Azərbaycanlı politoloq Prezident Sarayına dəvət olundu, Ərdoğanın BAŞ müşaviri ilə görüşdü

Azərbaycanlı politoloq Prezident Sarayına dəvət olundu, Ərdoğanın baş müşaviri ilə görüşdü

Toğrul İsmayıldan Türkiyədəki son durum və gedən proseslərlə bağlı önəmli açıqlamalar, proqnozlar; “Əgər bunlar hakimiyyəti ələ keçirsəydilər, ölkənin bölünməsi qaçılmaz olacaqdı...” 

 

Xüsusilə son illərdə öz cəsarətli çıxışları, Türkiyə və Azərbaycanın ortaq maraqlarının müdafiəsi baxımından kəsərli mövqeyi ilə təkcə bu ölkədə deyil, Rusiyada da yaxşı tanınan professor Toğrul İsmayıl Türkiyə prezidentinin baş müşaviri, keçmiş mədəniyyət və turizm naziri Yalçın Topçu ilə görüşüb. Qardaş ölkədə 15 iyul çevriliş cəhdindən sonrakı proseslərdən bəhs edən budəfəki söhbətimizdə əvvəlcə Toğrul bəydən Prezident Sarayında baş tutan görüş haqqında ətraflı danışmasını xahiş etdik.
- Toğrul bəy, təbii ki, bir azərbaycanlı professor, politoloq olaraq sizin Türkiyə prezidentinin baş müşaviri ilə görüşünüz Azərbaycan adına da çox yaxşı hadisədir. Əgər sirr deyilsə, “Yeni Müsavat”ın oxucularına açıqlardınız, görüş zərurəti haradan yarandı, təşəbbüs kimdən gəldi və nələri müzakirə etdiniz? 
 
