Professordan Önəmli MƏSLƏHƏTLƏR

Sızanaqlardan və digər dəri xəstəliklərindən necə qurtulaq? - Professordan ÖNƏMLİ MƏSLƏHƏTLƏR

Son vaxtlar dəri xəstəlikləri ilə bağlı şikayətlər armaqdadır. Bu artımın səbəbi kimi isə ekoloji mühit, şəxsi gigiyena qaydalarının gözlənilməməsi, keyfiyyətsiz kosmetoloji vasitələr, əsəb, mədə-bağırsaq xəstəlikləri və s. göstərilir.

Bəs nə etməliyik ki, müalicəsi aylarla, hətta illərlə çəkə bilən bu xəstəliklərdən qoruna bilək? Şəxsi gigiyenamızda nələrə diqqət etməliyik? Müalicə prosesi necə aparılmalıdır?

Publika.az olaraq bizi narahat edən bu tipli suallara Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, Azərbaycan Tibb Universitetinin dermatovenerologiya kafedrasının müdiri, tibb üzrə elmlər doktoru, professor Zülfüqar Fərəcovla cavab tapmağa çalışdıq.

- Əvvəlcə istərdim dəridə yaranan müxtəlif ölçülü sızanaqlar barədə danışaq. Bunlar hansı səbəbdən yaranır?

- Bilirsiz, hər bir şəxs ayrı bir individumdur. Onlara individual yanaşmaq lazımdır. Baxın, məsələn, yetkinlik dövründə insan orqznimində keçid mərhələsi yaşanır. Həmin dövrdə endakrinoloji dəyişikliklər baş verir. Bu dəyişikliklərin fonunda isə sebariya vəzilərinin hiperfunksiyası baş verir. Çox vaxt pasiyentlər üz dərisində yağlanma, tərləmə və cürbəcür xırda səpkilərdən şikayət edirlər. Həmin dövrdə insanlar olduqca həssas və kompleksli olurlar. Əsas məqamlardan biri isə bu dövrdə kompleks müayinələrin təyin edilməsidir. Çünki, dəri xəstəlikləri birbaşa sinir sistemi və stresslə əlaqəlidir. Təbii ki, müəyyən müddətdən sonra endokrin vəzilərinin iş funksiyası tarazlaşır və bu problemlər aradan qalxır.

- Bəzən üzdəki sızanaqların yeri çapıqlarla əvəz olunur...

- Çox gözəl məqama toxundunuz. Bunun yeganə səbəbi odur ki, həmin dövrdə insanlar səbirsiz olur. Endokrin vəzlərinin hiperfunksiyası dövründə dərinin ümumi teksturasında da dəyişiklik yaranır. Dəri növündən asılı olaraq (yağlı, normal və s.) üzdə, burun ətrafında, alın və çənə nahiyyəsində xırda-xırda qara nöqtələr əmələ gəlir. Bunlar əslində kiçik piy tıxaclarıdır ki, tibbdə qolidonlar adlandırılır. Onlara toxunmaq, sıxmaq, hər hansı bir başqa üsulla müdaxilə etmək qətiyyən olmaz. Ya da sızanaqlar. Diqqət etsəniz, bunlar adətən dərinin piy vəziləri ilə zəngin olan hissələrində (üzdə, kürəkdə, sinədə) ağ-qara nöqtələr, irinli, qırmızımtıl iltihabı səpkilər formasında təzahür edir. Xüsusilə 25 yaşa qədər olan insanlarda müşahidə edilsə də, 40 yaşdan yuxarı insanlar arasında da bu cür sızanaqlara rast gəlinir. Onların normal müddətdə sorulub çəkilməsi uzun zaman alır. Təəssüf olsun ki, insanlar kompleks yaşadığından sızanaqların sağalmasına fürsət vermədən onları sıxır və təmizləməyə çalışır. Bu zaman isə dərinin müəyyən nazik qatını zədələyirlər. Dəri bir neçə qatdan ibarətdir. Siz dediyiniz yaraların izinin qalması, çapıqlara çevrilməsi məhz bu səbəbdəndir. Sızanaqları və ya qara nöqtələri sıxanda dəriyə yüksək təzyiq göstərirlər və bu dəri toxumalarını zədələyir. Dəri məsamələri açılır və hər hansı toz, bakteriya səbəbindən burada iltihab proseslər başlayır. Onların əsas törədiciləri isə (stafilokoklar) bakteriyalardır. Dəri toxumasının zədələnməsi, dərinin nazik qatının cızılması, əzilməsi üzdə müəyyən deformasiyalara gətirib çıxarır ki, bu da sonrada xoşagəlməz görüntülərə səbəb olur.

