“Hərbdə, müdafiə məsələlərində nöqsanlara göz yummaq düz deyil...”

“Hərbdə, müdafiə məsələlərində nöqsanlara göz yummaq düz deyil...” 

Ziya Bünyadov: “Əsgər payına göz dikmək əclaflıqdır...”

Bu günlərdə 1997-ci ildə müəmmalı şəkildə qətlə yetirilmiş məşhur tarixçi akademik, həm II Dünya müharibəsinin, həm də Azərbaycanın ermənizmə qarşı elmi-tarixi savaşının qəhrəmanı Ziya Bünyadovun doğum günü qeyd edildi...
 
Maraqlıdır ki, mərhum akademikin doğum tarixini müxtəlif mənbələr müxtəlif cür göstərib.  İllərlə “Vikipediya”da alışdığımız məlumata görə, Ziya Bünyadov 1921-ci il dekabrın 24-də doğulub. Və bu məntiqlə bu gün onun 100 illiyi qeyd olunmaləydı... Lakin son günlər bir neçə mənbədə akademikin doğum tarixi 21 dekabr 1923-cü il kimi göstərilib.  Araşdırmamızdan məlum oldu ki, Ziya Bünyadovun adına açılmış ziyabunyadov.com saytında da onun doğum tarixi məhz bu cür qeyd edilib...
 
Bütün hallarda rəhmətlik akademikin xatirəsi bizim üçün əzizdir və belə görkəmli və milli qeyrətli şəxsiyyətlərimizi nəinki doğum və xatirə günlərində hər gün anmaq gərəkdir...
Moderator.az əməkdaşı mərhum Ziya Bünyadov haqqında material hazırlayarkən bu yaxınlarda dünyasını dəyişmiş digər görkəmli ictimai xadim, sabiq deputat Maksim Musayevin “Parlamentlər və sədarət”(2019) adlı kitabında rəhmətlik tarixçi akademikin xarakterik cizgilərinin açıqlandığı qısa, lakin maraqlı bir epizoda rast gəlib. Həmin xatirəni olduğu kimi nəzərinizə çatdırırıq:
 
"...Bir dəfə(təxminən 1996-cı ilin sonuncu aylarından biri idi) Milli Məclisin iclası başlayan anda rəhmətlik  Ziya Bünyadov parlament sədrindən söz istəyib tribunadan çıxışını oxumağa başladı. Birinci səhifəni oxuyarkən məlum oldu ki, Ziya müəllimin fikirləri-tənqidləri hərbi məsələlərə, Müdafiə Nazirliyinə və həmin sahədəki mövcud nöqsanlara aiddir. Dərhal ayağa qalxıb sədrin icazəsi olmadan replika vasitəsilə təklif etdim ki, Ziya Bünyadovun çıxışı dayandırılsın, KİV əməkdaşları zaldan çıxarılsın və yalnız bundan sonra Ziya müəllimin çıxışı dinlənilsin. Və yaxud da hərbi sirlərimizin açıqlanmamasına görə qapalı iclas da keçirmək olar.  Təklifimə spiker Rəsul Quliyev əhəmiyyət vermədi  və işarə verdi ki, çıxış davam etdirilsin.  Lakin Ziya Bünyadov bir mənə, bir də Rəsul Quliyevə baxıb kağızlarını yığışdıraraq aşağı düşdü və dedi: “Rəsul, on prav”. Yəni, o, düz deyir.  Əlbəttə, sonra məsələ müzakirə olundu və bəzi nöqsanlar dar çərçivədə həll edildi...
Bir neçə həftədən sonra  Ziya Bünyadov mənə dedi: “İstəyirdim, sənə cavab qaytarım ki, hansı hünərlə sözümü deməyə imkan vermirsən, axı sədr mənə söz verib. Yaxşı ki, demədim... Bilirsən də, emosionalam, çıxışımla da bəzilərini “şil-küt” edəcəkdim, yaxşı ki, özümü saxlaya bildim... Dəhlizə çıxanda müxbirlər suallarını yağdırmaq istəsələr də, birtəhər susdum... Axı hərbdə, müdafiə məsələlərində nöqsanlara göz yummaq düz deyil... Əsgər payına göz dikmək əclaflıqdır...” 
 
Rəhmətlik Ziya müəllimin o fikirləri bu günə kimi qulağımda səslənir. Allah ona rəhmət eləsin!..”
 
Allah hər iki Azərbaycan ziyalısına rəhmət eləsin!..
 

 

Təqdim etdi: Sultan Laçın






Fikirlər