Tərcümə Mərkəzində qalmaqal - Tanınmış tərcüməçi etiraza qalxdı (Yenilənib)

Tərcümə Mərkəzində qalmaqal - Tanınmış tərcüməçi etiraza qalxdı (Yenilənib)Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin keçirdiyi müsabiqə qalmaqala səbəb olub. 20 roman tərcüməçisi Nadir Qocabəyli birinci turdan müsabiqədən kənarlaşdırılıb.

Bununla bağlı tərcüməçi-yazar Nadir Qocabəyli AzNews.az-a açıqlamasında bildirib ki, onun həmin müsabiqədə əvvəlcə iştirak etmək fikri olmayıb: “Bu müsabiqə elan ediləndə onun şərtləri haqda iradlarımı Facebook səhifəmdə yazmışdım. Mən 20-dən artıq roman tərcümə edən tanınmış tərcüməçiyəm. Tərcümələrimin böyük əksəriyyəti çap olunub. Tutaq ki, həmin müsabiqəyə hansısa tələbə bir hekayə tərcümə edib verəcək və nəticədə birinci yerə layiq görüləcək. Bu və başqa səbəblərdən müsabiqədə iştirak etmək fikrim yox idi. Ancaq Tərcümə Mərkəzindən mənə bildirdilər ki, tərcümə olunmuş romandan bir parça təqdim etməklə də müsabiqəyə qatılmaq olar. Mən Qabriel Qarsiya Markesin "Yüz illik yalqızlıq" romanının tərcüməsini bir müddət əvvəl onların istəyinə uyğun olaraq Tərcümə Mərkəzinə təqdim etmişdim. Müsabiqənin vaxtının bitməsinə 10-12 gün qalmış TM-in mətbuat xidmətinin rəhbəri Fərid Hüseyn mənə zəng vurub dedi ki, Tərcümə Mərkəzinin təşkil etdiyi panellərdə mənim də iştirak etməyimi istəyirlər. Bununçün “Fəlsəfi mətnlərin tərcüməsi” mövzusunda bir məruzə hazırlamağım xahiş olunur. Fəriddən soruşdum ki, mənim tərcüməm nə yerdədir? Cavab verdi ki, redaktə edirlər.

Tərcümə Mərkəzində qalmaqal - Tanınmış tərcüməçi etiraza qalxdı (Yenilənib)Doğrusu, Fərid bəyin tərbiyəli, mədəni davranışı, Tərcümə Mərkəzinin mənə göstərdiyi “hörmət-izzətdən” sonra düşündüm ki, müsabiqədə iştirak etməmək yaxşı düşməz. Ona görə də, Fərid Hüseynə zəng vurub soruşdum ki, Q. Q. Markesin “Yüz illik yalqızlıq” romanının bir hissəsini (müsabiqəyə yalnız 20 min işarəyədək olan əsərlər, ya da əsrlərdən parçalar qəbul olunurdu) təqdim etməklə müsabiqədə iştirak etmək olarmı? Dedi ki, olar. Mən də, bir hissəni yenidən redaktə edib göndərdim. Ondan sonra bir məruzə də hazırlayıb Fərid Hüseynə yolladım. Düşündüm ki, onlar mənim həmin müsabiqədə iştirak etməyimi istəyirlər. Müsabiqənin şərtlərinə uyğun olaraq onlara gördüyüm işlərin siyahısını da təqdim etdim".


N.Qocabəyli deyir ki, o, Azərbaycanda ən yaxşı tərcümə nümunələrinin müəllifi kimi tanınır: “Mənə ən çox toxunan odur ki, yəni mən bu ölkədə 20 tərcüməçidən biri deyiləm? Tərcümə etdiyim kitablar ölkədə ən yaxşı tərcümə nümunələri hesab olunur. Bunu oxucular deyir. Mən “Qanun” nəşriyyatı ilə işləyirəm. Nəşriyyatda hamı mənim ən yaxşı iki tərcüməçidən biri olduğumu söyləyir. Məndən daha zəif, ortabab tərcüməçilərin adı siyahıda var, amma mən yoxam. Bu müsabiqə necə aparılıb? Onu hansı münsiflər oxuyub və qiymətləndirib? Necə ola bilər ki, Tərcümə Mərkəzi çapına razılıq verdiyi romanı 20-liyə layiq görmür. Bu paradoksdur. Bu, absurd şeydir. Necə ola bilər ki, məni 20 tərcüməçidən biri hesab etmədikləri halda, “Fəlsəfi mətnlərin tərcüməsi problemi” kimi ağır bir mövzuda məndən məruzə hazırlamağımı xahiş edirlər? Burada məntiq yoxdur axı! Mən bunu özümə təhqir sayıram. Ona görə də, onların tədbirində iştirakdan da imtina etdim”.
(12:39)
***
Tərcümə Mərkəzində qalmaqal - Tanınmış tərcüməçi etiraza qalxdı (Yenilənib)
Tərcümə Mərkəzindən isə N. Qocabəylinin ittihamlarını əsassız hesab edirlər. Qurumun Mətbuat və Nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn AzNews.az-a deyib ki, tərcüməçinin iyirmiliyə düşməməsi yalnız onun az bal toplaması ilə bağlı olub: “Tərçüməçi Nadir Qocabəylinin tərcümə etdiyi roman müsabiqədə az bal toplayıb”. O bildirib ki, Tərcümə Mərkəzi olaraq kimisə önə, yaxud da geriyə çəkmək kimi fikirlər mümkünsüzdür: “Bizim ekspertlərimiz və dil mütəxəssislərimiz var. Onların adlarını açıqlaya bilmərik . Kim çox bal toplayırsa, iyirmiliyə düşür. Yerdə qalanlar isə növbəti mərhələyə keçmir. Ekspertlər Nadir Qocabəylinin göndərdiyi tərcümə əsərinə az bal yazıb. Yəni, o, tələb olunan balı ala bilməyib. Ancaq onun balı heç də çox aşağı olmayıb. Bir və iki bal əskiyi ilə növbəti mərhələyə keçməyib. Onda bu dəfə alınmayıb, yəqin növbəti dəfə alınar, çünki bu, müsabiqə hər iki ildən bir keçirilir. Nadir bəy Afaq xanımın adını çəkir, facebookda iradlarını bildirir, ancaq deyim ki, Afaq xanım əsərləri qiymətləndirən ekspertlər arasında deyil. Müsabiqəyə bir-birindən maraqlı əsərlər göndərilib. Ekspertlərə əsərlər imzasız təqdim olunub, yəni kimi kimin əsərini oxuduğunu bilmir. Müsabiqəyə qatılan bütün tərcüməçilərə uğurlar arzu edirəm”
.



Bahar RÜSTƏMLİ
AzNews.az






Fikirlər