"Türkiyə BİR vaxtlar buraxdığı səhvlərin CƏZASINI çəkməkdədir" — Politoloq
Ankarada 34 nəfərin ölümü, 150-dən çox adamın yaralanması ilə nəticələnən terror aktı baş verib Son 5 ayda terrorçuların məhz paytaxt Ankaranı hədəf alması Türkiyə hökumətinə mesaj kimi qiymətləndirilə bilər. Bundan əlavə ABŞ səfirliyinin terror aktı barədə məlumat verməsi, Dağıstandan şəxsiyyəti dəqiq bəlli olmayan bir qadın kamikadzenin Türkiyəyə keçməsi barədə MİT və Türkiyə polisində məlumatın olduğu halda terror aktının baş verməsi Türkiyə polisi və xüsusi xidmət orqanlarının işi barədə suallar yaradır. Türkiyənin siyasi dairələri isə baş verən olaydan öz məqsədləri üçün yararlanmaq istəyirlər. Türkiyə hökuməti terror aktı barədə xəbər yaymaq qadağası belə qoyub. Türkiyədə baş verən prosesləri politoloq Qabil Hüseynli Ölkə.Az-a verdiyi açıqlamasında şərh edib: "Burada aydın olan bir məsələ var, bu da terror aktını PKK-nın törətməsidir. Hadisənin baş verdiyi yer metronun çıxışı ilə avtobus dayanacağının yanıdır. Elə bir məntəqə seçilib ki, orada həmişə əhali sıx olur. Ya bu terror aktını törədənlər, ya da onların bələdçisi Ankaranı çox gözəl tanıyıb. Hadisə Ankaranın göbəyində, Kızılay meydanı, Atatürk bulvarında baş verib. Məlumat olduğu halda terror aktı niyə baş verdi? Terror hadisəsinin olacağı barədə ABŞ-ın Türkiyədəki səfirliyi öz vətəndaşlarını xəbərdar edib və bildirib ki, əhalinin sıx olduğu yerlərə getməyin, mümkün qədər evdən bayıra çıxmayın. Bundan başqa Milli İstihbarat Təşkilatında (MİT) da belə bir məlumat olub ki, üzərində partlayıcı maddə olan kiçik yük maşını Ankaraya doğru gəlməkdədir. Çox qəribdir ki, o maşını təqib edən polis işçiləri maşına saxta dövlət seriya nömrəsi vurulduğunu görüblər. bomba yüklü maşında bir neçə dövlət seriya nömrəsi olub və yol boyu tez-tez nömrəni dəyişiblər. Ankaranın kənarında bomba yüklü maşın izləndiyini bildikdən sonra sürətlə Sparta tərəfə üz tutub. Maraqlısı bundadır ki, polislər və xüsusi xidmət orqanları yolda bomba yüklü maşının izini itiriblər. Bu da Türkiyə polisinin və MİT-nin ən böyük səhvidir. Sonradan həmin maşın gəlib Ankarada partlayıcı maddəni işə salıb. Burada Türkiyə polisi və təhlükəsizlik orqanlarının səriştəsizliyi barədə fikir söyləmək mümkündür. Bundan əvvəl də məlumat yayılmışdır ki, Dağıstandan bir nəfər, adı soyadı da məlum idi, kamikadze kimi Türkiyə ərazisinə keçib, özünü partladacaq. Ortada bu qədər ciddi materialların olmasına baxmayaraq Türkiyə polisi və MİT bunun qarşısını ala bilməyib. Bu da Türkiyə polisi və xüsusi xidmət orqanlarının etibarını ciddi surətdə zədələyir. Bu son 5 ayda Ankarada baş verən üçüncü terror hadisəsidir. Son zamanlar terrorçuların Ankaranı hədəf alması bir mesajdır ki, "paytaxtınızda da sizə göz açmağa imkan vermərik. Hər an sizi təzyiq altında saxlamaq imkanlarımız var". Bu bir növ Türkiyə hökumətinə gözdağı verməkdir. Türkiyədə yaşamış bir adam kimi türk əhalisinin çox ayıq-sayıq olduğunu bilirəm. Türklər tanımadıqları, bilmədikləri