Rəsulzadə Atatürk kimi qorunsaydı.. . Sakarya və BAKI MÜQAYİSƏSİ

Sakarya şəhərində Mustafa Kamal Atatürkün abidəsinə hücum edəni linç etmək istəyiblər; son illər Rəsulzadənin ünvanına səslənən ittihamların sayı artmaqdadır

Türkiyənin Sakarya şəhərində Mustafa Kamal Atatürkün abidəsinə hücum olub. Axar.az xəbər verir ki, abidə qarşısına gələn şəxs ərəbcə bir neçə kəlmə söylədikdən sonra ona balta ilə zərbələr endirməyə başlayıb. Bunu görən yerli sakinlər abidəyə hücum edən şəxsə sərt reaksiya veriblər. Onlar hücum edən şəxsi linç etmək istəsələr də, polis əməkdaşları onu xilas edə bilib.

Türkiyə Cümhuriyyətinin banisinə vətəndaşlar tərəfindən göstərilən bu münasibət Azərbaycanda bir məsələni yenidən gündəmə gətirib. Ölkəmizdə də zaman-zaman bəzi şəxslərin dilindən dövlət xadimlərinin ünvanına ağır ifadələr, təhqirlər səsləndirilib. Şübhəsiz ki, ən çox belə münasibətə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə məruz qalıb. Son olaraq, növbəti dəfə Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə Rəsulzadə ilə bağlı sarsaqlayıb. O açıq şəkildə deyib ki, Rəsulzadə Azərbaycan üçün heç nə etməyib. Bundan öncə də onun bu cür sərsəm fikirlərinə tez-tez rast gəlmişik. Lakin bu tipli fikirlərin heç birinə Türkiyə dövləti və ictimaiyyətinin verdiyi sərt təpkilər qədər ölkəmizdə münasibət görməmişik. Özü də Azərbaycanda daha çox bu cür hədyanlar bəzi tanınmış şəxslərin, deputatların dilindən səslənib. Sanki gündəmə gəlmək yolunu seçənlər Rəsulzadəyə üz tuturlar. Hökumət tərəfindən də bu məsələyə laqeyd yanaşıldığı göz önündədir. Son illərdə isə, görkəmli dövlət xadimlərimizə, xüsusilə, Rəsulzadənin ünvanına səslənən ittihamların sayı artmaqdadır. Belə fikirlərin cəza yaratmadığını görən bəzi deputatların timsalında “susan qarğalar dilə gəliblər”.

Yaranan mövcud vəziyyətdə hökumətlə yanaşı ictimaiyyət də günahlandırılır. Belə fikirlər var ki, cəmiyyət tarixi şəxsiyyətlərinə sahib çıxa bilmir. Əslində məsələnin bəzi detallarına diqqət yetirəndə bu fikirlərdə həqiqətlər görünür. Çünki dövlət xadimləri ilə bağlı bu cür fikirlər demək olar gündəm olmur, bu fikirlərə cəmiyyətin təpkisini görə bilmirik.

Artıq görkəmli dövlət xadimlərimizi gözdən salmaq üçün xoşagəlməz ifadələr işlədən istənilən şəxs barəsində qanunvericiliyə bəzi müddəaların salınması ilə bağlı tələblər meydana çıxıb. Milli dəyərlərimizi qorumaq üçün belə qanunların qəbuluna böyük ehtiyacın olduğu vurğulanır.

