MÜŞFİQ ƏLƏSGƏRLİ: "Jurnalistlərə qarşı törədilən CİNAYƏTLƏR ÇOX ZAMAN CƏZASIZ QALIR"
"AzerTaym.az" teleqraf.com-a istinadən Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərlinin müsahibəsini təqdim edir: - Bu günlərdə Avropa Jurnalistlər Federasiyasının (AFJ) illik toplantısı keçirildi və Siz də orada iştirak etdiniz. Bu toplantı ənənəvi olaraq keçirilir? AFJ və onun toplantıları barədə qısa bilgi verməyinizi istərdik... - Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) dünyanın 121 ölkəsində strukturu olan təşkilatdır, özündə 600 mindən çox jurnalisti birləşdirir. BJF başqa jurnalist təşkilatlarından fərqli olaraq yerli strukturlarla çalışır. Onlarda fərdi üzvlük yoxdur, jurnalistlər yerli, milli jurnalist təşkilatlarına üzv olurlar və beləcə jurnalistləri əhatə edirlər. Yerli jurnalist təşkilatları isə BJF-nin üzvü olurlar. BJF strukturlaşması və üzvlərinin sayı ilə yanaşı, həm də yaşına və missiyasına görə dünyanın ən böyük təşkilatdır. Media üzrə iki mövzu - medianın etik standartları və jurnalist təhlükəsizliyi mövzuları ilə ən çox məşğul olan təşkilatdır. Media sahəsində ortaya çıxan yeni tendensiya və çağırışları müzakirə edib dəyərləndirmə aparırlar. Neqativ tendensiyaları pisləyirlər, yayılmasına mane olmağa çalışırlar. Müsbət yönlü tendensiyaları isə təqdir edir, onun yayılmasına şərait yaradırlar. Üzvlərinin çoxluğuna görə BJF həm də qitələr üzrə strukturlaşıb: Avropa, Asiya, Sakit okean hövzəsi, Afrika və sair üzrə yerli təşkilatların koordinasiyasını qurmaq üçün eyni adlı koordinasiya mərkəzləri yaradıb. Bu baxımdan BJF-nin Avropa üzrə struktur təşkilatı Avropa Jurnalistlər Federasiyası adlanır. Yəni Avropa qitəsi üzrə olan ölkələrdəki üzv jurnalist təşkilatlar AJF-nin tərkibində birləşirlər, o isə öz növbəsində Beynəlxalq Jurnalistlər Federasiyası nəzdində fəaliyyət göstərir. 3 ildə bir dəfə Ümumi, ildə bir dəfə isə illik toplantısı keçirilir. Hər il Avropada olan struktur təşkilatlar bir yerə yığılıb media sahəsində olan yeni tendensiyaların ilkin dəyərləndirilməsini aparırlar. Qlobal dəyərləndirmə isə 3 ildən bir keçirilən Ümumi toplantıda olur. - Azərbaycandan həmin təşkilatda Jurnalistlərin Həmkarlar İttifaqı təmsil olunur? - Bəli, BJF üzvü olmaq uzun bir prosedurdur. Üzvlük üçün müraciət etdikdən sonra həmin təşkilatı monitorinqə götürürlər, araşdırırlar. Əgər fəaliyyəti qaneedici olsa, müşahidəçi üzvlüyə cəlb edirlər. Yenə uğurlu fəaliyyətin olsa, tam üzvlük statusu qazana bilərsən. JuHİ bu prosedurları bir-bir tamamlayıb. İndi Beynəlxalq Jurnalistlər Federasiyasına, həm də onun qitə üzrə strukturu olan Avropa Jurnalistlər Federasiyasına üzvük. Qurum daxilində qitələr üzrə ən böyük və əsas təşkilat da Avropa Jurnalistlər Federasiyasıdır. Dünyada media məkanında ortalığa çıxan yaxşı və ya pis tendensiyalar, ilk olaraq, adətən məhz Avropa məkanında meydana çıxır və dünyanın hər yerinə yayılır. Bu baxımdan Avropa Jurnalistlər Federasiyası daha operativ fəaliyyət göstərir, hər il toplantı keçirir... - Avropa məkanında media sahəsində hansı yeni tendensiyalar üzə