Bakı möhtəşəm açılışa HAZIRLAŞIR

BTQ-nin işə düşməsinə 6 gün qaldı; Türkiyə və Gürcüstan prezidentləri də Bakıya gələcək

Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılış mərasiminə 6 gün qaldı. 3 ölkə prezidentinin iştirak edəcəyi tədbir oktyabrın 30-da Bakıda baş tutacaq. BTQ dəmir yolunun ilk rəsmi səfəri 30 oktyabrda dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Giorgi Kvirikaşvili iştirakı ilə reallaşacaq.

Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasiya naziri Əhməd Arslan  İstanbulda təşkil edilən tədbirdə üç ölkənin dövlət başçılarının iştirak edəcəyi ilk səfərin Azərbaycanın paytaxtı Bakıdan başlanacağını söyləyib. Nazirin sözlərinə görə, 3 ölkə arasında  qatar səfərlərinin başlanması bölgənin taleyini müsbət istiqamətdə dəyişəcək. 

Bu xəttin Türkiyənin Ədirnə şəhərindən Avropaya çatdırılacağını qeyd edən nazir dəmir yolunu Qars şəhərində logistik mərkəzilə gücləndirəcəklərini qeyd edərək, Ardahan şəhərinə dəmir yolu bağlantısı edərək bu şəhərə də fəallıq qazandıracaqlarını vurğulayıb.  Onun sözlərinə görə, bölgənin taleyi bu cür beynəlxalq layihələrə qoşulmaqdan asılıdır: “Hava limanları var idi, amma dəmir yolsuz mümkün deyildi. Bu qatar işə düşəndən sonra İpək Yolu da canlanacaq”.

Image result for Bakı Tbilisi Qars

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tiflis-Qars dəmir yolunun açılışında iştirak edəcəyini özü də bəyan edib. Prezident Ərdoğan bu barədə “Space” telekanalının Türkiyə müxbiri Vüsalə Abbasovanın BTQ ilə bağlı sualına cavabında danışıb. Ərdoğan BTQ-nin açılış mərasimində iştirak etmək üçün bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib: “Mən bu layihənin uğuruna inandım və nəticə də göz önündədir. İnşallah, bu ayın sonu açılış üçün Bakıya gələcəyik, iki günümüzü o işə ayırdıq”.

Prezident İlham Əliyev də son çıxışlarında BTQ ilə bağlı yüksək fikirdə olduğunu diqqətə çatdırıb və layihədən gözləntilərinin böyük olduğunu bildirib. Dövlət başçısı oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) IX Zirvə görüşündəki çıxışı zamanı deyib ki, Bakı-Tiflis-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaq.

Prezident bildirib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına böyük sərmayələr qoyur. Bu nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaq.

Related image

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da “Yeni Müsavat”a açıqlamasında Bakı-Tiflis-Qars dəmir yolunun strateji və iqtisadi əhəmiyyətini yüksək dəyərləndirdi: “Bu layihə bizim üçün çox əhəmiyyətlidir. Bunun həm iqtisadi xeyirləri var, çünki  Avropa ilə Asiyanı birləşdirən bir dərmir yoludur. Asiya ölkələrinin yükləri bu yolla Avropaya çıxarılacaq. Digər dövlətlər, Ukrayna, Türkmənistan, Qazaxıstan bu dəmir yoluna  qoşulmaq istəyirlər. BTQ-yə maraq həddindən artıq böyükdür. Layihənin iqtisadi əhəmiyyəti çox böyükdür”.

Deputat vurğuladı ki, BTQ siyasi baxımdan da bizim üçün əhəmiyyətlidir: “Çünki bu o zaman siyasi bir qərar idi, hətta böyük  dövlətlər mane olmağa  çalışdılar. Lakin dövlət başçısının təkidi nəticəsində bu yol çəkildi. Azərbaycanın müstəqilliyinin qorunub  saxlanılması üçün  bu cür siyasi  və iqtisadi əhəmiyyətli layihələrin çox böyük əhəmiyyəti var. Layihədə Türkiyə və Gürcüstan birbaşa olaraq iştirak edir. Digər dövlətlərin yükləri  bu dəmir yolu ilə daşınacaq. Biz də  maraqlıyıq ki, BTQ daim işləsin. Yükdaşıma iqtisadi baxımdan Azərbaycana böyük gəlirlər gətirəcək. Çünki layihə ilə əlaqədar çox böyük işlər görülüb, faktiki olaraq əsas vəsaiti Azərbaycan tərəfi qoyub. Türkiyə də bu layihədə çox maraqlıdır, çünki yüklər oradan keçməklə Avropaya çıxarılacaq”.

Məlumat üçün qeyd edək ki, Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən keçərək Gürcüstanın Tiflis və Axalkalaki şəhərinə, oradan isə  Türkiyənin Qars şəhərinə gedəcək. Bu dəmir yolu Azərbaycanla Türkiyəni birləşdirəcək.

Layihə 10 il müddətinə ərsəyə gəlib. 2007-ci il, noyabrın 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisinin təməli qoyulub. Hər üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib.  BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük bir əhəmiyyət daşıyır. Dəmir yolu vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmir yolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 mln. dollar təşkil edəcək.






Fikirlər