İrəvan Teatrındakı rəzalətin arxa bağçası - İTTİHAM VAR

İrəvan Teatrındakı rəzalətin arxa bağçası - İTTİHAM VAR

Bizim 20 iyul 2017-ci il tarixdə ölkə KİV-lərində getmiş “137 illik İrəvan Teatrının “Piriyev” problemi” adlı yazımıza 24 iyul 2017-ci il tarixdə “İrəvan Teatrı tənqidi yazıya reaksiya verdi” başlıqlı yazı ilə “cavab” verilib. 25 iyul 2017-ci il tarixdə isə, “İrəvan Azərbaycan teatrının yaradıclıq panoramı” adlı hesabatdolu yazı ilə KİV-də açıqlama yayılıb. Bu iki cəhdin heç birində bizim yazımızda qeyd olunan problemlər təkzib olunmayıb. 

Dolayı yolla 137 illik yaşı olan bu qocaman teatr məbədinin indiki acınacaqlı durumu “ort-basdır” edilib. Bu iki cəhdin heç birində qeyd olunmadı ki, mövcud problemlər çözümünü tapacaq. Bu iki cəhddə yazımızı hətta “dezinformasiya” bataqlığına sürükləmək cəhdləri də özünü göstərdi. Qocaman teatrda peşəkar aktyorlarla bağlı sorunları qabartmamışıq. Demişik ki, direktor İftixar Piriyev uğursuz aktyor olduğu üçün, 17 ildir bu teatrı dram dərnəyi səviyyəsinə endirməkdədir.
Bizim 20 iyul 2017-ci il tarixdə ölkə KİV-lərində getmiş “137 illik İrəvan Teatrının “Piriyev” problemi” adlı yazımıza 24 iyul 2017-ci il tarixdə “İrəvan Teatrı tənqidi yazıya reaksiya verdi” başlıqlı yazı ilə “cavab” verilib. 25 iyul 2017-ci il tarixdə isə, “İrəvan Azərbaycan teatrının yaradıclıq panoramı” adlı hesabatdolu yazı ilə KİV-də açıqlama yayılıb. Bu iki cəhdin heç birində bizim yazımızda qeyd olunan problemlər təkzib olunmayıb. Dolayı yolla 137 illik yaşı olan bu qocaman teatr məbədinin indiki acınacaqlı durumu “ort-basdır” edilib. Bu iki cəhdin heç birində qeyd olunmadı ki, mövcud problemlər çözümünü tapacaq. Bu iki cəhddə yazımızı hətta “dezinformasiya” bataqlığına sürükləmək cəhdləri də özünü göstərdi. Qocaman teatrda peşəkar aktyorlarla bağlı sorunları qabartmamışıq. Demişik ki, direktor İftixar Piriyev uğursuz aktyor olduğu üçün, 17 ildir bu teatrı dram dərnəyi səviyyəsinə endirməkdədir. 
Kombinasiyalı təkzibin ironiyası 
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollketivi adından bizim yazımıza etiraz olaraq, imza atmış 18 əməkdaşlar fikrimizcə “137 illik İrəvan Teatrının “Piriyev” problemi” yazımızı oxumamışdır. Oxusaydılar, orada hər hansı qərəzin olmadığını da görərdilər. Elə həmin müraciətdə “Mürafiə vəkilləri” (M.F.Axundzadə), “Zorən təbib” (J.B.Molyer), “Xor-xor” (S.M.Qənizadə), “Stullar” (E.İonesko), “Vətəndən ağırdır vətən yükü” (Hidayət), “Min möhtəşəm günəş” (Xalid Hüseyn) kimi uğurlu tamaşaları örnək göstərərək, yazımızı təkzib etməyə çalışılıb. O zaman bu teatrın kollektivi adından bizi təkzib etməyə çalışan 18 müəllif direktor İftixar Piriyevin səyləri nəticəsində işdən azad edilmiş baş rejissor və əməkdar incəsənət xadimi Oruc Qurbanovun hüquqlarının pozulmasına niyə göz yumub? Axı müraciətdə qeyd olunan bu uğurlu tamaşalara rejissor kimi Oruc Qurbanov quruluş verib. Onu da bildririk ki, heç zaman teatrlarla ilgili qalmaqallar yaratmamışıq. Bir sənətşünas kimi qaldırdığımız və gündəmə gətirdiyimiz problemləri ictimailəşdirməklə, onların həllinə nail olmuşuq. Kim buna inanmırsa, zəhmət çəkib “google” aramasına daxil olub yazdıqlarımızı bir daha oxusun. Biz demişik ki, İftixar Piriyev “uğursuz aktyor”dur. Akademik Milli Dövlət Dram Teatrından üzü bu yana heç bir teatrda və çəkildyi filmlərdə uğur qazanmayıb. Biz