çıxıb? - Diqqətçəkən 4-5 məsələ var ki, son 2-3 ildə trend problemlərdir. Bunlardan biri jurnalist təhlükəsizliyi ilə bağlı məsələdir, son zamanlarda jurnalist ölümləri sürətlə artıb, həbslər, təhdidlər çoxalıb. Ən pisi budur ki, jurnalistlərə qarşı törədilən cinayətlər çox zaman cəzasız qalır. Konfliktli bölgələrin və konfliktlərin sayının çoxalması, Yaxın Şərqdə, Avropanın bəzi hissələrində-Rusiya, Ukrayna, Türkiyə və sair dövlətlərdə cərəyan edən hadisələr jurnalist təhlükəsizliyi ilə bağlı mövzunu çox aktuallaşdırıb. AFJ-nin hesabatına görə, Rusiyada çoxsaylı jurnalist ölümləri, təqibolunma, həbslər var. Son vaxtlar jurnalist həbslərinin sayına görə Türkiyənin də adını sıraya qatırlar. Həmçinin, Malta, Fransa və sair Avropanın mərkəzi hissələrində də jurnalist ölümlərinin, təhdidlərin artması ciddi narahatlıq doğurur. Söhbət Avropa məkanından gedir. Əslində jurnalist ölümləri, həbslər, təhdidlər əvvəllər başqa ölkələrdə, başqa qitələrdə daha çox olurdu. İndi Avropada daha intensivdir. - Türkiyənin adı FETÖ çərçivəsində aparılan əməliyyatlara görə çəkilir? - Bəli. Deyirlər 150-dən çox jurnalistə qarşı təqib və həbs məsələsi var. Türkiyə nümayəndəsi məsələ qaldırır, biz də dəstək veririk, deyirik ki, əslində onlar hamısı jurnalist deyillər, separatçı qüvvələrə qoşulmuş şəxslərdirlər, sadəcə, məsuliyyətdən yayınmaq üçün media vəsiqəsi daşıyıblar. Amma hər halda onlar artıq jurnalist kimi qeydiyyata düşüblər, dünyanın başqa beynəlxalq jurnalist təşkilatları tərəfindən məhbus jurnalist kimi tanınıblar. Yəni başqa müstəvilərdə bu iş təşkil edilib, rəy formalaşdırılıb. Ona görə də ümumi rəyi dəyişmək çətindir, bunu bir təşkilat tərkibində etmək bəzən imkansız olur. Çünki dünya bunu belə görür. - Başqa hansı problemlər səsləndi? - İkinci çox diqqətçəkən məqam internet və sosial şəbəkələrin inkişafı ilə yanaşı mənfi tendensiyaların ortalığa çıxması ilə bağlıdır. Yalan, təhqir və böhtanın öz əksini tapdığı nifrət dolu xəbərlər yayılır internet üzərindən. Bu xəbərlərdə ənənəvi standartlar gözlənilmir. Müzakirə olunur ki, necə edək, həm internet azad fikir paylaşımı platformasi kimi qalsın, imkanları məhdudlaşdırılmasın, həm də xəbər standartlarını qorumaq mümkün olsun. Son vaxtlar ortalığa üçüncü yeni tendensiya çıxıb. Bu, çox təhlükəlidir, təqribən 2-3 il əvvəl Polşada başlayıb, ictimai yayım haqda qanunlara ciddi şəkildə dəyişikliklər edilib və hökumətin ictimai yayım sektoruna müdaxiləsinə imkan yaradılıb. Sonra proses Macarıstan və Avstriyaya keçib. Əsas məsələlərdən biri Avropanın ayrı-ayrı nöqtələrində, xüsusilə Balkanlarda əmək qanunvericiliyinə edilən dəyişiklilərdir. Həmin dəyişikliklər sahibkarlara böyük üstünlüklər verir. Bilirik ki, media özəl kommersiya sahəsi olsa da, burada əmək münasibətləri və qarşılıqlı münasibətlər başqa formada tənzimlənir. Sahibkar qəzetin işinə, xəbər siyasətinə müdaxilə edə bilməz. Onların arasında sadəcə, müqavilə var və oradan kommersiya marağı olaraq müəyyən ödəniş götürülür, amma yaradıcılıq işinə qarışmır. Çox təəssüf ki, son vaxtlar Balkanlarda əmək qanunvericiliyində