“Ermənistanın müalicəsi Azərbaycan əsgərinin qılıncının altından keçir”
“Yeni Müsavat”ın qonağı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlidir. Emin bəylə Dağlıq Qarabağ ətrafında cərəyan edən proseslər və digər məsələlərlə bağlı söhbət etdik.
- Emin bəy, ötən ilin aprel döyüşlərindən sonra Dağlıq Qarabağ ətrafında gedən proseslər qızışıb. Bunun sonluğunu necə dəyərləndirirsiz?
- Aprel hadisələri böyük bir test oldu. Hər kəs üçün nəticə çıxarmalı hadisələr yaşadıq. Ermənistan işğaldan sonra bir mif yaratmışdı, buna “Ohanyan xətti” də deyə bilərik. Bu mifi Azərbaycan 40-45 dəqiqəyə darmadağın etdi. Nəticədə Ohanyan da istefaya göndərildi. Həmin əməliyyatlarda ordumuzun bir neçə günə Qarabağı azad etmək qabiliyyətində olduğu göründü. Əslində bu fikir ölkə daxilində tez-tez səslənirdi. Amma beynəlxalq aləmdə şişirdilmiş kimi qəbul olunurdu. Lakin aprel hadisələri bunun sübutu oldu və ermənilər idarəetməni tamam itirdilər. Cənab prezident daha öncə bildirmişdi ki, ölmək istəmirsinizsə, Füzuliyə, Ağdama gəlməyin. Erməni valideynlər övladlarının meyitlərini götürüb, Prezident Aparatının önünə belə getdilər. İlk dəfə Ermənistanda dedilər ki, biz övladlarımızın başqa torpaqlarda ölməsini istəmirik. Bu gün Ermənistan hökuməti nə qədər əhalini inandırmağa çalışsa da, mümkün deyil, çünki artıq ermənilər ordumuzun gücünü yaxşı bilirlər, həm peşəkarlığına, həm döyüş əzminə, həm vətənpərvərliyinə, həm də texnikasına görə...
Artıq ermənilər o ruh düşkünlüyünü aradan qaldıra bilməyəcəklər. Yaxınlarda sizin mətbuat orqanı başda olmaqla, bütün mətbu orqanlar verdilər, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi bildirdi ki, Azərbaycan Zəngəzur, İrəvan və Qarabağı qaytarmaq istəyir, buna da gücünü var. Bu bir etiraf idi. Biz heç bir kömək olmadan dövlət olaraq, bunları etdik. Ermənistan artıq gücümüz qarşısında dayana bilmir. Aprel hadisələrindən sonra Ermənistan ali təhsil alan şəxslər üçün möhlət hüququnu da ləğv etdi. Artıq qəbul olsa belə, 18 yaşına çatan şəxs hərbi xidmətə getməlidir. Amma biz də magistraturaya belə möhlət hüququ verilir. Bu amil Azərbaycan-Ermənistan arasındakı fərqi açıq göstərir. Bu fərqlər sübut edir ki, Azərbaycan hər an torpaqlarını işğaldan azad edə bilər. Bu müddətdə Azərbaycan Müdafiə Sənayesi Nazirliyini yaratdı. Ermənistanın isə bu cür imkanları yoxdur. Səfərbərlik hazırlığı bizdə yüksək səviyyədədir. Şəhidlərimizin dəfni çox yüksək səviyyədə aidiyyəti qurumlar tərəfindən həyata keçirilir, bu da bizlərdə qürur hissi yaradır. Müdafiə Nazirliyinin bir neçə hərbi hissəsi bütövlükdə Qarabağı işğaldan azad edə bilər. Aprel hadisələrində Azərbaycan heç səfərbərlik etmədi.
