Oqtay Əsədov Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb

 

Sankt-Peterburqda səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov noyabrın 24-də MDB Parlamentlərarası Assambleyası çərçivəsində Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

AzərTAc bildirir ki, tərəflər parlamentlərarası münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb, bir sıra aktual məsələləri müzakirə ediblər.

Həmin gün Azərbaycan parlamentinin sədri Qırğızıstan Joqorku Keneşinin (parlament) sədri Çınıbay Tursunbekov ilə də görüşüb. Görüşdə iqtisadi, ticarət və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. O.Əsədov Ç.Tursunbekovu Azərbaycana rəsmi səfərə dəvət edib, 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlığın gedişi barədə danışıb.

Milli Məclis sədrinin, həmçinin Qazaxıstan Parlamenti Məclisinin rəhbəri, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) sədri Nurlan Niqmatulin ilə görüşü olub. N.Niqmatulin Azərbaycan xalqını müstəqilliyinin 25 illiyi münasibətilə təbrik edib. Bildirib ki, Qazaxıstan Azərbaycan ilə qarşılıqlı əlaqələrə və əməkdaşlığa böyük əhəmiyyət verir. Qazaxıstan Parlamenti Məclisinin rəhbəri TürkPA-nın fəaliyyətinə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.

Azərbaycan Milli Məclisinin sədri N.Niqmatulinə Qazaxıstan Parlamenti Məclisinin rəhbəri seçilməsi münasibətilə təbriklərini çatdırıb, Qazaxıstan parlamentinin nümayəndə heyətini TürkPA Katibliyinin Bakıda yeni inzibati binasının açılış mərasiminə dəvət edib. 






Fikirlər