Mehriban Əliyeva konsertdə iştirak edib
Azertaym.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konsertdə olub.
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən konsertdə XX əsrin 80-ci illərində San-Remo şəhərində keçirilən İtaliya mahnıları festivalının milyonların qəlbini fəth etmiş əfsanəvi ulduzları - Al Bano, Toto Kutunyo, Pupo, Rikkardo Foli, Toni Espozito, Umberto Totsi, Mariya Fiordalizo, İvan Spaqn, eləcə də məşhur “Rikki e Poveri”, “Matia Bazar” qrupları unudulmaz mahnılarını ifa ediblər.
Konsertin aparıcıları İtaliyanın dünya şöhrətli aktrisası Ornella Muti və Tural Əsədov idi.
Bakıda yenidən olmağından məmnunluğunu bildirən Ornella Muti şəhərimizin daha da gözəlləşdiyini bildirmişdir. O, San-Remo festivalı ulduzlarının bu konsertinin paytaxt Bakının mədəni həyatında mühüm hadisə olduğunu vurğulayıb.
İtaliyalı müğənnilər gözəl Bakı şəhərində belə möhtəşəm konsert verməkdən şad olduqlarını bildirmiş, Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirdiklərini qeyd edib.
Əfsanəvi Toto Kutunyonun xalq mahnısı “Sarı gəlin”i Azərbaycan dilində ifa etməsi tamaşaçıların sürəkli alqışlarına səbəb olub.