Türkiyənin Azərbaycandakı səfirindən ilginc açıqlamalar: “CANINA QƏSD planlanan seçilmiş bir prezident...”

Türkiyənin Azərbaycandakı səfirindən ilginc açıqlamalar: “Canına qəsd planlanan seçilmiş bir prezident...”

İsmayıl Alper Coşqun: “Konstitusiyalı quruluşu açıq şəkildə hədəfə alan terror təşkilatına qarşı təbii ki, ən sərt təpki göstərilməlidir” 

 

Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun “Yeni Müsavat” qəzetinin redaksiyasında olub. Qəzetimizin baş redaktoru Rauf Arifoğlu ilə görüşdə səfirliyin ikinci katibi Oğuzhan Albayraq və mətbuat müşaviri Hamit Karadeniz də iştirak edib. Görüşdə qardaş ölkədəki 15 iyul hadisələri əsas müzakirə mövzusu olub. Türkiyə səfiri “Yeni Müsavat” qəzetinin çoxsaylı suallarına cavab verib. Müsahibənin ikinci bölümünü təqdim edirik:
 

 

(əvvəli ötən sayımızda)

Rauf Arifoğlu:
 
- Türkiyə prezidenti CNN Türk televiziyasına müsahibəsində FETÖ-nün çevriliş cəhdi etdiyini, Türkiyəni qana buladığını, ölkənin şəhidlər verdiyini dedi. Amma o, bir fikir söylədi, dedi, bu, Fətullah Gülənin ağlı deyil, daha üst ağlın məhsuludur. Bununla belə, detalları söyləmədi. Hər kəsi düşündürən budur: bu qədər təyyarəni havaya qaldıran, generalları koordinə edən gerçəkdən bir ruhani, mollamı, yoxsa “üst ağıl” deyilən hansısa qüdrətli dövlətmi bunu etdi?
İsmayıl Alper Coşqun:
- Müxtəlif fikirlər söylənilir. Ən başlıcası sizin də dediyiniz kimi, bir üst ağlın, arxa planın olduğunu söyləmək mümkündür. Amma hələ ki bu barədə rəsmi mövqe yoxdur.
- Türkiyə dövləti bunu kimlərin etdiyini bilirmi?
- Təbii ki, hörmətli prezidentimizin Türkiyənin dövlət orqanlarından aldığı məlumatlar məndə yoxdur. Mən bu barədə detallı açıqlama verəcək durumda deyiləm. Sizə bir məsələni deyim, qarşımızdakı fenomenə bir baxmamız lazımdır. Biz FETÖ-dən bəhs edirik. Bu nədir? Fəaliyyətinə nəzər yetirdikdə, 140-dan artıq ölkədə bəlli sütunlarla hərəkət edən bir orqanizmdir. Bu, təhsil, ticarət fəaliyyəti ilə məşğul olan , həmçinin media quruluşlarını əldə saxlamaqla fəaliyyət göstərən bir şəbəkədir. O bəhs etdiyim 3 sütun üzərindən, xaricdən baxdıqda, ürəyə, gözə, qulağa xoş gələn xeyriyyə fəaliyyətləri ilə məşğuldur və s. Və bunu 140-150 ölkəyə yaymış vəziyyətdədir. Üstəlik, bunların maliyyə qaynaqları, bir-biri ilə əlaqələri çox əhatəlidir. Bütün  bu orqanizmin başında görünən şəxs orta təhsilli bir molladır.
- Maraqlıdır...
- Bəli, çox maraqlıdır. Üstəlik, bu şəxsin və bu fəaliyyətin böyük bir  coğrafiyanı əhatə etdiyini də görürük, bilirik.
 