- Bəs bu sızanaqların əsas yaranma səbəbləri nələrdir?

- Burada bir çox faktor var. İrsi (genetik) faktor, ekoloji faktor, qida rasionu, mədə-bağırsaq problemləri, hormonlar (androgenlər), bakteriyalar, dəri səthində yağ ifrazının artması, tük follikullarında gedən dəyişikliklər və s. Bilirsiz nə qədər çox dəri xəstəlikləri varsa, o qədər də müxtəlif müalicə üsulları var. Burada birmənalı söz demək qəlizdir. Mən deyərdim ki, dəri daxili orqanların güzgüsüdür. Xüsusilə mədə-bağırsaq sistemində olan dəyişikliklər, uzun müddət qəbizlikdən əziyyət çəkən xəstələr, eləcə də qaraciyərin normadan artıq piylənməsi və disbalans özünü dəri səthində müəyyən dəyişikliklərlə büruzə verir.

- Allergik reaksiyalar dəri xəstəliklərini qıcıqlandıra bilirmi?

- Bəli. Allergiyası olan pasiyentlər ən yüngül dəri xəstəliklərini belə çox ağır keçirirlər. Buna səbəb isə insanların allergiya adlanan xəstəliyi ciddiyə almamasıdır. Xəstələr bəzən müalicədən yayınır, bu zaman isə xəstəlik növbəti mərhələlərə keçir və müalicəsi çətinləşir. Eyni zamanda, allergik renit (burundan su axması, asqırmaq, qaşıntı və s.) tərzdə təzahür edir. Qaşınma ilə müşahidə edilən allergiyalar isə təbii ki, dəri tamlığının pozulmasına və müxtəlif dəri xəstəliklərinin başlamasına səbəb olur.

- Dəri xəstəliklərinin artmasında gözəllik salonlarında gigiyenik normalara riayət edilməməsi də səbəb olur. Bu gün təəssüf ki, insanları cürbəcür xəstəliklərə yoluxduran gözəllik salonlarının, “kosmetoloqların” sayı artıb.

- Düz vurğuladınız. Ümumiyyətlə, kosmetologiya dermatologiyanın bir qoludur. Buna görə də, özünü kosmetoloq adlandıran həkim birinci növbədə dermotoloq olmalıdır. Dəri ilə hansı şəkildə işlənilməsini bilməlidir. Dəri xəstəliklərində konkret fikir demək çətindir. Çünki 3 mindən çox dəri xəstəliyi var. Bunların demək olar ki, yarısından çoxunun mənbəyi bəlli deyil. Bizdə dəri xəstəlikləri arasında ən çox irsi yolla ötürülən - aortaimmun, ekzema xəstəliyi geniş yayılıb. Dediyiniz kimi, ölkədə fəaliyyət göstərən kosmetoloqların çoxu dəri xəstəliklərindən, onların uzunmüddətli müalicəsindən xəbərsiz olduqları üçün yanlış müalicələrlə bir sıra bədxassəli xəstəliklərin, eləcə də dəri xərçənginin yaranmasına şərait yaradırlar. Bizə xəstələr müraciət edir ki, bəs filan kremi istifadə etdim, dərimdə qızartılar yarandı. Soruşuruq ki, bunu sizə kim məsləhət görüb, deyirlər “bir tanışım dedi". Belə olmaz. O tanışı isə təbii ki, tibbdən anlayışı olmayan biridir. Nəticədə mənşəyi məlum olmayan ucuz kosmetik vasitələr, - bura daxildir göz qələmləri, kremlər, ənliklər, dodaq boyaları, müxtəlif kimyəvi tərkibli maskalar və s. - istifadə edərkən dəri ona təmas edən maddəyə reaksiya verir. Buna kontak dermatitlər deyirik. Bəzən istifadə edilən göz qələmləri kirpik kökcüklərinə təmas edərək, infeksiya salır. Artıq yavaş-yavaş iltihabi prosesə çevrildiyi üçün göz ətrafında müəyyən şişkinlik yaranır. İnsanlar o dəqiqə oftalmoloqa müraciət edirlər. Lakin bu da əslində dəri xəstəliklərinə aiddir. Yaxud da dodaq boyaları udulduğu zaman müəyyən piqmentlər orqanizmdə mənfi reaksiyaya səbəb olur. Təbii ki, orqanizm buna cavab verənə qədər müəyyən zaman keçir. Nəticədə isə dodaq ətrafında deformasiyalar müşahidə edilir. Yəni ən birinci insan öz sağlamlığının qeydinə qalmalıdır. Əks təqdirdə həkimlərin edə biləcəyi çox bir şey də olmur.