aparılan dəyişikliklər sahibkarlara imkan verir ki, medianın xəbər kontentinə müdaxilə edə bilsin. Həmçinin, işə götürmə prosesinə təsir göstərsin. Bu, jurnalistlərin əmək mühafizəsini zəiflədir, ortalığa əmək hüquqlarının qorunması problemi çıxır. Beşinci problemsə odur ki, ümumi texniki inkişaf ənənəvi medianın mövqelərini zəiflədib. İnternet informasiya resursları, sosial şəbəkələr ənənəvi medianın böyük bazarını ələ keçirir. Problem ondadır ki, yeni təsisatlar yayım baxımından ənənəvi medianın yerini tutsalar da, onun qədər keyfiyyətli məhsul hazırlaya bilmirlər. Beləliklə, dünyanın xəbər menyusunda yalan xəbərlər üstünlük təşkil edilir. Çağırışlar edilir ki, ənənəvi medianın mövqeyinin güclənməsi üçün dəstək göstərilməlidir. Yeri gəlmişkən, vurğulayım ki, sevindirici haldır ki, Azərbaycanda 10 il bundan öncə cənab prezidentin sərəncamı ilə ölkədə KİV-in inkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul edilib, 9 il öncə bu konsepsiyanın reallaşdırılması üçün KİV-in inkişafına Dövlət Dəstəyi Fondu yaradılıb və o fond ənənəvi mediaya dövlət yardımı göstərir ki, öz fəaliyyətini davam etdirsin. Xatırlayırsızsa, həmin vaxt bizə qarşı qınaqlar vardı ki, guya dövlət media sektoruna müdaxilə edir və sair. Avropa indi bunun üstnə çıxır ki, əslində ənənəvi media əldən gedir və bunun qarşısını necə almaq olar. Bu ətrafda ciddi müzakirələr aparılır. Digər aktual məsələ isə internet media və müəllif hüquqlarının qorunması ilə əlaqədardır. Avropa Jurnalistlər Federasiyası buna çox həssas yanaşır. Çünki Avropada ortalığa çıxan tendensiya çox sürətlə dünyanın hər bir nöqtəsinə yayılır. - Azərbaycanla bağlı hansı müzakirə aparıldı? - İllik toplantının keçirilməsi üçün prosedurlar var, tədbir günü gəlib iclası keçirib dağılmırlar, əvvəlcədən hazırlıq mərhələsi olur. Üzv təşkilatlara müraciətlər olur ki, yerlərdə hansı problemlər varsa, yazıb göndərsinlər, yaxud inkişaf meylləri qeyd olunsun. Bir neçə ay ərzində ölkələr üzrə təsnifat aparılır, sonda ümumi iclasın müzakirəsinə çıxarılır. Şükürlər olsun ki, Azərbaycanda son bir neçə ildə sabit mühit yaranıb. Düzdür, yeni media təmsilçiləri, vətəndaş jurnalistikası, sosial media təmsilçiləri adına bəzən təhdidlər, xəsarət almalarla bağlı hallar ortaya çıxır. Amma bizim fokuslaşdığımız sahə, ənənəvi junalistika çevrəsindən söhbət gedirsə, burada sabitlikdir. Avropa üçün tendensiyaya çevriləcək neqativ hadisə yoxdur. AFJ isə, yuxarıda qeyd etdiyim kimi, daha çox tendensiya xarakterli məsələləri müzakirə edir. Belə hallar baş verərsə, yazıb çatdırarıq, hazırda sabitlikdir deyə bizimlə bağlı xüsusi müzakirə keçirilmədi. Amma təşəbbüsümlə xüsusi çıxışlarım oldu. Bu dəqiqə dünyada əsas mövzulardan biri mediada gender məsələsidir, bütün Avropa ölkələrində ciddi kampaniya aparılır, Azərbaycan mediasında gender məsələsi və gözləntilər mövzusunda çıxış elədim. Eyni zamanda ikitərəfli danışıqlarda iştirak elədim. Təşkilat və ölkə olaraq maraqlarımız var, bəzi ölkələrin media qurumları ilə ikitərəfli danışıqlar aparırıq, təcrübə mübadiləsi edirik, əməkdaşlıq