- Amma Türkiyə dövləti də  dəstək verirdi...
- O bölümə ayrıca gələrik... Amma bütün bu tabloya baxdığımız zaman bunun arxasını anlamaq ehtiyacını hiss etməyimiz təbiidir. Siz də dediniz ki, çevrilişdən sonra bəzi yazarlar, elə sizin də müxbiriniz ABŞ-la bağlı bəzi yazılar yazdılar. 
- Bəli, ABŞ Silahlı Qüvvələrinin komandanından da həbs olunan generallarla bağlı açıqlama da gəldi...
- Onlar təbii ki, spekulyasiyalara zəmin yarada biləcək açıqlamalardır. Amma ABŞ-dan söz düşmüşkən, bunu deyim, əgər ətrafda ABŞ-la bağlı təxmin, spekulyasiya varsa, təbii ki, bunu hörmətli baş nazirimiz söylədi: bunu ortadan qaldırmağın ən təmiz, gözəl, ən açıq yolu Türkiyə Respublikası kimi ABŞ-ın uzun illərdir müttəfiqi olan bir ölkənin yaxın tarixində qarşılaşdığı ən böyük təhdid qarşısında bunun günahkarı kimi təsbit etdiyimiz terror təşkilatının başındakı adamın mühakimə olunması üçün Türkiyəyə təhvil verilməsidir. Bunu etdiyi təqdirdə kənardan baxılanda hiss edilən bütün ehtimallar, tərəddüdlər, sual işarələri təbii şəkildə aradan qalxacaq. Dünən (srağagün-red.) axşam da hörmətli prezidentimiz bu barədə mövqeyini bir daha bəyan etdi. 
- Amma çox kəskin şəkildə “ya Türkiyə, ya FETÖ” deyə, ortaya seçim qoydu.
- Amma düşünün, niyə bu seçimi ortaya qoyur? O gecə canına qəsd edilməsinə çalışılan seçilmiş bir prezident vardı burda. Xalqın mütləq əksəriyyətinin səsini alaraq prezident seçilib. O gecə Türk xalqının iradəsi, hörmətli prezidentimiz haqda danışarkən həddimi aşmış olmayım, amma onun da siyasətçi olaraq məsuliyyəti Türkiyə konstitusiyalı quruluşuna, dövlətimizin başçısı olaraq sahib çıxmaqdır. Konstitusiyalı quruluşu açıq şəkildə hədəfə alan terror təşkilatına qarşı təbii ki, ən sərt təpki göstərilməliydi. 
 
- Amma bu təpkinin arxasında bir təhdidin qalması kimi rahatsızlıq da var sanki. Bu, belədirmi? İnsanlar düşünür ki, Türkiyə dövləti bir adamın üzərinə bu qədər gedirsə, o, yalnız ədalətin bərpası olmaya bilər. Əcəba, başqa bir təhdidmi var? 
- Öncə yuxarıdakı sualınıza cavab verim. Türkiyənin də dəstək verdiyini dediniz. Camaat-Türkiyə əlaqələrindən bəhs edək. Ardınca təhdidin davam edib-etməməsindən danışaq. Dünən (10 avqust-red.) gecə keçirilən mitinqin qarşısında çıxış edən hörmətli prezidentimiz, diqqət etdinizsə, “bu demokratiya növbələrinə vergül qoyuruq”, -  dedi. Yəni vergül qoydu, nöqtə yox. Vergül qoyulanda isə cümlə davam edə bilir.
- Yəni təhdid də davam edir? 
- Təhdid deməyim. Amma bizim bu mövzuda həssas, diqqətli olmağa ehtiyacımız var. Nədən? Digər mövzuya qayıdıram. Bu, qarşımızdakı təhdidin özəlliyindən qaynaqlanır. Türkiyə-camaat əlaqələrindən danışdınız, “Türkiyə dəstəkləyirdi”, dediniz. Hörmətli prezidentimizin, dövlət yetkililərimizin açıqlamalarını da gördünüz. Yəni diqqət etdikdə görürük ki, bunların fəaliyyətlərinin görüntüsü çox bacarıqlı şəkildə həyata keçirilib. Mən də 90-cı illərin əvvəllərində bəzi ölkələrə gedən zaman onların məktəblərini görürdüm. 
Afrikanın ucqarlarında uşaqlar türkcə öyrənir, təhsil alırlar, qara dərili, türkcə danışan çocuqlar çıxır qarşımıza, adamın könlünü oxşayır. Üstəlik, təhsillərdən aldıqları nəticələr səbəbindən bəlli nöqtəyə gəldiklərini görürük. Eyni zamanda xeyriyyəçilik fəaliyyətləri var, “əxlaqlı və ədəbli uşaqların yetişdirildiyi” mühit görüntüsü var. Bu tablo içərisində qulağa, könülə xoş gələn məqamlar var. Amma bu təcrübə ilə gördük ki, bu mühitdə görülən işlərin nəticəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisimizin sağ tərəfində duran, 30 ildir dövlətə xidmət edən bir insan dövlətinə və bayrağına sədaqətini unudub, komandanına silah çəkdi, o insanı və konstitusiyalı quruluşu hədəf aldı.
- Əksər generalların yavərləri, hətta prezidentin yardımçısı da elə oldu...
- Bəli, təəssüf ki. Dolayısı ilə Türkiyənin camaatla yaxınlıq etdiyi keçmişə baxdıqda, deyə bilərik ki, açığı, bunun səbəbi onların öz quruluşlarını müsbət şəkildə təqdim etməsidir. 
- Onlar bütün bunları Türkiyə Cümhuriyyətinimi ələ keçirmək üçün etmişdilər? 30-40 il ancaq bunumu gözləyiblər?  
 
