"Cənab prezident İlham Əliyev bu məsələ ilə bağlı yaranmış anlaşılmazlıqların mahiyyətini dərindən araşdırandan sonra belə bir qərar qəbul etdi”.
Bunu BakıPost.az-a Xocalının deputatı Elman Məmmədov deyib.
O bildirib ki, prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər şəxslərin sosial müdafiəsi ilə bağlı imzaladığı növbəti fərman, ancaq aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib: "Mən özüm də daxil olmaqla, təmsil elədiyim bütün məcburi köçkünlərin hamısı cənab İlham Əliyevə təşəkkür edirik. Çünki bu sahədə müəyyən gərginliklər, anlaşılmazlıqlar var idi. İlham Əliyev məsələnin mahiyyətini dərindən araşdırandan sonra bu qərarı qəbul elədi. Bu da insanların sosial müdafiəsinin gücləndirilməsi naminədir. Bu çox alqışlanmalı bir addımdır”.
Elman Məmmədov qeyd edib ki, bundan sonra İlham Əliyevin məcburi köçkünlərlə bağlı növbəti fərmanlar imzalaması gözlənilir: "10-15 gün öncə mən demişdim ki, 36 manat dövlətimizin iqtisadi gücü artanda daha böyük məbləğlə əvəz olunsun. Amma bu, ondan da güclü addım oldu. Gələcəkdə daha yüksək səviyyədə tədbirlər görüləcək. Yəni, dövlət başçımız atdığı addımlar və fəaliyyəti ilə təsdiq edir ki, əhalimizin sosial rifahının yaxşılaşdırılması üçün tədbirlər davam edəcək”.
Deputat məcburi köçkünlərin prezidentin bu fərmanın müsbət qarşıladığını da əlavə edib: "Onların sayğaclaşma, yaranmış borclarla bağlı ciddi etirazları var idi. Məcburi köçkünlər arasında bu məsələ ilə bağlı ciddi söz-söhbətlər və gərginlik yaranmışdı. İlham Əliyevin imzaladığı fərmanla bunların hamısı aradan qaldırıldı”.
Qeyd edək ki, dünən prezident İlham Əliyev "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları) yaşayan məcburi köçkünlərin fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülməsinədək onların istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarına görə bütün haqlar 2017-ci il 1 yanvar tarixinədək dövlət hesabına ödəniləcək. Fərmanda nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixindən 20 manat məbləğində müəyyən edilir.