demişik ki, bu gün ölkədə 5-6 nəfər peşəkar rejissor varsa, onlardan biri də Oruc Qurbanovdur. Bu qocaman teatrın baş rejissoru vəzifəsindən niyə uzaqlaşdırılıb? Biz demişik ki, İftixar Piriyev direktor kimi yaradıcılıq işlərinə qanunsuz olaraq müdaxilə edir və “konyuktura ədəbiyyatı”na yol açır. Biz demişik ki, teatrı təhdid metodu ilə idarə etmək doğru deyil. Biz demişik ki, teatrda əməkdaşların maaşları bu günün standartlarına uyğun deyil. Müraciətə imza atanlar heç bunun fərqinə vardılarmı? Təkzib müraciətində bircə məqam doğrudur. Müəllif kimi bununla razılaşırıq. O da teatrın kollektivinin gerçəkdən də CƏFAKEŞ olmasıdır. Onlar az maaşla sənətə olan sevgilərini qorumaq üçün əzablara dözürlər. Onlar yarıtmaz teatr siyasətini aparan bürokratların əməllərinə dözürlər. İrəvan Teatrında bu gün aktyorların gündəlik qazancı 4-8 manat arasındadır. Adi bir fəhlənin gündəlik qazancı isə azından 30 manat civarındadır. Niyə həyatını Azərbaycan mədəniyyətinin qorunması və inkişafı yönündə sərf etmiş insanlar bunca az maaşla dilənçi gününə salınmalıdırlar? 
Şair, dramaturq və alim İftixar Piriyev... 
Dramaturji və bədii cəhətdən zəif olan “Qurtuluş dastanı”, “Dan yeri söküləndə”, “Körpü”, “Məngənə və ya Kor Aşığın işığı”, “Eşqin tikan dərəsi”, “Qarışqalar yuvasını dəyişmir”, “Arı yuvası”, “Nurlu ömrün anları”, “Azərbaycan bayrağı”, “Qalx ayağa, Azərbaycan”, “Soyqırımı tarixinin dastanı”, “Böyük Turanın himni” tipli patetik dram əsərlərini məhz İftixar Priyev yazıb. Bu əsərlərin heç biri çağdaş Azərbaycan dramaturgiyasının və teatrının uğuru sayılmadı. Çünki həmin əsərlər daha çox panteizmin patetikasının bir parçasıdır. XXI yüzilin ədəbi estetik baxışları daha çox semantik düşüncə sisteminin fəlsəfəsi ilə uzlaşır. Buna analitik fəlsəfə də deyilir. XXI yüzilin ədəbi baxışlarının nəbzini tutmaq üçün Qotlob Frege, Corc Mur, Bertan Rassel, Lüdviq Vitqenşteyn kimi dahilərin yaratdığı kontinental fəlsəfə və estetik uyarlığın dramaturgiyasının sistemini bilmək tələb olunur. 
Beləliklə, XXI yüzilin standartları çərçivəsində fenomenalogiya, ekzistensializm, germenevtika, strukturalizm, poststrukturalizm, ipostmodernizm, dekonstruktralizm, tənqidi nəzəriyyə, psixoanalizm kimi analitik təfəkkür stanadrtları Fridrix Nitsşenin və Sören Kerköqorun da qeyd etdikləri kimi, sənətin enerjisinin gücünün əbədi olmasının bütün xarakterik özəllikləri üzə çıxarılmalıdır. Biz İftixar Priyevin şair kimi yazdığı iki cildlik şeirlər kitabını, poemalarını, esselərini, miniatürlərini, hekayələrini, publisistik, portret yazılarını və elmi məqalələrini incələmək fikrindən uzağıq. Ona görə ki, həmin əsərlər onun şəxsi ədəbi aləminin parçasıdır. Ölkədə “maklatura ədəbiyyatı”nın cövlan etdiyi dönəmdə bütün bunlara göz yummaq da olar. Konkret teatr məsələsinə gəldikdə isə, burada hər hansı “şəxsi məsələ” arxa planda qala bilməz. Doksorqrafik fəlsəfənin arxaik düşüncə düzənində teatr siyasətini aparmaq tamamilə yanlışdır. Bu barədə ünlü teatr, kültür və fəlsəfə düzənində araşdırmalar aparmış Frensis Bekon, Rene Dekart, Corc Berkli, Martin Haydergger, Devid Yum, Con Lokk və digərləri haqlı olaraq qeyd edirlər ki, indvidual sənətin estetik və poetik düzəni zamanın ritmi ilə uyumlu biçimdə sosiallaşmanın sinergetik forması olmaqla yanaşı, semantik və semiotik formasında yer alan yaşamı ortaya qoymalıdır. 
