"Nə cəmiyyətin, nə ölkənin vitse-prezidentlik insitutuna ehtiyacı var”.
Bunu Toplum.Tv-yə REAL-ın İdarə Heyətinin üzvü, hüquqşünas Xalid Bağırov vitse-prezidentlik institununun yaradılması və vitse-prezidentləri təyin olunmasının gecikməsinə münasibət bildirərkən deyib.
Xalid Bağırov: "Azərbaycan Konstitusiyası kolxoz əsasnaməsi kimidir”
Xalid Bağırov
O bildirib ki, Konstitusiyada dəyişikliklər prezidentin şəxsi maraqlarına xidmət edir: "İstəsə vitse-prezident təyin edəcək, istəməsə etməyəcək. O, öz ehtiyaclarından irəli gələrək bunu edib, ictimai maraqlar nəzərə alınmayıb. Nə cəmiyyətin, nə ölkənin vitse-prezidentlik insitutuna ehtiyacı var. Bu ancaq prezidentə lazımdır. Azərbaycan Konstitusiyası bu dəyişikliklərdən sonra artıq kolxoz əsasnaməsi kimidir”.
Ələsgər Məmmədli: "Düşünürəm ki, bu dəfə də belə olacaq”.
Hüquqşünas Ələsgər Məmmədli isə Toplum.Tv-yə məsələni belə şərh edib: "Həqiqətən də, Azərbacanda Konstitusiyanın dəyişmə prosesi geridə qaldı, Konstitusiyada təxminən qırxa qədər fərqli dəyişiklik nəzərdə tutulduğu halda, bunlardan heç birinin ictimai müzakirəsi aparılmadı və dərhal Konstitusiya məhkəməsinə göndərildi. Qısa müddət ərzində Konstitusiya məhkəməsi də açıqlayıcı şərh vermədən "qanunvericiliyə uyğun təkliflərdir” notu ilə geri qaytardı və referenduma start verildi. Bu prosesdə sakit və müzakirəsiz keçdi, detallar nə cəmiyyətə çatdırıldı, nə də peşəkarların iştirakı ilə müzakirəyə buraxıldı. Bu da özündə zəruri suallar doğurdu: əgər Konstitusiyada dəyişikliklər bu qədər zəruri idisə, demək ki, hansısa tədbirlər görüləcək. Artıq 26 sentyabrdan təqribən 2 aya qədər vaxt keçib, bu müddət ərzində vitse-prezidentliklə bağlı hər hansı bir addım atılmayıb”.
Ələsgər Məmmədli
Hüquqşünas qeyd edib ki, bu istiqamətdə yerli icra hakimiyyəti haqda əsasnamə var və bu əsasnamə yerli icra hakimiyyətinin strukturunu müəyyən edir: "Prezidentin səlahiyyəti var ki, bu sənədə yenidən baxsın və müəyyən dəyişikliklər aparsın, çünki vitse-prezidentlik icranın bir hissəsidir. Bu aspektdə vitse-prezidentlik institutunun səlahiyyətləri nə olacaq, bu vəzifəyə seçiləcək şəxslərin kriteriyaları konkret olaraq necə və hansı sferalarda olacaq və s. bu kimi detallar nə müəyyən olunub, nə də ki, hansısa şəxslər təyin olunub. Bildiyiniz kimi, Konstitusiya dəyişdikdə, dərhal hüquqi qüvvəyə minir və Konstitusiyanın müddəaları hüquqi qüvvəsi olduğu üçün tətbiq olunmalıdır. Belə olan halda prezidentin səlahiyyətini icra etməməsi Konstitusiyanın bu müddəasının icra olunmamasına gətirib çıxarır. Bu da cəmiyyətdə haqlı suallara gətirib çıxarır ki, bunun səbəbi nədir? Açığı "səbəb” nədir deyə bilmərəm, amma proses dərhal Konstitusiyanın gərəyi olan institutların və şəxslərin tamamən formalaşması və təyin olmasını zəruri edir”.
2009-cu ildə Konstitusiyada dəyişiklikləri xatırladan hüquqşünas həmçinin bidirib ki, o zaman bəzi maddəalar dərhal qüvvəyə mindiyi halda, bəzilərinin isə illər keçsə də, tənzimləyici normaları olmadı: "Məsələn, 40.000 vətəndaşın imza ilə qanun təklifini parlamentə göndərmə səlahiyyətini tanıdı, amma aradan 7 il keçib, hələ də bu qanun qəbul olunmayıb ki, vətəndaşlar hansı formada imzaları toplayıb, qanun lahiyəsini təklif edə biləcəklər. Demək istədiyim budur ki, Konstitusiyada bəzi müddalara qarşı yanaşma birmənalı olmur. Düşünürəm ki, bu dəfə də belə olacaq”.
Aydın Mirzəzadə: "Prezidentin səlahiyyətində olan məsələdir"
Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Toplum Tv-yə bildirib ki, bu dəyişikliklər tez-tələsik həyata keçirilməyib və hüquqi əsaslıdır: "Vitse-prezidentlərin təyin olunmasına gəlincə, bu məsələ prezidentin səlahiyyətindəndir və özü nə zaman məsləhət görsə, onda təyin edəcək”.
Aydın Mirzəzadə
Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 26 sentyabrda referendum keçirilib. Azərbaycan Konstitusiya Məhkəməsi prezident İlham Əliyevin təklif etdiyi Konstitusiyaya dəyişikliyi nəzərdə tutan Referendum Aktı layihəsini müzakirə edərək, müsbət rəy verib.
26 sentyabrda keçirilən referendumda Konstitusiyaya edilən dəyişiklər prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, həmçinin prezidentə növbədənkənar prezident və parlament seçkilərini elan etmək səlahiyyəti verib, həmçinin prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılması da nəzərdə tutulub.
Dəyişiklərin arasında Azərbaycanda vitse-prezidentlik postunun yaradılması da var, ancaq aradan bir aydan çox vaxt keçməsinə baxmayaraq, bu məsələ reallaşmır. Yəni Azərbaycanda icra hakimiyyəti vitse-prezidentlərsiz fəaliyyət göstərir.