“O ermənilərlə əlaqə qurmaq lazımdır” - Deputatdan Ukraynadakı qalmaqala reaksiya
Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor lideri Rövşən Tağıyevlə bağlı qalmaqala millət vəkili Fazil Mustafa da reaksiya verib. BakiPost.az-a açıqlama verən deputat diaspor nümayəndəsinin erməni ilə dostluq etməsinin məqsədə uyğun olmadığını dilə gətirib: "Azərbaycana qarşı konkret addım atmış, Ukrayna parlamentinə qondarma erməni soyqırımının tanınması ilə bağlı layihə təqdim edən və başqa məsələlərdə həyasızcasına erməni yalançı tesizlərini təkrarlayan bu qüvvələrlə yaxın sıx məsafədə iş birliyi içində olmaq məqsədə uyğun deyil. Xaricdə o ermənilərlə əlaqə qurulması mümkündür ki, onlar Azərbaycanla bağlı münasibətdə ən azı Ermənistanın işğalçı siyasətini pisləyən mövqe sərgiləsinlər. Təbii ki, o ermənilərlə mütləq əlaqə qurmaq, onların müəyyən mətbuata çıxışını təmin etmək lazımdır. Müəyyən dərəcədə bu işlərin həm də təbliğat vasitəsi kimi istifadə olunması zəruridir. Amma belə Azərbaycana qarşı konkret addım atmış, xüsusilə soyqırım və başqa məsələlərdə hayasızcasına erməni yalançı tesizləri təkrarlayan bu qüvvələrə qarşı daha fərqli bir siyasət izlənməlidir. Lakin erməni olduğu üçün hamı ilə savaşmaq da olmaz. Ukrayna vətəndaşı olduğu üçün normal münasibət saxlamaq olar. Yaxın iş birliyi isə yolverilməzdir”. Deputatın sözlərinə görə, Aşot Avanesyanın Ukrayna parlamentində qondarma erməni soyqırımının tanınması ilə bağlı layihə təqdim etməsi onun Azərbaycana qarşı olan münasibətinin düşmənçilik olduğunu göstərir: "Deməli o, işğalı dəstəkləyir. Ona görə də erməni işğalını dəstəkləyən adamın bütün hallarda yaxın məsafəsində olmaq heç cür milli təəssübkeşliyə uyğun deyil”. Fazil Mustafa vurğulayıb ki, Rövşən Tağıyevin bu hərəkətinə görə hansısa tədbiri yalnız Ukraynadakı diaspor fəallarının özləri görə bilər: "Diaspor nümayəndəsi Azərbaycandan təyin olunmur. Ukraynada olan insanlar yığışıb bunu müzakirə edə bilərlər. Əgər Rövşən Tağıyevin fəaliyyəti onları qane etmirsə, o zaman müvafiq addımlar atıla bilər. Yerli şəraitə görə Ukraynadakı diaspora fəalları özləri bu məsələni çözməlidir”. Qeyd edək ki, bir neçə gündür, Kiyevdəki Azərbaycan Cəmiyyətinin sədri Rövşən Tağıyevin Ukraynada yaşayan ermənilərlə, xüsusilə də Ukrayna Erməniləri Konqresinin sədri Aşot Avanesyanla dostluq münasibətlərinin olması müzakirə mövzusuna çevrilib. R. Tağıyev məsələ ilə bağlı BakiPost.az-a MÜSAHİBƏsində Aşot Avanesyanın Azərbaycanı öz vətəni hesab etdiyini və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. A. Avanesyan isə bunun əksini göstərən açıqlama yayıb. AzerTaym.az