Fədakar teatrın qastrollar katorqası 
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının acınacaqlı taleyinə son qoyulması üçün ilk dəfə olaraq mərhum Həsənağa Turabovun dəstəyi ilə 1988-ci ildə himayə göstərərək ölkənin ana teatrının binasında yer ayrıldı. Sonradan İrəvan Teatrı Xırdalan Mədəniyyət Evində və Hüseynqulu Sarabski adına Mədəniyyət Evində fəaliyyət göstərdi. 1994-cü ildə mərhum prezident Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yenidən bu teatra dövlət status verildi. 2007-ci ildə İrəvan Teatrının 125 illik yubileyi münasibətilə ölkə prezidenti İlham Əliyevin qərarı əsasında Binəqədi rayonunda yerləşən indiki daimi binası ilə təmin edilib. Bu qocaman teatrın ümid işığı isə, 2009-cu ildə sönüb. Elə o vaxtdan teatrın binası qəzalı durumdadır. 
Beləliklə, teatr tamaşalarını qastrollar hesabına yaşatmağa məcbur oldu. Mövcud qanunvericlikdə qeyd olunduğu kimi, hər bir teatrın 35 km ərazidən uzaqda tamaşa oynaması qastrol səfəri kimi qyediyyata alınır və buna görə teatr kollektivinin günlük ezamiyyə xərcləri 45 manat civarında hesablanır. İrəvan Teatrının kollektivi isə, sonuncu dəfə ezamiyyə xərcini 9 manat həcmində alıb. Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixdə imzaladığı 4 saylı ezamiyyə xərclərinin normaları haqqındakı qərarında Türkiyə Cümhuriyyətinə ezamiyyət üçün bir günlük xərc adambaşına 150 dollardır. İrəvan Teatrı İftixar Piriyevin direktor olduğu dönəmdə 3 dəfə Türkiyədə qastrol səfərində olub. Ancaq teatrda çalışanlardan kimsə deyə bilməz ki, bu qastrol səfərlərində gündəlik 150 dollar ezamiyyə pulunu alıb. Bu qocaman teatrın kollektivi sanki təkərlər üzərində katorqa həyatını yaşamağa məcbur edilib. Az tutumlu avtobusda bir yandan aktyorlar, o biri yandan oynanılacaq tamaşaların əlbisələri, dekorasiyaları olmaqla bu teatrın kollektivi uzun yollar qət edərək tamaşalar oynayır və sonucda isə bir qarın çörəklə təmin olunurlar. Axı bu kollektivdə çalışanların hər biri ailə başçısıdır. Bəs onlar ailələrinə hansı qazancı aparcaqlar? Bu sual direktor kimi İftixar Piriyevin vecinə də deyil. Faktiki olaraq teatrın kollektivi istər ölkədaxili, istərsə də xarici qastrol sərəflərində aclıq səfalətini yaşamaq zorunda qalıb. 
O zaman sual olunur: bütün bunlarda suçlu kimdir? Biz də bu ünvanın adını göstəririk: direktor İftixar Piriyev. Biz dram dərnəyi dedikdə, onu xatırladırıq ki, direktor İftixar Piriyevin uğursuz siyasətinin sonucu kimi teatrdan uzaqlaşdırılan peşəkar aktyorların əvəzinə, gimnaziya müəllimləri və peşəkar teatr təcrübəsi olmayan Ruhiyyə Eyvazova və Sevinc Hüseynovanın aktyor kimi işə götürülməsi nə deməkdir? Onlara aparıcı rolların verilməsi də anlaşılan deyil. 
Təkzib vermək deyil, problemləri çözmək gərəkdir
“137 illik İrəvan Teatrının “Piriyev” problemi” adlı yazımızdan öncə bu teatrın inkişafında xeyli əməyi olmuş sabiq baş rejissor və əməkdar incəsənət xadimi Orcu Qurbanovun “Sizinxeber.som” saytında “Sabiq baş rejissorun teatrın direktoruna cavabı” adlı yazısı gedib. Daha öncələr isə “Azpress.az” saytında “Taktikadan İrəvan Dövlət Dram Teatrının direktoru İftixar Piriyev istifadə etməyi sevir” (tarix: 15 aprel 2009-cu il) dərin məzmunlu yazılar yayınlanıb. İftixar Piriyev və teatrın yaradıcı heyəti bircə dəfə də olsun, bu yazılara cavab verməyiblər. “Susmaq altundur” deyə “susub”lar. Bu gün Azərbaycan teatrlarında yeni “xəstəlik” peyda olub. İstedadsız aktyorların direktor görəvini mənimsəməklə yanaşı, “Bədii rəhbər” statusunu ələ keçirmək siyasəti tüğyan edir. Bu oyunun bircə anlamı var: teatrın inzibati və gəlir sahəsinə, həm də birbaşa yaradıcılıq atmosferinə nəzarəti ələ keçirmək. 
