Bu gün Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Füzuli Hüseynovun doğum günüdür.
AzNews.az-ın məlumatına görə, aktyorun 54 yaşı tamam olur. Ömrünün yarısını teatra həsr edən F. Hüseynov bu həyatda ən böyük hədiyyənin dost sədaqəti olduğunu düşünür. Aktyor insanın 55 yaşa kimi mübariz ruhlu olduğunu deyir: “Yaşımın üstünə yaş gəlir. Hər gün ömürdən gedir, qocalırıq. Özümü bir o qədər də qoca hiss etmirəm. İnsanın içində 55 yaşa kimi mübarizlik olur. Yəqin ki, gəlib 55-ə çatanda yaşlılıqla bağlı nə isə deyə bilərəm. Mən çox rahat adamam, heç nəyin dərinliyinə getmirəm”.
Aktyor “deyirlər sevgi 50-dən sonra gəlir” fikrinə də münasibət bildirib: “Başqa adamı deyə bilmərəm, amma mənə sevgi hər yaşda gəlir. Sonrasını da zaman göstərəcək. Sevgisiz yaşamaq mümkün deyil. Söhbət qadına olan sevgidən getmir. İnsan həyatı, ağacları, qışı, heyvanları, dənizi sevməlidir. Seviləsi çox şey var. Hətta zindanda olan adamlar qəfəsin arasından gələn işığı da sevirlər. Allah heç kəsi sevgisiz etməsin”.
Qeyd edək ki, Füzuli Hüseynov 9 sentyabr 1962-ci ildə Balakən rayonunda anadan olub. 1987-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Akademik Milli Dram Teatrındakı fəaliyyəti ilə paralel olaraq, F.Hüseynov "Azərbaycanfilm"in istehsal etdiyi bir neçə filmdə - "Təhminə"dəki Spartak, "Bəyin oğurlanması"ndakı Elxan, "Ölülər"dəki Mirzə Cəlil və s. obrazlarda çəkilib.