İsmayıl Alper Coşqun: “Türkiyədə Konstitusiya düzənini terror yolu ilə yıxmağa çalışan Fətullah Gülənin sözlü də olsa, ortaya çıxaraq aparacağı təbliğata və propoqanda yapmasına heç bir yerdə izn verilməməsini istəyirik”; “...çıxışın önlənməsi, buna fürsət tanınmaması çox yerində olan bir qərardır”
Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun “Yeni Müsavat” qəzetinin redaksiyasında olub. Qəzetimizin baş redaktoru Rauf Arifoğlu ilə görüşdə səfirliyin ikinci katibi Oğuzhan Albayraq və mətbuat müşaviri Hamit Karadeniz də iştirak edib, daha sonra səfir qəzetimizə müsahibə verib. Olduqca ilginc məqamlarla zəngin olan müsahibənin üçüncü bölümünü təqdim edirik:
(əvvəli ötən saylarımızda)
Rauf Arifoğlu Azərbaycandakı Gülən məktəblərini bitirmiş on minlərlə insanın Türkiyənin qara siyahısında olub-olmadığını, onların Türkiyəyə yollarının bağlanıb-bağlanmadığını soruşanda səfir problem olmadığını deyir. Baş redaktorumuzun növbəti sualı:
- Azərbaycanlılar məktəblərin sahibinin Türkiyə olduğunu zənn edərək oraya getdilər. İndi həmin ailələr və uşaqların durumu necə olacaq? Bəzi ailələr son qəpiklərini verərək həmin məktəblərdə uşaqlarını oxudublar ki, Türkiyəyə yaxın olsunlar. İndi tam tərsi alınıb. Belələrinin taleyi necə olacaq?
İsmayıl Alper Coşqun:
- Gözəl və haqlı bir sualdır. Türkiyə daxilində də çox həssas bir mövzudur. Fətullahçı Terror Örgütünə (FETÖ) Türkiyəyə zərər verəcək fəaliyyətləri ilə daxil olan, onlarla təmasda olan insanlarla əlaqədar bizim rəsmi qurumlarımızın verdiyi dəyərləndirmələrdə bir sıra kriteriyalar nəzərə alınır. Mən hazırda həmin kriteriyaların detallarını açıqlaya bilmərəm. Amma bunu deyə bilərəm ki, çevriliş cəhdi olub, bunu kimin etdiyi bəllidir və ona qarşı tədbirlər görürük. Onların məqsədləri də bəllidir. Türkiyə hüquqi müstəvidə geniş tədbirlər həyata keçirir. FETÖ ilə əlaqədə, təmasda olan, onun təsiri altına düşən insanlara qarşı tədbirlər görülür. Bununla əlaqədar araşdırmalar aparılarkən aralarında sorğu-sual edilməsinə zərurət varsa, onlar dindirilir, saxlanılması zəruri olanlarla bağlı da həbs tədbiri seçilir. Günahsız olanlar, FETÖ və çevriliş cəhdi ilə əlaqəsi olmadığı təsdiqlənənlərlə bağlı isə hər hansı tədbir görülməyəcək. Bizim rəsmilər də bəyan edib, bütün tədbirlər hüquq çərçivəsində həyata keçirilir. Bu tədbirlərlə bağlı istənilən şəxsin həm Konstitusiya Məhkəməsinə, Həm Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək haqqı var. Üstəlik, bilirsiniz ki, Avropa Şurasının baş katibi də Türkiyəyə gəlmişdi. Ona da deyildi ki, Avropa İnsan Haqları Məhkəməsinin verdiyi qərarlar burada nəzərə alınacaq. Uşaqlarımızın durumuna gəldikdə, bu, çox önəmli məsələdir...
- Cənab səfir, bəs, Azərbaycanda, digər türk respublikalarında, həmçinin digər ölkələrdəki Gülən məktəblərində təhsil almış uşaqların, yetişmiş mütəxəssislərin taleyi necə olacaq?
