“TV-yə BAXANDA İNFARKT, ya İFLİC OLA BİLƏRSƏN” - VÜQAR ƏHMƏD

Dünya TV-də aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan “Bu bizik” proqramının növbəti bölümü efirə gedib.

Teleqraf.com xəbər verir ki, verilişin budəfəki qonağı ədəbiyyatşünas alim, şair, filologiya elmləri doktoru, professor Vüqar Əhməd və onun qızı, məlahətli səsi ilə çoxlarının qəlbinə yol tapan Almaxanım Əhmədli olub.

Şair Vüqar Əhməd uşaqlığından danışıb:

“Ata tərəfdən soy-kökümüz Bakının Pirşağı kəndindəndir. Bakı camaatı həmişə təvazökar olub. Bakıdan o qədər dahilər çıxıb. Amma biz utanmışıq deməyə ki, filankəs bizim bakılımızdır".

Bakı kəndində olan adət-ənənədən danışan şair həyətlərində çəpər çəkmədiklərini də bildirib:

“Çəpərimiz də yox idi. Bakı kəndlərində daş hasar o vaxt ayıb sayılardı”.

Müasir musiqilərdən danışan şair televiziya efir məkanını da tənqid edib.

“Televiziya efirlərinə baxanda infarkt, iflic ola bilərsən. Kanallarımızda səsləndirilən musiqilər ömrü qısaldır”.

İlin alimi seçilməsindən danışan Vüqar Əhməd təvazökarlığından qalmayıb:

“Alim bir az böyük addır. Lütfizadə idi alim. Baxmayaraq ki, 37 kitabım çıxıb, 300 dən çox elmi əsərim var, mən özümə alim deməyə heç vaxt ürək eləmirəm”.

“Elə məmurlar var ki, sənətə xəyanət eləyir”, - deyən şair, elə adamların onları ruhdan saldığını da vurğulayıb.

Şairin qızı Almaxanım Əhmədli oxuduğu ifalardan danışarkən iki dəfə müsabiqədə qalib gəlməsinin atasına ən böyük hədiyyə olduğunu bildirib.

Qeyd edək ki, verilişdə ifa edərkən Almaxanım Əhmədlini tarda Rüstəm Müslümov, kamançada Oqtay Şərifov müşayət edib.

 “Bu bizik” proqramının informasiya dəstəkçisidir.






Fikirlər