- Hazırda dəriyə qulluq üçün müxtəlif müalicə vasitələri, lazerlə, lasionlarla təmizlənmələr mövcuddur. Bunların nə kimi ziyanı var?

- Dərinin lazer şüaları ilə təmizlənməsi zamanı dəri üzərində hərəkət etdirilən şüa üst qatı, kosmetoloqların dili ilə desək, ölü hüceyrələri təmizləyir. Yaranacaq vəziyyət prosedurun aparılması qaydasından asılı olaraq dəyişir. Dediyiniz lazer təmizlənmələr zamanı dəri səthində qızartılar yaranır. Ümumiyyətlə, belə prosedurlarda ehtiyatlı olmaqda fayda var. Kiçik bir infeksiya uzun illərlə müalicə olunacaq ağır xəstəliklərə gətirib çıxara bilər.

- İnsanlar bəzən üz dərisinin qabıqlamasından, qurumasından da şikayət edir. Bu fəsillə əlaqəlidir, yoxsa necə?

- Dərinin qabıqlaması, qızartıların yaranması fəsillərlə, ağacların üzərindəki tozcuqların allergik reaksiyası ilə bağlıdır. Bundan başqa, düzgün qidalanmadıqda da dəridə dəyişikliklər baş verir. Təbii ki, bu hər pasiyentə və dərinin teksturasına görə dəyişir. Sebariya haqqında bayaq danışdıq. Bax, sebariya xəstəliyi özünü iki cür göstərir: yağlı və quru. Adından da göründüyü kimi quru sebariya zamanı üz dəri qurumağa başlayır və çatlayır. Bunun müalicəsi üçün öncə endokrinoloji problemləri müəyyən etmək lazımdır. Bəzən bəylər bu kimi problemlərin qarşısını almaq üçün saqqal saxlayırlar. Bu heç də çarə deyil. Əksinə, saqqal saxlamaq ciddi qulluq tələb edir. Düzgün təmizliyə riayət edilmədikdə təraş zamanı dərinin deformasiyaları üzə çıxır.

- Müalicə prosesi nə qədər çəkir?

- Konkret zaman demək olmur. Çünki, burada dəri xəstəliklərinin, xüsusilə sızanaqların müalicəsi aylarla, hətta illərlə çəkə bilir. Buna səbəb isə orqanizmdir. Hər bir orqanizm müalicəyə müxtəlif formada cavab verir. Üstəlik insanların həyat tərzi, ekoloji faktorlar, qida rasionları, pəhriz və s. önəmlidir.

- Xəstələrə nə tövsiyə edərdiz?

- Nəzərə alın ki, pasiyentlər təyin edilən müalicəyə birəbir əməl etmədiyi üçün təbii ki, effekt də dolğun olmur. Bəzən elə xəstə olur ki, biz onu ağır vəziyyətdən çıxarırırq, amma yenə də qane olmadığını deyir. Aqressiv yanaşırlar. Ona görə də, məsləhətim budur ki, həkimə müraciət edəndə zaman faktorunu unutmasınlar. Ümumiyyətlə, insanlar dəriyə qulluq üçün birinci gigiyenik qaydalara riayət etsinlər, daha sonra isə həkim məsləhəti ilə müxtəlif qulluq üsullarından yararlansınlar.






Fikirlər