- Bizim bununla bağlı hansısa qara siyahını tətbiq etmək niyyətimiz yoxdur. Mən səfir olaraq bunu rahatlıqla deyə bilərəm. Ancaq bir reallıq var ki, bu məktəblər və Türkiyədə olduğu kimi, bu yapıya bağlı kurslar, yataqxanalar, yurdlar bəzi hallarda bir endoktronosion (“beyin yuyulması”) hədəfinin tətbiq edildiyi məkanlar olaraq sui-istifadə edilib. Türkiyə Təhsil Nazirliyində yeni bir maarif vəqfi yaradıldı. Ölkə xaricindəki belə məktəblərin fəaliyyətinə bu maarif vəqfi vasitəsilə dövlət tərəfindən nəzarət olunması - təbii ki, həmin ölkələrin də buna razılıq verməsi şəraitində - nəzərdə tutulur. Dolayısı ilə, qarşıdakı dönəmdə bu cür sui-istifadələrə imkan verməyəcək bir çərçivəni bərqərar etməyi düşünürük.
- Qərb mətbuatında bir iddia əksini tapır ki, prezident Ərdoğan diktaturaya doğru gedir. İstərdik bu iddiaya da münasibət bildirəsiniz. Belə bir təhlükə varmı?
- Yox. (Təkrar edir - E.P.)
- Türkiyə iqtidarı dövlət və millət maraqları adı ilə çərçivələri kiçildə bilərmi? Əslində Siz dövlətin maraqlarını təmsil etdiyiniz üçün, belə olsa da, deməzsiniz ...
- Dediyiniz doğrudur, mən dövlətimin rəsmi təmsilçisiyəm. Bəzi hallarda mənim nə deyəcəyimi təxmin etmək mümkündür. Amma mən bəzən çox çətinliklə cavab verirəm, bəzənsə çox asanlıqla. Burada çox asan cavab verəcəyəm və maska taxmağıma gərək yoxdur. Türkiyə demokratiyasına, hörmətli prezidentimizin siyasi karyerasına nəzər yetirdikdə, xüsusilə də indiki dönəmdə ona bu cür ifadələr yapışdırmağa çalışmaq prezidentimizi bir kənara qoyuram, Türk toplumuna bir az həqarət olur.
- Niyə?
- Çünki Türkiyənin müzakirəyə ehtiyac olmayan, azad, şəffaf seçki prosesi nəticəsində Türk xalqının mütləq əksəriyyətinin dəstək verdiyi bir siyasi partiya - AKP hakimiyyətdədir. Onun keçmiş lideri olmuş, baş nazir olduğu dövrdə dəfələrlə seçkilərdə zəfər qazanmış və dolayısı ilə türk toplumumun demokratik tələbini ortaya qoymağa hər zaman nail olan bir siyasətçidən söhbət gedir. Baş nazir olanda da belə idi, prezident olaraq da belədir. İndi bu özəlliyə baxdıqda, yəni hörmətli prezidentimizin seçkilərə qatılması və aldığı nəticələrlə bağlı təcrübəsinə kimsə şübhə edə bilməz. İkincisi, prezidentimizin Amerika ilə bağlı kəskin fikirlər işlətdiyini dediniz. Hər kəsin bir üslubu, bir siyasət yürütmə tərzi var.
- Yeri gəlmişkən, ABŞ bu üslubu tənqid edib...
"FETÖ”nun, onun başındakı xain Fətullah Gülənin aparacağı təbliğatın da terror fəaliyyətinin davamından başqa bir şey olmadığına dair qəti fikrimiz var”
- Amma özlərinin prezident seçkiləri hazırlığı ilə bağlı prosesə də baxsalar, yaxşı olar (gülüşmə). Siyasətin üslubu bəzən rəngli ola bilir. Amma prezidentimiz bunu niyə deyir? Bunu deyəndə xalqın reaksiyası necə olur? Türkiyədə Amerikaya qarşı üzə çıxan bir həssaslıq var, bu, önəmli bir şeydir. Yuxarıda çevriliş cəhdində üst ağılın olub-olmamasından bəhs etdik. Bunları ortadan qaldırmağın ən önəmli yolu bu adamın (Fətulla Gülən nəzərdə tutulur-E.P.) mühakimə olunması üçün Türkiyəyə təhvil verilməsidir.