Image result for Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli hazırda bu məsələnin Azərbaycanda ən aktual mövzu olduğunu söylədi: “Bu məsələ hər bir ölkənin daxilində əsas olan ideologiyaya birbaşa bağlıdır. Heykəlin təhqir olunması, onun qanundan kənar linç edilməsi təhlükəlidir. Atatürk Türkiyə üçün nə qədər vazkeçilməz şəxsiyyətdirsə, Rəsulzadə də Azərbaycan üçün bu qədər vazkeçilməz şəxsiyyətdir. XX əsrin əvvəllərində ”Diriliş" jurnalında milli birlik ideyaları ilə çıxış edən Rəsulzadə Azərbaycançılıq ideologiyasının əsaslarını qoyurdu. Hətta bununla gələcəkdə Azərbaycan adında dövlət meydana gəldi. Rəsulzadə cənub və şimalda yaşayanların eyni xalq olduğunu sübut etdi. Ona təklif edilən Şirvan, Aran adlarının əleyhinə çıxdı və Azərbaycan adlı dövlətdə yaşadığımızı sübut etdi. Bu gün bu adda yaşadığımız dövlətin qurulmasında onun xidmətləri misilsizdir. Bakını vaxtı ilə bizdən ayırmağa çalışanlara Rəsulzadə deyirdi ki, Bakı Azərbaycanın başıdır, başsız vətən olmaz. O olduqca ciddi şəxsiyyətdir. Çox təəssüf edirəm ki, indi mərhum Heydər Əliyevin liderliyini qəbul edən bəzi insanlar Rəsulzadəni o qədər də qəbul etmək istəmirlər. Amma Heydər Əliyev dəfələrlə Rəsulzadənin böyüklüyünü öz dili ilə etiraf edib. İndiki prezident də bunu dəfələrlə dilə gətirib, AXC hökumətinin liderlərinin xatirəsinə abidə qurulmasını tapşırıb. Bu şəxslərin adlarının qorunması ilə bağlı həm Heydər Əliyevin, həm də İlham Əliyevin qərarları olub. Yəni hüquqi baza var. Bu mənada onları təhqir etmək dövlətçiliyimizi təhqir etmək deməkdir. Rəsulzadəyə bu cür münasibət bildirilməsi, bunun rezonans doğurmaması ictimai motivlərlə də bağlıdır. Burada xalqımızın ictimai-siyasi motivliyinin az olması da mühüm rol oynayır. Müxalifət partiyaları mübarizə aparırlar, amma orada ideoloji zəmin görmürsən. Sanki hər şey yaddan çıxır. Bu amil də burada əsas rol oynayır. Qarşıdan Respublika Günü gəlir. Bu dövləti quranlardan biri Rəsulzadə olub. Onu dışlamaq düzgün deyil".

Deputat bununla bağlı xüsusi qanunun qəbul olunmasına da ehtiyacın olduğunu qeyd etdi: “Bəzi dövlətlərdə onların liderlərinə qarşı hörmətsizlik xüsusi maddələrlə qeyd olunur. Amma demokratik dövlətlərdə ayrı-ayrı şəxslərin təhqir olunmaları ilə bağlı maddələr yoxdur. Hüquqda belə bir şey var ki, şəxsi zəmində mənəvi dəyərlərin ödənilməsi, qorunması ilə bağlı şəxsin özü müraciət edir. Yadımdadır ki, vaxtı ilə Stalinin nəvəsi müraciət etmişdi ki, babam təhqir olunur. Bununla bağlı Rusiya Ali Məhkəməsinin rəsmi qərarı oldu ki, Stalin sağ olsaydı, öz hüquqlarının müdafiəsi üçün çıxış edərdi, yəni onun başqası tərəfindən müdafiəsi düzgün olmazdı. Ölkəmizdə prezidentin şərəf və ləyaqətinin qorunması ilə bağlı qanun var. Eks-prezidentlər barəsində də qanun var. Amma tarixi liderlər barəsində konkret qanunlar olmalıdır. Rəsulzadə prezident olmasa da, hər halda dövlətimizin simvollarından biridir. Bu çox ciddi məsələdir. Siyasi və mənəvi tərəfləri bunun daha çoxdur. Rusiyada İsa və Məhəmməd Peyğəmbərin təhqir olunmasının məsuliyyət yaratması ilə bağlı qanun qəbul edilib.

Azərbaycanda da belə məsələlərin müzakirəsinə böyük ehtiyac var. Çünki ölkəmizdə zaman-zaman görürük ki, çox ciddi tarixi şəxsiyyətlərimiz təhqir olunur. Bu gözdənsalma kampaniyası getdikcə adi hal alır. Nəticədə cəmiyyət parçalanır. Bu da Azərbaycanın ictimai fikrinə və gələcəyinə böyük zərbədir. Bunun haqqında düşünməyin zamanıdır. Qanunvericilikdə bu məsələni müzakirə etməliyik, çalışmalıyıq ki, belə bir qanun qəbul olunsun. Sanksiyalar olmasa belə, inzibati cəzanı nəzərdə tutan qanun vacibdir”.

 






Fikirlər