Bizim təşkilat və digər qazilər, veteranlarla bağlı qurumlar tez-tez hərbi hissələrdə oluruq. Ordumuzdakı inkişafı görürük. Şəhid, əlil ailələrinə diqqət durmadan artır. Cənab prezidentin ad günlərini məcburi köçkünlər, yaxud əsgərlərlə birlikdə qeyd etməsi təsadüfi deyil. Biz ədalətsiz, hüquqsuz dünyada yaşayırıq. Biz ehtiyatda olan hərbçilər olaraq, qardaş Türkiyənin qazilər dərnəkləri ilə sıx əməkdaşlığımız var. Aprel qazilərinin bir hissəsinin də Türkiyəyə səfərini biz təşkil etdik, oradan da bura səfərə gəldilər. Türkiyə Azərbaycanın ordu quruculuğuna hər zaman dəstək verir. 4 türk vətəndaşının Qarabağa qanunsuz səfərini həmin qazilər yüksək səviyyədə pislədilər, haqq işimizi müdafiə etdilər. İkiyaşlı Zəhra ilə bağlı məsələyə ilk onlar reaksiya verdilər. Dünyanın müxtəlif ölkələrində Azərbaycanın haqq işini aparmaqda davam edirik. Ən çox sülh istəyən müharibə veteranlarıdır, çünki zamanında bunun ağırlığını görüblər. Azərbaycanda qazilər, əlil və veteranlarla bağlı olan təşkilatların hər birinin fəaliyyətini yüksək qiymətləndirirəm.
Bizim aprel hadisələrindəki mediamızla əvvəlki vaxtların mediası arasında böyük fərq var idi. Dünyanın hər yerində belədir, yəni müharibə olanda media dərinliyi ilə məlumat vermir, eyni zamanda, ordunun yanında olur, necə ki, aprel hadisələrində mətbuatımız belə etdi. Siyasi partiyaların mövqeyini də yüksək qiymətləndirmək lazımdır. Dövlət sirrini daim qorumalıyıq. Peşəkar ordumuz kimi, peşəkar mətbuatımız da var. Xocalıda o boyda hadisə baş verdi, amma bir neçə ildən sonra bunu dünyaya çatdıra bildik. Amma Zəhra faciəsini saatlar ərzində dünyaya yaydıq. Demək, dövlət güclü olanda haqq işini dünyaya daha tez yayır. Ermənistan bütün cəbhələrdə geriləməkdə davam edir. Bu cür davam etsə, Ermənistanı çox ağır cəzalar gözləyir. O cəzanı da haqq edirlər. Biz 20 ildən artıqdır gözləyirik, dünyaya göstərmişik ki, bu qədər gücümüz ola-ola yenə də sülh istəyirik. Ermənistanın müalicəsi Azərbaycan əsgərinin qılıncının altından keçir. Zaman Azərbaycanın durmadan xeyrinə işləyir. Biz vacib olan o əməliyyatı mütləq keçirəcəyik.
“Ermənilərin Mübariz İbrahimov, Ramil Səfərov kimi nümunələri yoxdur”
|
- Qarşıdan gələn 2018-ci illə bağlı gözləntiləriniz varmı?
- Biz heç zaman ümidimizi itirmirik. O məsələyə arzu kimi də baxmırıq. Torpaqlarımızı azad etmək haqqımız var. Bu istiqamətdə vətəndaş və dövlət arasındakı həmrəylik vacib amildir ki, bu bizdə var. Aprel hadisələri bunu sübut edib. Artıq Minsk Qrupu həmsədrləri olan ölkələr etimadlarını itiriblər. Aprel hadisələri də onu sübut etdi ki, bu dövlətlərin vasitəçiliyinə heç bir ehtiyac yoxdur. Ermənistanı ayaqda saxlayan da Rusiya, Amerika və Fransadır. Onların yardımı dayansa, cənub qonşumuz İran üzərindən ermənilər keçməsə, qısa zamanda əməliyyat olmadan belə Ermənistan məğlubiyyətə düçar olar. Minsk Qrupu vasitəçilik etmir, əksinə, problemi uzadır. Ermənilərin Mübariz İbrahimov, Ramil Səfərov kimi nümunələri yoxdur. Biz münaqişənin həlli üçün bütün məsələləri həll etmişik. Sadəcə, beynəlxalq mövqe məlumdur. Bir həqiqət var ki, hər qaranlıq bir gecənin işıqlı sabahı var. 2018-ci ildə şərtlər diktə etsə, Azərbaycan nəinki Qarabağı, tarixi torpaqlarını belə azad edə bilər. Gələn il İrəvanın Ermənistana paytaxt kimi verilməsinin 100 ili tamam olur. Eyni zamanda gələn il bizlər üçün bir neçə əlamətdar günlər var. Cümhuriyyətimizin, Silahlı Qüvvələrimizin, Bakının işğaldan azad edilməsinin 100 illiyi, ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyidir. Ümid edirik ki, gələn il real haqqımız olan torpaqlarımızı azad edəcəyik. 2018-ci ilin tariximizə qələbə ilə kimi yazılmasını ürəkdən arzulayırıq. Aprel ayı ruhumuzun qələbəsidir. Bir şey həqiqətdir ki, Ermənistanın dövlət kimi inkişafı Azərbaycan torpaqlarının azad edilməsindən keçir. Biz ordumuza ürəkdən inanırıq.