- Sizcə, Amerika onu verərmi?
- Verməlidir.
- ABŞ-ın tarixində belə bir fakt varmı, ona sığınan kimisə təhvil veribmi? ...Rusiyanı bilirik, dəfələrlə verib.
- Vallah, məni ABŞ-ın tarixi maraqlandırmır. ABŞ üçün terrorla mücadilə önəmli məsələdir. Müttəfiqimiz, dostumuz, ortağımızdır. Bəzi məsələlərdə fərqli yanaşmalarımız var. Suriyadakı bəzi addımlarını biz doğru saymırıq, hətta bəzilərini şiddətlə qınayırıq. Bunları dartışırıq, danışırıq və s. Amma bu məsələdə Türkiyədə konstitusiya quruluşu hədəfə alınıb. Buna etiraz olaraq xalq meydanlara çıxıb. Ona görə də bu hadisələrin günahkarının təhvil verilməsi gərəkdir.
- Təhvil verilməsə, nə olacaq? Proses haraya gedir?
- Təhvil verməsə, yaxşı olmayacaq. Çünki bir güvən qırılması yaşanar. Düşünün, Türkiyə dövləti böyük bir təhlükənin qarşısından dönüb. Özü də bəlli bir siyasi partiyanın, yaxud şəxsiyyətin, onun dəstəkçilərinin deyil, xalqın dəstəyi ilə dönüb.
- Türkiyə hazırda bütöv, tam görünür, cəmiyyətin bütövləşdiyi tablosu ortadadır. Amma ABŞ çox böyük gücdür. Bu tablonu ABŞ-ın qarşısına qoymaq, çıxartmaq nə qədər düzgündür? “Üst ağıl” faktoru varsa da...
- Amma hörmətli prezidentimiz bu tablonu bir araya gətirərək, onu ABŞ-ın qarşısına qoymayıb. Bu tablo bir araya gəldikdən sonra prezidentimiz bizim toplumumuzun hisslərinə də istinad edir. Səbəb-nəticə əlaqələrini yaxşı anlamaq lazımdır. Bəlkə yenə bir az həddimi aşacağam; siyasi elmləri oxumuşam və siyasi elmlər nəzərindən bir şeyi deyim... Hər halda hörmətli prezidentimizin bizim toplumumuzun nəbzini tutmaq baxımından inanılmaz bir bacarığının olduğu faktdır.
- Təbii. Bunu biz də qəbul edirik. Olmasa, belə nəticələr ala bilməz, milləti vahid orqanizm halına gətirə bilməzdi...
“Hörmətli prezidentimizin bizim toplumumuzun nəbzini tutmaq baxımından inanılmaz bir bacarığının olduğu faktdır”
- Burdakı mövzu da odur. Bəli bizim prezidentimiz çox güclü bir liderdir, toplumumuza istiqamət verə bilir. Amma o gecə küçədə sərgilənən davranış, “Yeniqapı”da ortaya çıxan tablo var... “Yeniqapı” bitənə qədər hamımız maraqlanırdıq, Türkiyədə də müzakirə olunurdu ki, CHP və MHP liderləri gələcək, ya gəlməyəcək? Baxın, hamısı gəldi...
Rauf Arifoğlu:
- 15 iyul olayları və sonrası yalnız Türkiyənin yox, onun xaricində yaşayanların da gözlərini açdı. Həm də Ərdoğanı düzgün tanımaq baxımından...Biz zaman-zaman onunla bağlı çox yazılar yazdıq, tənqid etdik, hətta bəzən qısqandıq da ki, niyə bu qədər çox ərəbçidir, Fələstini Qarabağdan öndə tutur... Mən Türkiyə vətəndaşı olsaydım, bundan sonrakı seçkidə ona səs verərəm. Amma ötən il bu zaman ona səs verməzdim...
Bu dəfə cənab səfir İsmayıl Alper baş redaktorumuza sual edir:
- Niyə səs verərdiniz?