 
- Elə görünür. Baxın, Fətullah Gülənin öz çıxışlarında var. Nə deyir? “Türkiyə Cümhuriyyətinin konstitusiyalı quruluşlarının içərisində, kapillyar damarlarında yerləşəcəksiniz”. 
- Ancaq bunu çoxdan deyib...
- Doğru, keçmişdə söyləyib. Amma bunun gerçək mənada nə qədər təsirli bir nəticəyə gətirib çıxaracağını, açığı, biz yetərincə təhlil etməmişik. Burada bizim özümüzə ünvanlanası suallar da var. Həm sistemdəki xətalar var, həm ona baxırıq, həm təhlükəsizlik sistemimizdə, ordumuzda və digər qurumlarımızda... Həm də, açığı, ən çox barəsində danışılan və üzərində dayandığımız bir məqam liyakatdır (layiqlilik - haqqı olanı daha önə çəkmək anlamında - red.) Yəni dövlət qulluğunda layiqliliyin önəmi. Türkiyədə etmək istədikləri bəllidir. Bunlar Türkiyə hakimiyyətini yıxıb, özlərinə uyğun bir düzəni iş başına gətirmək istəyirdilər... Amma bu, təkcə Türkiyə ilə məhdudlaşan məsələ deyil. Nədən 140-150 ölkədə bu təşkilatlanma var? Nədən getdiyi hər yerdə eyni sütunları qurur, ondan sonra yavaş-yavaş möhkəmlənməyə doğru gedir? Əsas məsələ budur. Daha sonra digər sualınıza qayıtmaq lazımdır: bu, kimin qurğusudur? Bir orta təhsilli şəxsinmi? 

Əgər bu hadisə baş verməsəydi, aldığım bir kitabdan belə bir ssenarini oxusaydım və ya bir filmə baxsaydım, kitabı zibilliyə atar, filmi də yarıda buraxardım”

- Amma bizdəki məlumat və təəssürat bu idi ki, bu, Türkiyənin qurğusudur...
- Çünki Türkiyə sahib çıxırdı... 
- Sahib çıxırdı. “Türkcə Olimpiatları” tədbiri yadımdadır, indiki prezident, sonra Bülənt Arınc o tədbirlərdə çıxış etdi, hər kəs də xoş sözlər dedi, bu işi təriflədi. Xaricdəki, o cümlədən də Azərbaycandakı insanlar da baxdılar ki, bunlar Türkiyədə söz sahibidir, bunların məktəblərinin tədbirinə prezident gəlir, dövlət böyükləri gəlir... Ona görə də hər kəs öz uşaqlarını həmin məktəblərə verməyə can atırdı ki, övladım böyüyəndə bunca güclü, arxasında dövlət olan bir çevrəyə daxil olsunlar... 
 