- Sayın Yalçın Topçunun dəvəti ilə prezident iqamətgahında gerçəkləşən görüşümüzdə əsas olaraq Rusiya-Türkiyə münasibətlərindən danışdıq. Bildiyiniz kimi, qarşıda da prezident Ərdoğanın Rusiya səfəri gözlənilir. Rusiya ilə münasibətlərdən, böhran dönəmində nələr etdik, nələr etmədik, bunlardan bəhs etdik, Rusiya telekanallarındakı çıxışlarımız müzakirə mövzusu oldu. Bundan əlavə, bölgədəki vəziyyətdən, Azərbaycan-Türkiyə əlaqələrindən danışdıq. Geniş, ətraflı söhbətimiz oldu. Rus təbliğatının hələ də çox güclü olması, Rusyadan məlumatlar Amerika və Qərb mənbələrindən deyil, elə birbaşa Rusiya mediasının özündən izlənilməsinin əhəmiyyətindən bəhs etdik. Türkiyəmizdə Rusiya araşdırmalarının yetərli olmamasindan və rus dilində təbliğatın zəif olmasından da söhbət etdik. Yalçın Topçu özü bir müddət öncə Azərbaycanı ziyarət etmişdi. Aprel döyüşlərindən sonra cəbhə bölgəsinə getmişdi. Orda çəkilmiş böyük bir fotosunu otağından asdırıb. Çox gözəl fotodur. Bundan əlavə, kabinetində Azərbaycan köşəsi var. Onu Türk dünyası köşəsinin bir bölümü kimi düzəldiblər. Təklif etdi ki, masa arxasında deyil, elə həmin köşənin qarşısında foto çəkdirək. Görüşümüz çox səmimi şəraitdə keçdi. Elə bil ki, keçmiş nazir və ya baş müşavir deyil, bir qardaş, dostla görüşdüm. Söhbətimiz o qədər səmimi şəraitdə keçdi ki, sanki qarşımdakı dövlət adamı, prezidentin baş müşaviri deyil, uzun illərin dostu vardı. 
- Artıq Türkiyədəki darbə cəhdindən üç həftə keçdi, ancaq xalq yenə də meydanlardadır. Söhbətiniz zamanı hakimiyyət təmsilçisində yeni çevriliş cəhdinin ola biləcəyindən dolayı narahatlıqlar müşahidə etdinizmi?
- Yox, elə bir narahatlığı müşahidə etmədim. Düzdür, ehtiyat tədbirləri görülür. Amma açığını deyim, içəri girəndə də müşahidə etdim ki, giriş-çıxışlardan çox rahat şəkildə keçmək mümkündür. Hər kəs sakit şəkildə öz işini görür, fəaliyyətinə normal davam edir. Həbslər, işdən çıxarılmalar təbii ki var. Amma şəxsi fikrim budur ki, sui-qəsdlər və sairlə bağlı təhlükələr tam olaraq ortadan qalxmayıb. Fikir verirsinizsə, xaricdəki təbliğat sistemi çox güclü işləyir. Məsələn, hətta “Amerikanın səsi”nin azərbaycanca bölümünün mövqeyi də çox ilginc olub. Davamlı şəkildə Fətullah Gülənin yaxın adamlarını çıxarırlar, Türkiyə hökumətini “söydürürlər”. Təəssüf  ki, Qərb və Amerika mətbuatı Türkiyə haqqında fərqli, qeyri-dəqiq məlumatlar yayır. 
- Belə iddialar var ki, Fətullah Gülənin arxasında ABŞ-dakı müəyyən dairələr dayanıb və əslində Türkiyədəki çevriliş cəhdinin planı onların masasında hazırlanıb. ABŞ-dakı bəlli çevrələr nədən Türkiyədə hakimiyyəti devirmək istəsin ki? 
- Hansı dairələrin nə rol oynadığını dəqiq deyə bilmərəm. Mən bu hadisəyə “çevriliş cəhdi” də demirəm, mənə görə bu, “qanuni hakimiyyəti zor yolu ilə ələ keçirmə cəhdi”dir. Bu hadisənin arxasından istəyir hərbçi, istəyir polis, yaxud məhkəmə sistemi işçiləri, hətta təhsil ocaqlarının nümayəndələri çıxdı. Hətta bir universitet müəlliminin Akıncı üstündə durub əməliyyatlara rəhbərlik etdiyi də faktdır, özü də orada tutulub. Bunlar varkən, baş verənlər, sadəcə, hərbi çevriliş cəhdidir deyə bilmərik, görünən o ki, geniş bir qrup öncədən ciddi hazırlanaraq qanuni hakimiyyəti qeyri-qanuni yollarla zəbt etməyə çalışıb. Ona görə də bu prosesdə həbs edilənlər, işdən uzaqlaşdırılanların sayı olduqca çoxdur. Bir də işdən uzaqlaşdırılanlar həmişəlik kənarda qoyulacaq demək deyil, onların tamamən işdən qovulması anlamına gəlmir. Hər kəs araşdırılır. Çox güclü bir şəbəkədən söhbət gedir. Bu şəbəkə hər yerə işləyib. Demək olar ki, bütün qurumlarda, strukturlarda mövcuddur və bir-biri ilə çox əlaqəli, bağlantıdadırlar. Özü də ölkədə böhran olmadığı, sakit ortam olduğu, hətta İsrail və Rusiya ilə barışığın əldə edildiyi, gələcəyə daha böyük ümidlə baxıldığı bir dönəmdə belə bir cəhdə əl atılması bunun bir sifariş olduğunun göstəricisidir. Bunun arxasında kim durur, deyə bilmərəm, hər halda, bunu məhkəmə üzə çıxaracaq. Bəlkə də üzə çıxara bilməyəcək. Amma kənardan dəstək və sifariş olmadan belə bir cəhdin edilməsi, məncə, mümkünsüzdür. Azərbaycan da bunu yaşayıb və sifarişlə hakimiyyətin ələ keçirilmə cəhdinin nə olduğunu çox yaxşı bilir. 
 