üçün razılığa gəlirik. - Tez-tez belə ifadələr səslənir ki, Azərbaycan dünya mediası ilə ayaqlaşa bilmir, hələ o səviyyəyə çatmasına çox var və sair. Nədir çatışmazlıqlar, nədə geridə qalırıq? - O fikirlərlə razı deyiləm. Azərbaycanda kifayət qədər peşəkar, institutlaşmış media qurumları da var. Medianın dünyanın harasında olmasından asılı olmayaraq, ümumi spesifik problemləri var. Hansı ölkəyə gedirsənsə get, orada reklam çatışmazlığı problemi yaşanır, sadəcə faiz nisbəti olur. Bəli, bizdə reklamla bağlı problemlər daha böyükdür. Həm də açığı, təəccüblüdür. Çünki iqtisadiyyatımız kifayət qədər inkişaf yolu keçib, ancaq Azərbaycanda olan media üçün reklam bazarı iqtisadi inkişafına uyğun deyil, tərs mütənasibdir. Səbəblər barədə çox danışmaq olar, amma faktiki olaraq reklam bazarı axsayır. Peşəkarlıq baxımından media menecmentində müəyyən problemlər var. Hələ də o ölkələrdənik ki, qəzetin baş redaktoru həm də işəgötürəndir. İnstitutlaşma getməlidir, baş redaktor yaradıcı heyətə rəhbərlik edir, mediada iş bölgüsünün aparılması ilə bağlı problemlər var. Bunu hamıya da şamil etmək olmaz. Söhbət çoxluqdan gedir, bizdə institutlaşmış KİV qurumları da var ki, orada reklam menecmenti də var, funksiyalar bir-birindən ayrılıb. İkincisi, auditoriya məsələsi var. Azərbaycan mediası daha çox daxili auditoriyaya hədəflənib, bizdə hələ ki qlobal media məkanına təsir göstərək transmilli KİV-lər yoxdur. Əslində bizim auditoriya da ona imkan vermir. Azərbaycanın iqtisadi inkişafı o səviyyədədir ki, biz Qətər kimi böyük qlobal səviyyəyə çıxan media qurumları yetişdirək. Əlbəttə, bu istiqamətdə proses gedir. 6-7 dildə yayım verən, həm dövlət, həm də özəl media qurumları var, kifayət qədər inkişaf yolu keçiblər. 2015-ci ilin I Avropa Oyunları, 2016-cı ilin apel hadisələri, 2017-ci ilin İslam Həmrəyliyi Oyunları, 2018-ci ildə Avropada söyüş kampaniyası aparılan vaxt Azərbaycan mediası peşəkar mövqe sərgiləyərək, onlara cavab verə, ölkəmizin səsini dünyaya çıxara bildi. Bizim körpə Zəhra balamız qatil ermənilər tərəfindən öldürüləndə o hadisə dünya mediasına çxıdı, transmilli KİV-lər o məsələni işıqlandırdılar. Məsələ burasındadır ki, "Nyu York Tayms”, "Vaşinqton Post”, "Şpigel” kimi nəşrlər o informasiyanı Azərbaycan mediasına istinadla verdilər. Bu, onu göstərirdi ki, Azərbaycan mediası artıq qlobal informasiya məkanına çıxmaq və orada Azərbaycanın səsini çatdırmaq imkanına malikdir. - Bu qədər inkişaf meyli fonunda niyə Azərbaycanın adı media ilə bağlı hesabatlarda aşağı dərəcələrdə göstərilir? - Bu, sırf informasiya üzərində manipulyasiya ilə bağlıdır. Heç də dünyanın bütün təşkilalarında eyni siyasət yürüdülmür. "Freedom House”, "Sərhədsiz reportyorlar” kimi təşkilatlarda daimi olaraq Azərbaycana qarşı kəskin münasibət var və kampaniyalar aparılır. Dəfələrlə isbat olunub ki, bu təşkilaların hər birində erməni diasporunun təsiri var. Orada işləyən şəxslərdən tutmuş, onların maliyyə mənbələrinədək təsirlər var. Belə təşkilatlar ölkəmizə qarşı neqativ rəy formalaşdırırlar. Dünyada normal aparıcı təşkilatlar da var