Sabiq polis rəisi oğurluqların artmasının səbəblərini AÇIQLADI

Mahmud Hacıyev: “Tamah motivini yaradan amillərdən biri də işsizlik, sosial-iqtisadi problemlər, narkomaniyaya qurşanma, içkiyə meyllilikdir”

Daxili işlər orqanları tərəfindən mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin mart ayının 24-də Sulutəpə qəsəbəsində yerləşən mənzillərdən birindən 8 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları və televizor oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş şəxslər - Ramiz Abbasov və Toğrul Abbaslı saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, R.Abbasov və T.Abbaslı gecə saatlarında qeyd edilən mənzildə işıqların yanmadığını görərək oradan oğurluq etmək qərarına gəliblər. Saxlanılan şəxslər qızıl-zinət əşyalarını və televizoru əvvəldən tanıdıqları Nəriman adlı şəxsə dəyər-dəyməzinə satdıqlarını bildiriblər. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq qeyd edilən şəxslərdən qızılları və televizoru oğurluq olduğunu bilə-bilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Nəriman Kərimov da saxlanılaraq istintaqa təqdim olunub. Saxlanılan şəxslərin ətraflarında aparılan sonrakı əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, onlar müxtəlif vaxtlarda Xəzər rayonunun “Albalılıq” yaşayış massivində yerləşən 5 fərdi yaşayış evindən də oğurluq ediblər. Qeyd edilən faktlarla bağlı zəruri istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son aylar oğurluq faktları ilə bağlı xəbərlər səngimir. Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri, sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, oğurluq tamah niyyəti ilə törədilən cinayətdir: “Oğurluğun başlıca motivi tamahdır. Cinayət tərkibini yaradan başlıca amillərdən biri motividir. Oğurluqda motiv tamahdır. Mənzil oğurluqlarında, şəxsi əmlakların oğurluğunda, dövlət əmlaklarının oğurluğunda da motiv tamahdır. Tamah motivi ilə bağlı baş verən cinayətlərin ölkələr üzrə statistikasına baxdıqda motivi yaradan müəyyən əlamətlər toplumu nəzərə çarpır. Son dövrlər törədilən oğurluq cinayətlərini əvvəllər məhkum edilməyən şəxslərin törətdiyi aydınlaşır. Tamah motivini yaradan amillərdən biri də işsizlik, sosial-iqtisadi problemlər, narkomaniyaya qurşanma, sərxoşluğa meyllilikdir. Belə amillər tamah motivi yaradır və bu halda cinayətkar aləmin ünsürləri kənarda qalır, cinayəti bu aləmdən kənar şəxslər törədir, oğurluq edir”.

M.Hacıyev deyir ki, cinayət etmək cinayətkarın xarakteridir. Onun maddi imkanı yaxşı və ya pis olsa da, cinayət törətməyə gedir: “Cinayət faktları gizli və ya aşkar surətdə baş verir. Cinayətin üstünün tez bir zamanda açılması da bu məqamdan çox vaxt asılı olur. Xuliqanlıq, soyğunçuluq aşkar surətdə, oğurluq faktı isə gizli şəraitdə baş verən cinayətdir. Xüsusən mənzil oğurluqları gizli şəraitdə baş verən cinayətdir. Açılması da ona görə çox vaxt aparır, istintaq müddəti uzanır. Aşkar surətdə törədilən cinayətlərin açılma statistikası ilə gizli surətdə törədilən cinayətlərin açılma statistikası arasında fərq həmişə olur. Aşkar surətdə törədilən cinayətlərin üstü daha tez və daha çox açılır. Oğurluq gizli surətdə baş verdiyindən üstünün açılması da bir qədər çətin olur. Oğurluq əvvəlcədən bir və ya bir neçə şəxs tərəfindən planlaşdırılan cinayətdir. Oğurluğa əvvəlcədən hazırlıqlar görülür. Mənzil, oğurluğun baş verəcəyi məkan nəzarətə götürülür. Mənzil sahibi nə vaxt gedir, nə vaxt gəlir, mənzildə neçə nəfər yaşayır, nə vaxt mənzildə heç kim olmur və s. bu kimi məsələlər aydınlaşdırılır. Mənzilə haradan, nə vaxt girmək aydınlaşdırılır. Hazırlığın özündən baş vermiş cinayətin açılma ehtimalı da çox asılıdır. Əgər hazırlıqsız oğurluq olubsa, üstünü açmaq bir qədər asan olur. Oğurluğa uzun zaman hazırlıq görülübsə, hər bir detal nəzərə alınıbsa, belə cinayətin üstünün açılması da çətin olur”.

Mərkəz rəhbəri oğurluq məkanlarının fəsillərə görə dəyişdiyini də söylədi: “Öz təcrübəmdən deyirəm ki, oğurluq cinayətlərinin sayı yay fəslində artır. Bunun əsas səbəbi odur ki, yayda bir çox vətəndaşlar şəhər evlərini qoyub şəhər kənarındakı bağ evlərinə, müxtəlif turistik zonalara istirahətə gedirlər. Evləri boş, nəzarətsiz, sahibsiz qalır. Oğrulara ”nakolka" verənlər olur. Məsələn, məlumat verir ki, 5-ci gün axşam filankəs yığışdı, ailəsi ilə birgə bağına getdi, 2 gün ərzində evə qayıtmaq ehtimalı yoxdur. Oğrular da gəlib işlərini görüb gedirlər. Ona görə də yayda oğurluqlar daha çox şəhərdə baş verir. Qış aylarında isə əksinə, şəhər ətrafındakı bağlardakı villa, evlərdə oğurluq daha çox olur. Çünki müəyyən mənada sahibsizlik olur, oğrular da gəlib işlərini görüb gedirlər".

M.Hacıyev deyir ki, oğurluq hallarından sığortalanmaq üçün kameralardan, siqnalizasiya sistemindən, mühafizə polisinin xidmətindən istifadə etmək olar: “Belə sistemlər olan yerdə oğrular həmin ərazilərə çox girişmirlər. Yeni tikililərin əksəriyyətində mərkəzi kamera nəzarət sistemi var. Giriş-çıxış, qaraj 24 saat mühafizə olunur. Belə ünvanlarda oğurluq demək olar ki, baş vermir. Təəssüf ki, insanların maddi durumu çox vaxt bu xərclərə imkan vermir”.

 






Fikirlər