- Belə fikirlər səsləndirilir ki, Qarabağda müharibə olarsa, heç bir dövlət müdaxilə etməyəcək...
- Cənab prezident atdığı addımların hər birini hesablayır. Tarix keçdikcə, ölkə başçısının nə qədər ölçülü-biçili addımlar atdığının şahidi oluruq. Bu qərarı verəcək ali bir baş komandanımız var. Kim bilirdi ki, Ramil Səfərov azad ediləcək? Əksinə, onun məsələsində dövlətin seyrçi mövqeyi tutulduğu tez-tez önə çəkilirdi, amma sonluq ortadadır. 1992-93-cü illər deyil ki, əməliyyatlarımız açıq şəkildə müzakirə edilsin. Aprel hadisələrinin necə gözəl təşkil olunduğu məlumdur. Bu məsələdə ilk növbədə, cənab prezident tərəfindən Azərbaycanın dövlət maraqları öndə tutulur. Aprel hadisələrində nəticə bizi tam qane etməsə də, Ermənistanın zabiti, əsgəri və əhalisinin nə qədər mənəvi zərbə aldıqları ortadadır. Yaxın 10 illərdə belə onlar bu şokdan ayılmayacaqlar. Digər dövlətlərin müdaxilə etməyəcəyi fikirlərinə gəldikdə isə unutmaq lazım deyil ki, beynəlxalq hüquq işləmir. Burada ölçülü-biçili davranmaq lazımdır. Bu gün Amerika üç dövləti dünya üçün təhlükə mənbəyi elan edib, Rusiya, İran və Şimalı Koreya. Bu dövlətlərdən ikisi qonşumuzdur. Azərbaycan həm Qərblə, həm də qonşu ölkələrimizlə yüksək səviyyədə əməkdaşlıq edir. Azərbaycan heç vaxt atəşkəsi pozmayıb. Aprel hadisələrində də ermənilər pozmuşdular. Atəşkəsi pozmaq bizim haqqımızdır. Amma unutmaq olmaz ki, Azərbaycan bir dəfə atəşkəsi pozacaq və onda da heç bir dövlət müdaxilə etməyəcək. Vaxtilə yanlış siyasət ucbatından qonşu ölkələri özümüzə düşmən etdik. Amma ulu öndərimiz və İlham Əliyevin düzgün siyasəti nəticəsində bu dövlətlər neytrallaşdılar. Azərbaycan öz sabitliyini qoruyur.
“Qazilərə qan pullarının verilməməsi...”
|
- Qazilərlə bağlı bəzi problemlər var ki, onlardan biri də qan pulunun verilməməsidir. Sizcə, bu problemi aradan qaldırmaq Azərbaycan üçün çoxmu çətindir?
- Bu istiqamətdə işlər gedir. Sadəcə, vaxtında bizə ciddi problemlər qoyulub. Nəticədə də bu cür problemlər yaranır. Qazilərə qan pullarının verilməməsinə gəlincə, biz bununla bağlı aidiyyəti qurumlara müraciət etmişik. Düşünürəm ki, üzümüzə gələn illərdə bu məsələ bütövlükdə həll olunacaq. Bu problem mütləq həll olunmalıdır. Amma qazilərlə bağlı xeyli işlərin görüldüyünü də unutmaq olmaz. Onlar ev, maşınla təmin olunublar. Bundan əlavə, şəhid olanların dəfnini də dövlət təşkil edir, yerli icra orqanları da yas mərasimlərini təşkil edirlər. Biz də hərbi yönlü təşkilat olaraq, bütün belə yas mərasimlərində iştirak edirik. Bu gün vətənpərvər gəncliyimiz var. Olan problemlər 90-cı illərindir. Bəzi şəxslər özlərini elə təqdim edirlər ki, daha çox pul dövlətdən alsınlar deyə, insan dəhşətə gəlir. Problemlərin həllini deyərdim ki, hamıdan çox cənab prezident istəyir. Bütün dünyada olduğu kimi bu məsələlərə səhlənkar olan insanlar bizdə də olacaq. Amma bunu bütövlükdə dövlətin adına çıxmaq yolverilməzdir. İnşallah, onların kompensasiyası da mütləq olunacaq".
“Yeni Müsavat”