03.03.2014. - Rusiyadan gözlənilən gözlənilməzlik (VİDEO)

03.03.2014. -  Rusiyadan gözlənilən gözlənilməzlik (VİDEO)Eldar Namazov: "Bu hadisələr təkcə Rusiya Ukrayna arasında olan böhran deyil, bu bütövlükdə beynəlxalq əlaqələr sisteminin böhranıdır"
Həftənin ən gözlənilməz hadisəsi baş verdi. Rusiya ondan gözlənilsə də gözlənilməzliyə vurulan addımı atdı. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Dövlət dumasına Ukrayna ərazisində Rusiya Silahlı Qüvvələrinin istifadə olunmasına icazə üçün müraciət etdi. Müraciət 37-ci ilin güllələnmə məhkəmələri tək cəmi 30 dəqiqəyə qəbul olundu. Bu addımla Putin bir daha bütün dünyaya nümayiş etdirmək istədi ki, Moskva planetin hesablaşılası güclərindən biridir. Bu bölgədə-yəni keçmiş Sovet məkanında əsas söz sahibi odur. Onun müstəqilliyi bazisdir. Digər keçmiş sovet respublikalarının müstəqillikləri isə sadəcə üstqurumlardır. Bu yeni yanaşmanın fəlsəfə, yoxsa səfsəfə olmasını isə zaman göstərəcək. Özü də uzaq yox, yaxın zaman. Biz ekspertlərimizi dinləyəcəyik.

Politoloq Rasim Musabəyov: “Ukrayinaya Putinin yanaşmasında belə bir məntiq var ki, bu mənim qənimətimdir. Mənim onunla dava aparmağa haqqım çatır. Bu təmamilə yanlış bir yanaşmadır. Ukrayna heç kəsin qəniməti deyil. Ukrayina müstəqil bir dövlətdir. Ukrayina Avropanın böyük dövlətidir, ərazisinə görə, əhalisinə görə də. Putinin davranışı birinci növbədə Rusiyanın özünə xəyanətdir. Putinin Ukraynaya olan münasibəti qəbul olunmazdır”.

Politoloq Eldar Namazov: "Təbii ki, bu hadisələr təkcə Rusiya Ukrayna arasında olan böhran deyil, bu bütövlükdə beynəlxalq əlaqələr sisteminin böhranıdır. Faktiki olaraq burda BMT-nin də böhranından danışmaq olar. Bu ATƏT sisteminin də böhranıdır. Ümumiyyətlə bu hadisələr bütövlükdə beynəlxalq münasibətlər sisteminə dağıdıcı bir zərbədir”.

Politoloq Tofiq Abbasov: “Rusiyanın separatçılığa dəstək verməsi, sonra Krımda ikinci dövlət əsasını yaratması, bu prosseslərə kobud şəkildə müdaxiləsi təhdidləri artırır. Çünki Ukrayna müstəqil dövlətdir, onun qanunvericiliyi var, konstitutsiyası var və əgər kənar dövlətlərin hərbi birləşmələri heç bir beynəlxalq tələblərlə hesablaşmadan bu ölkənin ərazisinə qoşun yeritmək istəyirsə, bir siqnal olmalıdır. Buna yol vermək olmaz”
.







Fikirlər