İsa Qəmbər Müsavatı qurdlu nara bənzətdi
Teleqraf.com xəbər verir ki, bunu Müsavat Partiyasının üzvü, "Yeni Müsavat" qəzetinin yazarı Elibəy Həsənli deyib.
Ona cavab olaraq Müsavat Partiyası başqanı Arif Hacılının qardaşı Vaqif Hacıbəyli bildirib ki, Müsavatdakı "dəngələr "hələ 2000- ci ildə, partiya daxilində ilkin seçkilər keçiriləndə pozulmuşdu: "Başqanın birinci müavini çox böyük fərqlə digər müavinə uduzmuşdu və növbəti qurultayda ilkin seçkilərin favoritlərindən biri olan müavinə qarşı 67 nəfərlik gizli koalısiya formalaşdırıb revanş götürmək istəmişdi.Lakin qurultaya bir gün qalmış onun gizli siyahısı üzə çıxdı və bu plan baş tutmadı.Həmin qurultayda çıxış edən rəhmətlik Mürşüd Məmmədli "Müsavata uzanan qara əllər kəsilməlidi" demişdi.Qara əllər vaxtında kəsilmədi və başlıcası Müsavat daxilindəki bu "yurdçuluq " təzahürləri vaxtında öz siyasi qiymətini almadı. Həmin 67 nəfərlik koalisiyadan indi Müsavatda 5-10 nəfər qalıb. Bu gün də suyu bulandıranların arxasında duran elə onlardı. Hərçənd ki, qabağa başqa adamları da veriblər. Müsavatda keyfiyyətli adamların az olması barədəki müşahidələr də yanlışdi. Düzdü bizə elə gəlirdi ki, Müsavatda keyfiyyətsiz adam ola bilməz. Amma görəndə ki, partiyada belə adamlar var və onlar heç də tək deyil, bu hal müsavatsevər insanlarda (Elbəyi Həsənlini də o cərgəyə aid edirəm) xəyal qırıqlığı yaradır və bəzən göründüyü kimi, onların həddən artıq olması barədə yanlış təsəvvür formalaşdırır. Əslində isə elə deyil. Bu günlərdə İsa bəy bu situasiyanı bəzi dostlarımızın yanında çox gözəl izah etdi.O belə ünsürləri gözəl "gülövşə" narının içinə düşən çürük nar dənələri ilə müqayisə edərək həmin çürük dənələrin təmizlənməsinin vacib olduğunu,əgər belə olmasa o dənələrin narı tam olaraq çürüdə biləcəyini vurğuladı. Başqa sözlə, rəhmətlik Mürşüd müəllim demişkən "qara əllər kəsilməlidir".
V.Hacıbəyliyə görə, partiyanın bütün rəsmi struktarı istisnasız olaraq sağlam qüvvələrin tam nəzarətindədirsə, keyfiyyətsiz adamların partiyada çoxluq təşkil etməsinə dair mülahizə əsassızdır: "O ki, qaldı xalqımızın demokratiyaya hazır olmaması tezisinə, bu tezis də ümumiyyətlə tənqidə dözmür. Ləyaqətlə uduzmaq mədəniyyətinin hələ tam formalaşmaması deyilsəydi, mən bununla müəyyən mənada razılaşardım.
Demokratiyaya hazır olmaq və ya olmamaq problemi yalnız Musavatın qurultayı ətrafındakı olaylarla xarakterizə edilə bilərsə, onda dünyada demokratiyaya "hazır olan" heç bir millət yoxdur,çünki hər yerdə seçkilərdə "qara piar"da olur,intriqalar da,istefalar da.Bunu partiyanın dağılması kimi xarakterizə etmək isə ən azı tezdi. Mən şəxsən hesab edirəm ki,bu proseslərdən sonra partiya nəinki dağılmayacaq, əksinə daha da güclənəcək,demokratiyanın inkişafına yeni - yeni təhfələr verəcək. Demokratiya isə xatırladığınız kimi, idarəetmənin çox pis növüdür və təəssüflər olsun ki, bəşəriyyət ondan yaxşısını tapa bilməyib.Bunu da rəhmətlik Çörçil demişdi".