- Yəni deyirsiniz ki, 1993-cü ilin 4 iyununda Surət Hüseynovun Azərbaycanda oynadığı rolu 15 iyul 2016-cı il çevriliş cəhdində Gülən oynadı? 
- Eyni ssenariya ilə oynandı və Fətullah Gülən adı ilə bağlı qruplar oynadi. Bu ssenari ilə əgər Türkiyədə hakimiyyəti ələ keçirsəydilər, mənə görə, ölkənin bölünməsi qaçılmaz olacaqdı. 
- Hakimiyyətlə müxalifət növbəti aksiyada bərabər olacaqlar. Ən azı MHP-nin qəti qərarı var. Bu münasibətlər nə vəd edir?  
 
- Hər halda, görünən odur ki, hazırkı vəziyyətdə Türkiyədəki istər hakim partiya, istər müxalif partiyalar olduqca yaxın, ortaq məxrəc üzərindən hərəkət etməyə çalışırlar. Bu, Türkiyənin uzun illərdir ehtiyac duyduğu çox ciddi məsələdir. Bir daha Türkiyə vətəndaşları ciddi şəkildə dünyaya göstərdilər ki, baxışları nə qədər fərqli olsa da, onlar ölkənin ən ağır günlərində bir olmağı bacarırlar. Bu, çox ciddi məsələdir. Hər halda, Türkiyəni dağıtmaq istəyən imperialist güclərin də planları məhz bu şəkildə pozulub. İstəyir Atatürk dönəmində olsun, istərsə bu ağır günlərdə olsun, Türk xalqı bir daha inanc və siyasi görüş fərqinə baxmayaraq, mütəşəkkilliyini ortaya qoydu. Eyni zamanda bu, Türkiyədə nə dərəcədə kürd probleminin olub-olmadığını ortaya çıxartdı. Əslində kürd əsilli vətəndaşlar da bu böhran dönəmində Türkiyə dövlətinin bütövlüyü uğrunda digərləri ilə bərabər hərəkət etdilər. Türkiyə cəmiyyəti ortaq qaydada bir davranış nümayiş etdirdi. Əgər HDP da PKK ilə bağlılığını qopara bilərsə, onun nəzarətindən çıxarsa, Türkiyə bu məsələdə də yeni mərhələyə adlaya bilər. 

“HDP də PKK ilə bağlılığını qopara bilərsə, onun nəzarətindən çıxarsa, Türkiyə yeni mərhələyə adlaya bilər”

- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk xalqı qarşısında üzrxahlıq etməsi kifayət qədər marağa səbəb oldu. Türkiyədə necə şərh olundu? 
- Bu üzrxahlıq, məncə, bir lider üçün gərəkən keyfiyyətdir. Gərək lider bir zaman üzr istəməyi də bacarsın. Bunlar çox önəmli insanı davranışlardır. Mənə görə, normaldır. Üzrxahlıq edilməsi, ondan sonra birdəfəlik olmaq şərtilə bütün məhkəmə iddialarının geri götürülməsi kimi jestlər bir lider üçün önəmlidir, onun bir insan kimi müsbət tərəflərini önə çıxarır. 
 
- “Xainlər məzarlığı”nın salınması məsələsi Azərbaycanda yaxşı qarşılanmadı. Hələ istintaqın getdiyi dönəmdə kimlərinsə “xain” elan olunması birmənalı qəbul olunmadı. Bəs qardaş ölkədə hazırkı münasibət necədir? 
- Bunlar duyğusal, emossional hərəkətlər, “kraldan daha çox kralçı kimi görünmək” cəhdidir. Amma cəmiyyətdən təpkilər alındıqca təbii ki, geri addımlar atıldı. Burada bir məsələyə diqqət etmək lazımdır: öz xalqına terrorçu kimi silah qaldıranlar terrorçu kimi də dəfn edilir və terrorçuların məzarı bilinmir. Bu, Türkiyədə yazılmamış qanundur. Ümumiyyətlə, terrorçuların məzarı bilinməz. Türk ictimaiyyəti göstərdi ki, müəyyən məmur və idarə rəhbərlərinin “canfəşanlığından” fərqli olaraq, Türk xalqı daha məntiqli düşünür və davranır. Xalqın təpkisi nəticəsində də belə məsələlərdən geri addım atılmağa başlandı. Artıq bu kimi məsələlər yığışdırılıb. Gözlənilməz bir hadisə oldu, Türk ordusunun mənsubları öz millətinə silah çəkdi, bu, tarixdə olmayan bir şey idi. Ona görə də emosiyalar çox yüksək həddə qalxmışdı. Mən özüm də çox gərgin və həyəcan içərisindəydim. Anlaşılmayan bir şey idi. İndi yavaş-yavaş emosiyalar normal məntiqə yerini verir. Həm də ortalıqda çox yanlış xəbərlər dolaşırdı. Eyni zamanda bəzi məmurlar da canfəşanlıq göstərirdilər, bəlkə rəhbərlərin xoşuna gələcək, gözünə girəcəklər, deyə. 