ki, öz işini görür, hadisələrə peşəkar və obyektiv yanaşır. O təşkilatlarda kı Azərbaycan üzrə təmsilçilər var, əməkdaşlıq qurulub, instutlaşıblar, bunlarda Azərbaycanla bağlı real informasiya var, ağı ağ, qaranı qara görürlər, problemi problem, inkişafı inkişafı kimi göstərirlər. Amma Azərbaycan tərəfinin hələ əli çatmayan, münasibətlər qurulmayan təşkilatlarda ölkəmiz barədə daim qara xəbərlər verilir. Əlbəttə, o cür beynəlxalq təşkilatlar qeyri-peşəkar, qərəzli davranışlarına görə tənqid olunmalı, qınanmalıdırlar. Amma Azərbaycanın özündə də media təşkilatları bunlarla düzgün iş qurmağa çalışmalıdır. Beynəlxalq tədbirlərdə çox oluram, təcrübədə görmüşəm ki, tədbirlərə qatılanda, həqiqəti deyəndə rəyi dəyişmək mümkün olur. Oturub umu-küsü etməməliyik ki, kimsə haqqımızda belə dedi. Əksinə çalışmalıyıq ki, o tədbirlərin hər birində iştirak edib real informasiya çatdıırlsın. Yalan demək mümkün deyil, onlar bir yox, bir neçə mənbədən informasiya götürürlər, yalandan şişirdilmiş məlumat vermək mümkün deyil. Pis olanı yaxşı kimi qələmə verə bilmərik. Amma ən azı əleyhimizə olan yalançı informasiyaların qarşısını ala bilərik. - Niyə bütün beynəlxalq media təşkilatları ilə əlaqə qurulmayıb? - Əlbəttə, bizlərdə inam olub ki, onlar beynəlxalq təşkilatdırlarsa, obyektiv davranacaqlar, düzə-düz, əyriyə-əyri deyəcəklər. Amma zaman göstərdi ki, yox, belə deyil. Biz o yerlərə çatıb öz mövqeyimizi ortalığa qoymasaq, kimsə bizim yerimizə haqqımızı müdafiə etməyəcək. İndi çalışırıq ki, bütün tədbirlərə çıxıb mövqeyimizi müdafiə edək. Amma hər şey bizlərdən də asılı deyil. Beynəlxalq tədbirlər keçiriləndə iştirak zamanı maliyyə məsələsi ortalığa çıxır. Bəzi tədbirlər var ki, maliyyə tərəfi təşkilatçılar tərəfindən qarşılanır, onlara qatılırıq. Elələri də var ki, öz təşkilatımızın maliyyəsi hesabına iştirak etməliyik. İldə 15-20 tədbir keçirilirsə, hamısına vəsait tapıb gedə bilmirik. Məsələn, JuHİ həm də Beynəlxalq Söz Azadlığı Mübadiləsi Təşkilatının – İFEX üzvüdür, dünyanın ən nüfuzlu beynəlxalq media təşkilatlarından biridir. Onların tədbiri keçən il Kanadada keçirildi. Maliyyə imkanlarımız olmadığı üçün tədbirə qatıla bilmədik. Bir və iki təşkilatla əməkdaşlıq edirik, maddi, kadr baxımından potensialımız bir və iki təşkilatla əməkdaşlığa çatır. Dünyada beynəlxalq media təşkilatları çoxdur, ən azı beşi yüksək səviyyəlidir, BMT, Avropa İttifaqı, Avropa Şurası kimi qurumlar media barədə hesabat hazırlayanda həmin təşkilatlara istinad edirlər. Bu təşkilatlarla münasibətlər qurmaq, işləmək lazımdır. Beynəlxalq Avrasiya Mətbuat Fondu Beynəlxalq Mətbuat İnstitutu ilə əməkdaşlıq edir, biz Beynəlxalq Jurnalistlər Federasiyası ilə münasibətlər qurmuşuq, ancaq digərləri yerdə qalıb. Çox təəssüf ki, yerdə qalanlar başqa yönümlü təşkilatlar tapıb onlarla işləməyə üstünlük verirlər, onlar da informasiya üzərində manipulyasiya edirlər, real informasiyanı yox, öz siyasi marağına uyğun informasiyanı çatdırırlar, bu da nəticə etibarilə problem yaradır. Təşəbbüslər artmalıdır ki, digər təşkilatlarla da əməkdaşlıq mümkün olsun.