“Texnika Bank”ın İdarə Heyətinin sədri Etibar Əliyev: “Bizə işləməyə imkan vermədilərsə, canları sağ olsun”
Xəbər verdiyimiz kimi, fevralın 2-də Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə “Texnikabank” ASC-nin bank fəaliyyətinə verilən lisenziyası ləğv edilib. Həmin tarixdən etibarən bankın əmanətçiləri narahatçılıq keçirir. “Yeni Müsavat” bankın İdarə Heyətinin sədri Etibar Əliyevlə son durum dəyərləndirməsi aparıb.
Müsahibimiz öncə qərarın təsirindən çıxdıqlarını dedi.
- Nə deyə bilərəm sizə? Heç bir qərarın əleyhinə deyiləm. Necə verilibsə, verilib.
- Prosedurlar həyata keçirilirmi?
- Heç bir təhvil-təslim prosesi yoxdur. Qaydalar var, onu həyata keçiririk.
- Bəs əmanətçilər gəlib-gedirmi?
- Heç kim gəlib-getmir. Hamı məlumatlıdır ki, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin əmanətini zamanında ödəyəcək. Prosedurlar bitən kimi bir ay ərzində bu məsələ də yekunlaşacaq.
- Bankdan kredit alanlar necə, onlar öz kreditlərini harada ödəməlidilər?
- Kredit alanlar da ödəyəcək. Hər şey məlum olacaq, narahat olmayın. Zamanı gələndə bu məlumatları da verəcəyik.
- Bəzi banklar öz fəaliyyətini dayandırsa da, sonradan bərpa etdilər. “Texnikabank” üçün də eyni ssenari keçərli ola bilərmi?
- Onu Mərkəzi Bankın rəhbərliyindən soruşun. Mən Mərkəzi Bankın işinə qarışmıram. Bu gün bağlayıb, səhər açırsa, bunu onlardan soruşmaq lazımdır.
- Sizinlə bağlı da eyni ardıcıllıq ola bilər?
- Xeyr. Mənim elə bir fikrim yoxdur. Bağlandısa, bağlandı. Əgər bizə işləməyə imkan vermədilərsə, canları sağ olsun.
- Yeni bir bank qurub, fəaliyyətinizi bank sektorunda davam edə bilərsizmi?
- Həyat davam edir. Sabah nə olacağını bilmək mümkün deyil. Heç kim heç nədən sığortalanmayıb. Nəsə bir yenilik olsa, sizə xəbər verəcəm.
- Bankınıza böyük məbləğdə əmanət qoyan şəxslərin narahatçılığı da səslənir. Onlar pullarının batacağından nigarandırlar.
- Hər kəs əmanətini alacaq. Əgər orda sığortalanmayan əmanət varsa, bankın digər aktivləri hesabına özünün vəsaitlərini alacaqlar. Nədir o aktivlər? Bankın 200 milyondan çox kredit faktoru var. Zaman-zaman insanlar da kreditlərini bağlayırlar. Elə kreditlər var ki, onun zamanı bitməyib. Ona görə biz o kreditləri vaxtından qabaq tələb etmək imkanına malik deyilik. Amma depoziti istədiyi vaxt gəlib istəyir, səs-küy salır. Bank isə kreditorları qarşısında o hərəkəti edə bilmir. Çünki konkret müqavilə var. Onlar da zamanında, yavaş-yavaş kreditlərini bağlayırlar. Onun da hesabına bank öz öhdəliklərini yerinə yetirəcək. Sadəcə, bir az zaman lazımdır.
(Azərtaym.az)