- Doğrudur...   
- Mənim tanıdığım insanlar vardı, uşaqlarını pulsuz təhsil verən Azərbaycan məktəblərindən çıxartdılar, bahalı Gülən məktəblərinə yerləşdirdilər ki, Türkiyədə bu uşaqlara meydan verilsin, övladları böyük adam olsun, dünyaya çıxsınlar... Düzdür, Türkiyə iqtidarı buna görə Türkiyə xalqından üzr istədi, indiyə qədər yanlış yapıldığını dedi. Amma kənarda qalmış bir toplum da var. Yəni Gülən məktəblərinin olduğu ölkələrdəki məktəblər, insanlar... Onlar nə etsinlər? Hörmətli Türkiyə prezidenti deyir ki, bunların kökünü qazacağıq. Amma siz də dediyiniz kimi, onlar artıq dünyaya rişələniblər. İndi Türkiyə vətəndaşları Azərbaycanda və başqa ölkələrdə bir-biri ilə savaşacaqlarmı? Yaxud burada kökü qazmaq deyərkən, nə nəzərdə tutulur? 
 
- Keçmişə qayıtsaq, camaatın fəaliyyət dövrü 30-40 ili əhatə edir. 
 
- 20 ildən bir az da çoxdur Azərbaycandadırlar. 
- Təbii. 30-40 il ərzində, sadəcə, sizin sadaladığınız şəxslər, hörmətli prezident, Bülənt Arınc və ya başqa dövlət yetkililəri deyil, Türkiyə siyasətində yer tutmuş hər kəsin bu quruluşla bu və ya digər şəkildə münasibətlərinin olduğunu deyə bilərik. 
 
- Doğrudur. Biz yalnız indiki iqtidarı nəzərdə tutmuruq, Türkiyə Cümhuriyyəti dövlətindən bəhs edirik...  
- Hər halda, Türkiyədəki bütün siyasi çevrələrin belə bir quruluşla əlaqələrinə necə izn verildiyinə və bir daha belə nəticələrin baş verməməsi üçün bizim siyasi mədəniyyətimizdə nələrin edilməsinə baxmağımız lazımdır. Bu mövzuda öz-özünə sualların verilməsi zəruridir və bu, sadəcə, AKP-nin deyil, bütün siyasi çevrələrin, vətəndaşlar olaraq da hər birimizin məsələsidir və bununla bağlı müzakirələr çox önəmlidir. Bir məsələyə də aydınlıq gətirim, hörmətli prezidentimiz “bunların kökünü qazacağıq”,  deyərkən şübhəsiz ki, Türkiyə Cümhuriyyətinin suveren hüquqları çərçivəsindəki iradəsini nəzərdə tutur. Gözlənti başqa, bu tərəfdəki iradə başqa. Azərbaycan da müzakirə mövzusu deyil. Amma biz nə edirik? Hər halda, Türkiyədəki bu təcrübə çox ciddi bir təcrübədir. Biz daxildən dövlət qılığına girmiş terrorçuların hücumuna məruz qaldıq. Mən həmişə deyirəm, əgər bu hadisə baş verməsəydi, aldığım hansısa bir kitabdan bu ssenarini oxusaydım və ya bir filmə baxsaydım, kitabı zibilliyə atar, filmi də yarıda buraxardım. 
Yəni “belə axmaq şey olarmı” deyərdim. Azərbaycandakı insanlarımız bizdəki hər məsələni daha yaxşı anladığı üçün bu məsələni də daha yaxşı görür, anlayır. Sizin də dediyi kimi, bu məktəblər 20 ildən artıqdır burada mövcuddur, buralarda addımlar atılıb. Amma Türkiyənin bu təcrübəsinə başqaları baxdıqda, 20-30 il öncə Silahlı Qüvvələrə girmiş, orada səssizcə gözləmiş qüvvələrin 15 iyulda hərəkətə keçməsi bir az da film-qurğuya bənzəyir. Yəni robotlaşmış bir varlıqdan bəhs etmiş oluruq. Lütfən, o gecə ilə bağlı ortaya çıxan dəlillərə baxın. Nədir o dəlillər? Bir siyahı ilə hansı qurumun başına kim təyin olunacaq, filan bələdiyyəyə kim gələcək kimi məsələlərdən bəhs olunur. 
İkincisi, hadisələr cərəyan etməyə başladıqdan sonra zamanında Fətullahçı Terror Örgütü ilə əlaqədə olduğu üçün vəzifəsindən azad edilən bəzi şəxslərin - aralarında keçmiş polislər də var - bir hissəsinin hərbi formada yaxalanması da faktdır. Bunlar FETÖ ilə əlaqələri səbəbindən dövlətin uzaqlaşdırdığı şəxslərdir. “Ergenokon”, “Balyoz” davaları indi Türkiyədə çox ciddi araşdırılır. Bu proseslər üçün zəmin hazırlayan, insanlara, iqtidara bugünkü yanaşma ilə desək, tələ quran baş prokurordan söhbət gedir...
 