Beləliklə, teatr və mədəniyyət sahəsində “feodalizm”in tüğyan etməsini leqallaşdırmaq istəyi üçün oyunlar oynanılır. Ölkə prezidentinin 29 dekabr 2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında” № 222-IIIQ qanunun və 18 may 2009-cu ildə imzaladığı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqram sərəncamında da qeyd olunduğu kimi, teatrlarda direktorun funksiyası prodüser olmaqdan ibarətdir. Mövcud qanunun I fəslinin 1.0.6 maddəsində də qeyd olunduğu kimi, “prodüser-teatr tamaşasının hazırlanmasını və nümayişini təşkil edən, maliyyələşdirən hüquqi və ya fiziki şəxs”dir. Bu qanunu direktor kimi İftixar Priyev nəinki pozmaqla, hətta mövcud əmək qanunvericliyinə arxa çevirərək teatrın işçilərinə yeni teatr mövsümünə görə ərizələr yazdırıb. Halbuki əmək qanunvericiliyində qeyd olunur ki, dövlət müəssisəsində müddətsiz olaraq üç il çalışan vətəndaş həmin müəssisədə rəsmi şəkildə ştata götürülür. İrəvan Dövlət Dram Teatrının əməkdaşlarına qarşı hərbə-zorba gəlməklə direktor İftixar Piriyev dövlət qulluğundan sui-istifadə etməklə, bu müəssisəni öz şəxsi əmlakı hesab edir. Ötən yazımızda qeyd etdiyimiz kimi, onun bu uğursuz siyasətinin sonucunda peşəkar aktyorlar və rejissorlar zamanla teatrı tərk etməyə məcbur olmazdılar. 2009-cu ildən bu yana teatrın binası hələ də qəzalı durumda qalmazdı. Qastrollara gedən teatrın kollektivi normal ezamiyyə xərclərini ala bilərdilər. İftixar Piriyevin yazdığı və bədii tutumu zəif olan pyesləri, özəlliklə Heydər Əliyevin obrazını oynamaqla bu qocaman teatrı bu həddə çatdırmazdı. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, zəif repertuar siyasətinin bunca davam etməsi də olmazdı. Əgər İftixar Piriyev lider obrazı oynamaqla ad-san qazanmaq istəyirsə, unutmasın ki, keçmiş Sovetlər Birliyinin rejimi 26 ildir çöküb. Hətta keçmiş totalitar rejimdə belə, ölkə lideri rolunu oynamaq hər aktyora həvalə edilmirdi. Bizi ilgiləndirən odur ki, İftixar Piriyevin mərhum prezident Heydər Əliyev haqqında yazdığı pyesləri və oynadığı Heydər Əliyev rollarını hakim Yeni Azərbaycan Partiyası və şəxsən Prezident Administrasiyasının rəhbərliyi oxuyublarmı və o tamaşaları seyr ediblərmi? 
Şəxsən bizim yazılarımıza nə qədər istəyirlər, o qədər də cavabların yazılmasını hamıdan çox alqışlayırıq. Tək bir səbəblə. Göstərilən problemləri çözməyə cəhdlər edilsin. Biz bu ölkədə hamıdan çox hüquqları tapdanan aktyorları, rejissorları və dramaturqları müdafiə edirik. Başqa bir görəvimiz yox. Bizim kimsə ilə nə mətbu səhifələrdə, nə də şəxsi anlamda intriqamız yoxdur. Bir ölkənin işğal edilmiş ərazilərini və dağılmış iqtisadiyyatını bərpa etmək istənilən zaman mümkündür. Məhv edilmiş mədəniyyəti və mənəviyyatı isə bərpa etmək qeyri-mümküdür. Bizim hədəfimiz də mədəniyyəti, özəlliklə də teatrı qorumaqdır. 
Ənvər BÖRÜSOY, 
sənətşünas \\tezadlar.az\\
İrəvan Teatrındakı rəzalətin arxa bağçası - İTTİHAM VAR






Fikirlər