şübhəlilər haqqında dərhal polisə məlumat verirlər. İndiki halda kürd mənşəli şəxslər Türkiyənin paytaxtında ya bələdçilik edir, ya informasiyalar ötürür, ancaq bunlar barədə polisə əhali tərəfindən məlumatın verilə bilməməsi də, qarşı tərəfin çox ustalıqla işlədiyindən xəbər verir. Türkiyə polisinin ictimaiyyətlə əlaqəsinin zəif olmasını da burada qeyd etmək yerinə düşər. PKK-nın arxasında böyük güc mərkəzi dayanır. O güc mərkəzinin əlində səmadan Ankaranı izləmək, şəkillərini çəkmək və bunu PKK-ya ötürmək kimi imkanlar var. Qızılay meydanı çox məhşur meydandır və orada daim çoxlu sayda polis də olur. Oraya bomba dolu yük maşınının gəlməsi və oradan qaçması çox şübhəli bir şeydir. Türkiyəni zəiflədən "paralel yapı", Ergenekon və "Balyoz soruşdurması" Türkiyə vaxtı ilə buraxdığı səhvlərin cəzasını çəkməkdədir. Bunlardan biri "Paralel yapı" adı altında polisdə və digər dövlət orqanlarında nurçuların gizlənməsi haqqında kampaniyanın aparılmasıdır. Çünkü həmin kampaniya zamanı xeyli sayda yüksək rütbəli polis zabitləri ya həbs edildi, ya da vəzifədən kənarlaşdırıldı. Təcrübəli polislərin işdən azad edilməsi və həbs edilməsi Türkiyə polisini xeyli zəiflətdi. Necə ki, "Ergenekon" və "Balyoz" adlı əməliyyatlarda Türkiyə ordusunun yüksək rütbəli zabitləri həbs edildi, onlar bu yaxınlarda bəraət aldılar. Nəticə etibarı ilə ordu da gözdən salındı. AKP özünün təkbaşına hakimiyyətini möhkəmlətmək xatirinə dövlətin güc strukturlarının zəiflədilməsinə göz yumdu və yaxud bu prosesdə özü də yaxından iştirak etdi. Nəticə isə göz qabağındadır. Hazırda Türkiyə polisinin kəşfiyyat sistemi etibarlı işləmir, MİT-in də informasiya əldə etmək qabiliyyəti nəzərə çarpacaq dərəcədə zəifləyib. Ordunun özünün də kəşfiyyat orqanları aşağı səviyyədədir. Qarailanın Türkiyəni "qara günə" qoyan planı Məsələyə təsir edən amillərdən biri də, Türkiyənin cənubi-şərqində terrorçulara qarşı aparılan mübarizədir. Bu mübarizə zamanı dinc əhali də əziyyət çəkir. Öz yerlərindən başqa yerlərə köç edir. O bölgədə hərbi vəziyyət elan edilməlidir, PKK-çılara qarşı amansız metodlardan istifadə edilməlidir. Bu gün Türkiyənin cənub-şərq zonasında PKK-ya qarşı irimiqyaslı hərbi əməliyyatlar başlayacaq. Bundan əvvəl də hazırda PKK lideri Mustafa Qarailan elan etmişdi ki, terroru Türkiyənin əyalətlərindən iri şəhərlərə keçirməliyik. Görünür ki, Mustafa Qarailanının götürdüyü dəsti-xəttə əməl edilməyə başlanılıb. Zənnimcə ölkə özünün terrora qarşı müdafiəsi ilə bağlı ciddi addımlar atmalıdır. PKK-ya qarşı çox amansız mübarizə aparılmalıdır... Yarımmüdafiəçi CHP, səsi batan MHP Türkiyə cəmiyyətindəki siyasi partiyalar o qədər vətənpərvər mövqedən çıxış etmirlər. Xüsusilə bu sahədə CHP-nin atdığı addımlar tam anlaşılmazdır. CHP Atatürkün partiyası olsa da ölkəyə qarşı təşkil edilən təxribatların az qala yarımmüdafiəsi rolunda çıxış edir. MHP-nin səsi isə ümumiyyətlə batıb. Partiyalar siyasi ambissiyalarını kənara qoyub, ölkənin bu dar günündən çıxmasına kömək etməlidirlər".