İlqar Məmmədovun HƏYATINI dəyişdirə BİLƏCƏK GÜN

REAL sədri həbsdən azad edilməzsə, ölkəmiz Avropa Şurasından çıxarılma təhlükəsi ilə üzləşə bilər 

Azərbaycan hökumətinin REAL sədri İlqar Məmmədovla bağlı son iki ayda üzləşdiyi ciddi problem üçün son kritik gün 5 dekabrdır. Belə ki, Avropa Şurası Nazirlər Komitəsi REAL sədri ilə bağlı Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsini yerinə yetirib-yetirməməsinə dair Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilər.

Əvvəlcə Avropa Şurası vicdan məhbusunun azad edilməsi üçün oktyabrın 25-nə qədər vaxt versə də, həmin zaman tamam olandan sonra AŞ vaxtı noyabrın 29-na qədər uzatmış, həmin vaxta qədər İ.Məmmədov azad edilməsə, Nazirlər Komitəsinin dekabrın 5-nə qədər Avropa Məhkəməsinə müraciət etmək niyyətində olduğunu bəyan etmişdi. Artıq həmin vaxt da bu gün tamam olur. Əgər Nazirlər Komitəsi müraciətini edərsə və rəsmi Bakıya qarşı konvensiyasının bu maddəsi işə salınarsa, ölkəmiz Avropa Şurasından çıxarılma təhlükəsi ilə üzləşə bilər.

Bu təhlükənin həm Azərbaycan, həm də AŞ-yə sərf etmədiyini düşünərək, ölkəmizə qarşı bu maddənin işə salınmayacağı bildirilir və bu baxımdan İ.Məmmədovun tezliklə azad ediləcəyi deyilir. Ən uyğun variant kimi də bu ayın sonunda veriləcək əfv sərəncamı ilə vicdan məhbusunun azad edilməsi göstərilir.

REAL sədrinin vəkili Fuad Ağayev AŞ-nin Nazirlər Komitəsinin hansı qərarı verə biləcəyi barədə danışmağa çətinlik çəkdiyini qeyd etdi: “Proqnoz verməyə çəkinirəm. Gözləyək görək nə olacaq... Nə qədər yaşayırıq, o qədər nəyəsə ümidliyik. Əfvlə İlqar Məmmədovun azadlığa buraxılmasına gəlincə, bu sualı Əfv Komissiyasına ünvanlayın. Bu sualın cavabı mənim özümə də maraqlıdır”.

Image result for REAL hərəkatının icraçı katibi Natiq Cəfərli

REAL hərəkatının icraçı katibi Natiq Cəfərli hüquqi prosedura olaraq müraciətin edilə biləcəyini qeyd etdi: “Müraciət olsa belə, bu o demək deyil ki, həmən qərar veriləcək. Yəni müraciət olunsa belə, hüquqi proseduralara görə, Avropa Şurası Nazirlər Komitəsi və Məhkəməsinin işləmə qaydalarına uyğun olaraq, məhkəmə üç ay ərzində öz rəyini açıqlamalıdır. Bu rəy verildikdən sonra Nazirlər Komitəsi növbəti toplantısında rəyi dəyərləndirəcək. Yəni müəyyən zaman var. Müraciət, obrazlı desək, dünyanın sonu deyil. Azərbaycan hökuməti addım atsa, nəhayət ki, İlqar Məmmədovun hüquqları bərpa olunsa, yəni hər hansı bir formada azadlığa çıxsa, müraciət qüvvədən düşmüş hesab olunacaq. Düşünürəm ki, nə Avropa Şurası Azərbaycan kimi bir ölkənin qurumdan kənarda qalmasını istəyir, nə də gördüyüm qədəri ilə Azərbaycan Avropa məkanından kənarda qalmaq istəmir. Prezidentin Brüssel səfəri də göstərdi ki, kifayət qədər Avropa qurumları ilə səmimi münasibət qurulmağa çalışılır. Bildiyim qədəri ilə Azərbaycan hökuməti və Avropa qurumları tərəfindən kəskin addımların atılmasını istəyənlər yoxdur. Ümid etmək istəyirəm ki, İlqar Məmmədov məsələsi tezliklə həll olunacaq, Azərbaycanla Avropa qurumları arasındakı anlaşılmazlıq geridə qalacaq, bu münasibətlər daha yaxşı mərhələyə qədəm qoyacaq. Ölkəmiz üçün Avropa məkanı çox vacib istiqamətdir, həm siyasi əlaqələr, həm ticari, həm də iqtisadi baxımdan. Hər iki tərəfdən tələskənliyə yol verilmədən, İlqar Məmmədovun azadlığa buraxılması şərti ilə yumşaq addımların atılmasını gözləyirəm. Açığı, bu ilin sonuna qədər İlqar bəy azad olunsa, bizim üçün böyük sürprizlər olar. Buna hamımız çox sevinərik. Amma elə ciddi bir ümidim yoxdur. Lakin yaxın aylarda bu məsələnin həll olunacağına ümidliyəm”.

Image result for Hüquq müdafiəçisi Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, Azərbaycan dövlətçiliyi üçün bu ayın sonuna qədər tək İlqar Məmmədovun deyil, bütövlükdə siyasi məhbusların azad edilməsi vacibdir: “Bir məhbusun adını çəkməklə Avropa Şurası düzgün hərəkət etmir. Çünki həmin məhbusların hamısını buraxmaq lazımdır. İlqar Məmmədov, sadəcə, Avropa Şurasında işlədiyi üçün ona daha çox diqqət ayırırlar. Hökumətimizin yerinə olsam, siyahıda olan bütün siyasi məhbusları azad edərəm. Bu da Azərbaycan dövlətçiliyinin qorunması üçün atılan ən böyük addımlardan biri olardı. Bu gün hər kəs siyasi məhbusların olmasını bizə irad tutur. Yaşım çox olduğu üçün tövsiyə edirəm  ki, bu ay İlqar Məmmədov, Əli İnsanov başda olmaqla, siyasi məhbusların hər birini azad etsinlər. Bu, ölkəmizə ancaq başucalığı gətirər. Bizə qarşı Avropanın iradlarını bu şəkildə aradan qaldıra bilərik. İşğalçı Ermənistanı Avropa Şurasına üzv qəbul edirlər, əgər bizdə siyasi məhbuslar olmasa, bu istiqamətdə sözümüzü deyə bilərik. Bir şəxsdən ötrü Avropa ilə üz-üzə gəlməyə dəyməz. İradları ancaq hazırda İlqar Məmmədovdur”.






Fikirlər