- Bizim tanıdığımız, Azərbaycan davasında yanımızda olan generallar var idi, hamısı “Ergenekon” davasında həbs olunmuşdu.
 

“Bu, təkcə Türkiyə ilə məhdudlaşan məsələ deyil”

- Düşünün, Türkiyənin yetişmiş, vətənpərvər kadrlarını uzaqlaşdırdılar, ortaya qoyulan dəlillərlə də insanlarda ümumi bir rəy yaratdılar. Bu şəxslərin bir qismi intihar etdi, dünyasını dəyişənlər oldu. Amma istənilən halda təəssüf ki, yetişdirilən insanlar da bu qurğuları qurdular. Yəni bu, belə bir təhlükədir. Biz yalnız bu təhlükənin geridə qalıb-qalmamasından bəhs etmirik, bu təcrübələrimizi ən yaxın dostlarımız, qardaşlarımızla paylaşırıq. Çünki bunun iki səbəbi var. Birincisi, bunlar mərkəzləri ölkə xaricində olan terror təşkilatlarıdır. Baxın, PKK-nın da düşərgələri Türkiyənin daxilində deyil, xaricindədir. Bunlar məskunlaşdıqları yerlərdə terrorçuluq, maliyyə və digər bütün dövrümüzün hər cür, media və s. imkanlarından istifadə edərək fəaliyyət göstərirlər. O gecə yaşanan hadisələrdən sonra xüsusilə Qərb mediasında “başı kəsilmiş əsgərlərdən”, olmayan hadisələrdən bəhs olundu. Bunlar necə olur? Bəlkə də bunlar hamısı terror təşkilatının arxasında dayandığı məsələlər deyil, amma şübhə yoxdur ki, onların da içərisində yer aldığını məsələlərdir. “Bunun kökünü qazacağıq”, deyərkən biz əməli olaraq Türkiyənin daxilində əlimizdən gələni edəcəyik. Beynəlxalq hüququn verdiyi imkanlar və qardaşlıq əlaqələri daxilində də edəcəklərimiz olacaq.
- Bir açıq sual verim. Türkiyə ilə Azərbaycan qaynayıb-qarışmış, qardaşlaşmış insanların qarşılıqlı gediş-gəlişi olan dövlətlərdir. Sual olunur, 22 ildə Azərbaycandakı Gülən məktəblərini bitirmiş on minlərlə insan Türkiyənin qara siyahısındamı olacaq? Onların Türkiyəyə yolları bağlandımı? 
- Xeyir.
- Bəs elə isə bu problem necə həll olunacaq? Bu insanlar məktəblərin sahibinin Türkiyənin iqtidarı olduğunu bilərək oraya getdilər. İndi həmin ailələr və uşaqların durumu necə olacaq? Bəzi ailələr son qəpiklərini verərək həmin məktəblərdə uşaqlarını oxudublar ki, Türkiyəyə yaxın olsunlar. İndi tam tərsi alınıb. Belələrinin taleyi necə olacaq?






Fikirlər