Rauf bəy:
- Rəcəb Tayyib Ərdoğan və onun tətbiq etdiyi model olmasaydı, Türkiyə o gecədən çıxa bilməzdi.
Səfir:
- Vaşinqtonun oxuması lazım olan gerçək budur.
R.Arifoğlu:
- Vaşinqton da, mən də hər şeyi düzgün oxuyuruq. Sadəcə, mən türk olduğum üçün qənaət və ifadəm başqadır. Olsun ki, Vaşinqton belə durumdan rahatsız olur, amma mən yox...
İ.A.Coşqun:
- Amma yuxarıdakı sualınıza qayıdıram, Vaşinqtonun oxuması lazım olan reallıq budur. Qarşıda sadəcə, prezidentimizin tələbi yoxdur. Bəli, siz o zaman bunu soruşa bilərsiniz: Amerika Türkiyənin bütün toplumunun gözləntilərinə yenə də laqeyd qala bilər? Bu, yanlış bir mövqe olar. Vəziyyətin o nöqtəyə gəlməyəcəyinə ümid edirəm.
R.Arifoğlu davam edir:
- Sizin düşüncənizə görə, Fətulla Gülən Türkiyəyə təhvil verilərsə, ölüm cəzasınamı məhkum ediləcək? Tələblər var ki, ölüm hökmü bərpa olunsun, ictimai rəy bunu istəyir.
İ.A. Coşqun:
- Təbii ki, bu məsələ ilə bağlı hüquqi müstəvidə müzakirələr gedir. Türkiyədə ölüm cəzası yoxdur, illər öncə bunu ləğv etdik. Ancaq son hadisələr nəticəsində küçələrdən xalqımızın ciddi çağırışları oldu. Hörmətli prezidentimizin və baş nazirimizin zaman-zaman bununla bağlı dedikləri oldu. Xüsusilə prezidentimiz “burada demokratiya var, xalq bir tələbi səsləndirir, parlament müzakirə edəcək, xalqın tələbini uyğun sayıb qərar verərsə, mən bunu dəstəkləyəcəm”, - dedi. Məsələnin digər tərəfi isə budur: qanun geriyə tətbiq ediləcəkmi? Təbii ki, burada fərqli şərhlər var, geriyə tətbiq olunmayacağından bəhs edilir. Yəni Türkiyə yenidən ölüm cəzasını tətbiq etməyi uyğun saydığını bəyanlasa, qanunlarında dəyişikliklər etsə, qərar o tarixdən etibarən keçərli olacaq. Bununla bağlı hüquqi dartışmalar gedir.
- Azərbaycanla bağlı bir sualım var, FETÖ terror təşkilatından danışılır və bu, Türkiyədə hər kəs tərəfindən qəbul olunub. Sanki kim öz çıxışında o ifadəni daha çox söyləyəcək deyə, bir yarışma da var. Amma bunun bir hüquqi prosedura da var. Məsələn, müttəfiq, dost ölkələrə, dost olmayan dövlətlərə bir təklif, ya istək gedəcəkmi ki, “FETÖ”-nu terror təşkilatı kimi tanıyın? Bunun nümunəsi artıq bir neçə ölkədə var.
“Başımıza gələn fəlakətin bunların yerləşdiyi hər yerdə təkrarlana biləcəyini biz hər kəsə anladırıq”
- Bəzi ölkələrin və təşkilatların özlərinə görə fərqli qaydaları var. Bəzilərinin də terror təşkilatları siyahısı olur. Avropa Birliyi və ABŞ-ın da var. Amma bütün ölkələrdə belə bir siyahı yoxdur. Türkiyədə də terror təşkilatları siyahısı deyilən belə bir siyahımız yoxdur. Amma terror təşkilatları olduğunu bildiyimiz, dolayısı ilə barəsində tədbirlər gördüyümüz təşkilatlar var. Azərbaycan və başqa ölkələrlə bağlı da eyni sözləri deyə bilərəm. “FETÖ”-nun bir terror təşkilatı olduğuna dair bizim ən kiçik bir şübhəmiz də yoxdur.