 
- Toğrul bəy, Türkiyədə ölüm cəzasının bərpası barədə təklif də həmin emosional davranışların məntiqi nəticəsiydi? 

Fətullah Gülən məktəblərinin açılışında Türkiyə dövlət yetkililəri hamısı iştirak etmişdi, Turqut Özaldan tutmuş, Dəmirələ və başqalarına qədər”

- Yox. Toplumda uzun müddətdir bu məsələ müzakirə olunur. Bu hadisələrdən sonra da məsələ daha geniş müzakirəyə çıxarıldı. Prezident də çox siyasi bir məharətlə xalqın səsini duyduğunu dedi və eyni zamanda topu Məclisə atdı. Burada da diplomatiya işə girəcək. Türkiyə ciddi dövlətdir, daha öncə aldığı qərarlar, imzaladığı anlaşmalar var. Xalq emosional təpki göstərə bilər. Amma ölüm hökmü qüvvəyə minsə belə, bu, insanlara şamil edilə bilməz, bundan sonrakı hadisələrdə gündəmə gələ bilər. Odur ki, bu barədə alınacaq qərarın 15 iyul olayları ilə bağlı heç bir mənası olmayacaq. Mən ilk gündən demişəm və təkrar edirəm: inanmıram ki, Türkiyədə edam cəzası bərpa olunsun. Türkiyə beynəlxalq müqavilələrə, anlaşmalara, hüquqa riayət edən bir dövlətdir. 
 
- Ankara Vaşinqtona dəlil-sübutlar göndərib və Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini təkidlə tələb edir. Gülənin Ankaraya təslim edilməsi gözləniləndirmi? 
- Amerikanın onu təhvil verəcəyini az ehtimal edirəm. 
- Xalq uzun müddətdir ki, meydanlardadır, demokratiyanı, konstitusiyanı müdafiə edir. Hakimiyyət narahat deyilmi ki, günün birində türk toplumu baş verənlərdən, mücadilədən usana bilər? 
- Bunu zənn etmirəm. Çünki bunlar bəlli, lokal yerlərdədir. Əgər siyasilər insanların meydanlara çıxıb-çıxmaması barədə qərar verirlərsə, onlar hər şeyi ciddi şəkildə hesablayırlar. Yəni bu gündəlik əhval-ruhiyyə ilə qəbul olunan qərarlar deyil. Meydana çıxmalardan məmnun olanın da, olmayanın da olması mümkündür. Amma Türkiyədə bəzi ölkələrdə olduğu kimi, “kefim istədi, qərar verdim” olmur. Burada xalqın davranışı, mövqeyi hər zaman siyasilər tərəfindən ölçülür, öyrənilir, sonra qərar verilir. Ərdoğanı sevirsinizmi, sevmirsinizmi kimi duyğusal məsələlərdən söhbət getmir. Bu gün qanuni yolla xalq tərəfindən yüzdə 52 faiz səslə seçilmiş bir prezident var və xalq da hüququn tərəfində dayanıb. Türk xalqı öz suveren hüququnu, əldə etdiyi demokratik düzəni qorumağa çalışır. 

 






Fikirlər