Rusiyaya 3 gündə 4 hücum... – Kəşfiyyatçı ZABİT
Nə Rusiya, nə Avropa, ümumiyyətlə, heç bir dövlət terrordan sığortalanmayıb. Bu sözləri Axar.az-a Peterburqda baş verən son terror hadisəsi və olaydan keçən 3 gündə gərginliyi şərh edən keçmiş MTN zabiti İlham İsmayıl deyib. Kəşfiyyatçı bildirib ki, son bir neçə ayda Rusiyada baş verən hadisələr ilk növbədə İŞİD-lə bağlıdır: “Suriyada İŞİD-ə qarşı mübarizədə Avropa, NATO bir qədər geri çəkilib. Qərb İŞİD-lə bağlı daha çox gözləmə mövqeyindədir. İŞİD-in mövqelərinə son dövrlərdə İran və Rusiya daha kəskin zərbələr endirir. İŞİD-in tərkibində Orta Asiya və Şimali Qafqazdan çıxmış xeyli Rusiya vətəndaşı var. İŞİD məhz Rusiyadan qisas almaq üçün bu ölkədə ard-arda insidentlər baş verir. Görünür, İŞİD yalnız Piter teraktı ilə kifayətlənməyib. Məqsəd isə Rusiyaya təzyiq göstərməkdir. Təbii ki, bu, Rusiyanın siyasətinə, xüsusilə də Suriyadakı mövqeyinə təsir etməyəcək. Terrorçular daha çox postsovet məkanına məxsusdur, ona görə də Rusiyanın müxtəlif şəhərlərində ard-arda baş verən bu olayları yalnız İŞİD-lə bağlamaq lazımdır. İstər Sankt-Peterburq teraktı, istər Həştərxandakı silahlı basqın, istərsə də Rostov hadisəsi Rusiyanın içərisində hər hansı bir siyasi məqsədlə törədilən iş deyil. Bu, Rusiyanın Suriyada İŞİD-ə qarşı apardığı siyasətin nəticəsidir”. İ.İsmayıl Rusiyada yeni teraktların ola biləcəyi ehtimalını da istisna etməyib: “1972-ci ildən bu yana terror dayanmır, yalnız yüksələn xəttlə inkişaf edir. Nə Rusiya, nə Avropa, ümumiyyətlə heç bir dövlət terrordan sığortalanmayıb. Zənnimcə, dövlətlər ayıq olmalıdır”.Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunun “Sennaya Ploşşad” stansiyasında qatarda törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Aprelin 4-də Rusiyanın Həştərxan şəhərində yol qəzasının qeydiyyatını aparmağa gələn iki polisə qarşı naməlum şəxslər tərəfindən silahlı basqın edilib. Həlak olan polislərdən biri leytenanat, digəri isə baş leytenant olub. Polisləri qətlə yetirən 4 şübhəli bu gecə Rusiya Qvardiyasının məntəqəsinə hücum zamanı məhv edilib. Toqquşmada qvardiyanın 3 əsgəri yaralanıb və Balaşixa xəstəxanasına yerləşdirilib. Ağır yaralanan bir polis isə Həştərxana aparılıb. Bu gün isə Rostovun mərkəzində yenidən partlayış qeydə alınıb. Partlayıcı maddə küçə süpürgəçisinin əlində işə düşdüyündən, o, yaralanıb və barmaqlarını itirib. Ən son məlumata görə, Sankt-Peterburqun Nevski rayonundakı yaşayış binalarından birində partlayıcı qurğu zərərsizləşdirilib.