikaya malik, amma pedaqoq kimi yararsız olanlar. Bir də Aybəniz Haşımova kimi nəzəriyyəni yaxşı bilib, gözəl və səsə texnikaya malik olan, eyni zamanda əla pedaqoq olan sənətkarlar. Belələri isə barmaqla sayılacaq qədərdir.

Yarızarafat da olsa demək lazımdır ki, son illər beynəlxalq müsabiqələrdə ölkəmizi təmsil edən hər beş gəncdən üçü Haşımovanın "fabrikinin" məhsuludur. İstər "Eurovision" ikincisi Fərid Məmmədov, istər "O ses Türkiye" yarışmasında möhtəşəm ifasıyla qardaş ölkəyə səs salan Zülfü Əsədzadə, istər digər müsabiqələrdə ölkəmizi layiqincə təmsil edən ifaçılar məhz bu xanımın sənət bulağından su içiblər.

"Bülbüllər" haqqında isə ayrıca yazıya ehtiyac var. Adını çəkdiyimiz və çəkmədiyimiz uşaqlar məhz Haşımovanın min bir əziyyətlə qurub yaratdığı "Bülbüllər"in "balalarıdır". Tamaşaçı bilməsə də, bu sahəyə az-çox yaxın olan adamlar bilir ki, bu qrup dəfələrlə dağılmaq təhlükəsiylə üzləşib, bəzən aylarla eyni geyimdə səhnəyə çıxıb, maliyyə problemləri olub. Amma Haşımova onlardan imtina etməyib. Dostlarının, özünün şəxsi vəsaiti ilə "Bülbüllər"in səsini kəsilməyə qoymayıb. Və bütün bunları şəhid övladını (Aynişan Quliyeva şəhid Xalid Quliyevin qızıdır) böyüdərək etmək, bilirsinizmi nə qədər şərəflidir?

Bütün bunlar əməkdar artistin pedaqoji fəaliyyəti ilə bağlı olan məqamlar idi. Məsələnin ifaçılıq tərəfinə gəlincə, hazırda səhnəmizdə tək-tük adamlar var ki, onunla müqayisə oluna bilər. Bura həm səsin yaddaqalan olması, həm ifa texnikası, həm baqaj, həm təcrübə, eyni zamanda səhnə mədəniyyəti daxildir. Düşünün ki, yüz ifaçı oxuyur və onların içində Aybəniz Haşımova da var. Təbii ki, onun səsini ayırd etmək üçün xüsusi musiqi savadına ehtiyac yoxdur. Çünki bu səsin fərqli rəngi, fərqli tembri və diapazonu var.

Bəlkə elə xalq artistləri var ki, (bəlkə yox, gerçəkdən də var) sonuncu dəfə əsgərlər qarşısında, yaxud hansısa dövlət tədbirində nə vaxt çıxış etdiyi özünün də yadından çıxıb. Ona görə yox ki həmin xalq artistləri o konsertlərdə oxumaq istəmirlər, ona görə ki bu adamlara həmin məclislərdə, tədbirlərdə tələbat yoxdur. Amma Haşımova təmənnasız konsertlərin əksəriyyətində ilk sıradadır.

Əgər fəxri adı səsə, sənətə xidmətə verilirsə, Haşımova ən azı 10-15 il əvvəl bunu haqq edir. Hətta o bundan sonra ümumiyyətlə oxumasa, təkcə pedaqoji fəaliyyətinə və yetirdiyi ifaçılara görə xalq artisti olmalıdır.

Hər dəfə bu tip yazılardan sonra kimlərəsə bəzi şeyləri xatırlatmağa ehtiyac olur. Məsələn, düşünülür ki, yazılar sifarişlidir və sair. Amma belə düşünənlərdən fərqli olaraq vicdanıma və dürüstlüyümə arxayınam.

P.S. Aybəniz Haşımovanı şəxsən tanımıram, cəmi iki dəfə telefonda açıqlama almışam. Bu qədər...






Fikirlər