- Türkiyənin terror siyahısına düşəcəkmi və Türkiyə bunu istəyəcəkmi? PKK var axı...
- Belə bir siyahımız yoxdur. Amma dövlət olaraq fəaliyyətləri və davranışları, terrora verdiyi dəstək səbəbilə barəsində tədbirlər gördüyümüz təşkilatlar var - PKK, DAEŞ, FETÖ. Türkiyə açıq şəkildə bu, terror təşkilatıdır, deyə, bağırır. Bununla bağlı siyahı tutması önəmli deyil, nə etdiyi önəmlidir. Nə etmək lazımdır? Birincisi: əgər bunun Türkiyəyə zərər verən fəaliyyəti varsa - maliyyə məsələsi də daxil olmaqla - tədbir görülməsini gözlərik. Tədbir görülmədiyi halda da uyğun kanallarla tədbir görülməsini istədiyimizi söyləyərik. İkincisi: Türkiyədəki təcrübə çox önəmlidir. Başımıza gələn fəlakətin bunların yerləşdiyi hər yerdə təkrarlana biləcəyini biz hər kəsə anladırıq.
- Cənab səfir Azərbaycanla bağlı bir sualım da var. Yormamışıq sizi?
- Yox, yormamısınız. Amma üzünüzdə bir gülümsəmə var, yəqin zor (çətin) bir sual gəlir (Gülüşmə).
"Gülən məktəblərində təhsil alanlarla bağlı bizim hansısa qara siyahını tətbiq etmək niyyətimiz yoxdur”
- Yox, çətin olmayacaq...Terror hərəkəti və çevriliş cəhdi Türkiyədə bir neçə televiziya, media quruluşunun qapanmasına səbəb oldu. FETÖ terror təşkilatına bağlı media quruluşları qapadıldı. Amma bunun Azərbaycana da təsiri oldu. Həmin gecə sizi də canlı yayıma çıxarmış ANS televiziyası qapadıldı. Fətullah Gülənin müsahibəsini yayma təşəbbüsü səbəbindən Azərbaycan dövləti onu qapatdı. Bu məsələ ilə bağlı sizdə bir düşüncə varmı? Bunu necə qiymətləndirirsiniz? Hələ ANS televiziyasının qapadılması ilə bağlı Türkiyə dövləti və Bakıdakı səfirlik dəyərləndirmə verməyib. Özü də bu televiziya həm Türk xalqından, həm də Azərbaycan xalqından bu təşəbbüslə bağlı üzr də diləyib. Bu məsələyə münasibətiniz necədir?
- Bizim mövqeyimiz budur: terror təşkilatı olaraq gördüyümüz “FETÖ”nun, onun başındakı xain Fətullah Gülənin, xüsusilə Türkiyədəki bu uğursuz çevriliş cəhdindən sonra aparacağı təbliğatın da terror fəaliyyətinin dəstəklənməsindən və onun propoqandasının aparılmasından başqa bir şey olmadığına dair qəti fikrimiz var. Dolayısı ilə onun (Fətulla Gülənin-E.P.) sözlü də olsa, ortaya çıxaraq aparacağı təbliğata heç bir yerdə izn verilməməsini istəyirik. Bu, ifadə azadlığı deyil, başqa məsələdir. Çünki Türkiyədə yaşanan böyük hadisəni, özünün məsuliyyət daşıdığı bu xain cəhdi çox fərqli bir şəkildə təsvir etməyə çalışacağı bəllidir, bəzi fəaliyyətləri ilə bunu etməyə də çalışdı. F. Gülənin təbliğatının yayınlanmaması, buna fürsət verilməməsi fikrimizcə, çox yerində olan bir qərardır.
- Amma önlənmə çox da sərt olmadımı? Çünki müsahibəni götürən jurnalist Qənirə Ataşova əslində bir Ərdoğançı çıxdı, hətta Amerikada mitinqlərin önündə olub, çevrilişə etiraz bildirib. Bu mənada insanların sualı var, fürsət düşmüşkən sizə yönəldirik...