ZAKİR HƏSƏNOVun Çin səfərində ƏSAS HƏDƏF

Elxan Şahinoğlu: “Rusiyadan silah və hərbi texnika asılılığımızı azaltmalıyıq...”

Ötən həftənin ölkəmiz üçün əhəmiyyətli hadisələrindən biri müdafiə naziri general-polkovnik Zakir Həsənovun Çinə səfəri və orada keçirilən görüşlər, hərbi yardımın göstərilməsi ilə bağlı sənəd imzalanması oldu. ÇXR-in Milli Müdafiə Nazirliyində iki ölkənin müdafiə nazirlərinin görüşü olub. Görüşdə Çinin milli müdafiə naziri iki ölkənin hərbi sahədə əməkdaşlığına toxunaraq bu istiqamətdə böyük potensialın olduğunu bildirib.

O, ölkəsinin Dağlıq Qarabağ münaqişəsində mövqeyinin dəyişmədiyini, hər zaman olduğu kimi, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu xüsusi qeyd edib. Azərbaycanın müdafiə naziri Çinin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib.

Görüşün sonunda iki nazirlik arasında hərbi yardımın göstərilməsinə dair sənəd imzalanıb. Səfər çərçivəsində nazir Zakir Həsənov Çinin hərbi sənaye kompleksinə daxil olan “Poly Technologies” şirkətində olub. Müəssisənin istehsal etdiyi müasir döyüş texnikası və digər hərbi təyinatlı məhsullar ilə tanış olub.

Bəs, müdafiə nazirinin Çin səfərinin Azərbaycan üçün hansı əhəmiyyətləri var? Çin hərbi sənayesi Azərbaycanın silah arsenalı üçün əhəmiyyətlidirmi?

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu bildirdi ki, bu səfər bir neçə baxımdan əhəmiyyətlidir: “Birincisi, Çin dünyanın aparıcı dövlətlərindən biridir,  BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Doğrudur, Çin dünyada daha çox iqtisadi gücü ilə tanınıb. Ancaq bu dövlətin hərbi qüdrəti də hər keçən gün artır. Çinin güclü hərbi-sənaye kompleksi var, müxtəlif növ silah və hərbi texnika istehsal edir. Bu baxımdan Azərbaycanın Çinin hərbi-sənaye kompleksinə artan marağı normaldır. Biz bu ölkədən müxtəlif növ silahlar ala bilərik. Təsadüfi deyil ki, müdafiə naziri Zakir Həsənovun Çinə səfərinin əhəmiyyətli hissəsinə bu ölkədəki hərbi sənaye kompleksinə aid müəssisələrin ziyarəti daxil idi. İkincisi, biz Rusiyadan çox silah aldıq. Rusiyadan silah və hərbi texnika asılılığımızı azaltmalıyıq. Həm də Rusiyanın bizə göndərdiyi silah və hərbi texnikanın keyfiyyətindəki qüsurlar barədə də müxtəlif xəbərlər var. Necə ki, enerji resurslarımızın dünya bazarlarına çatdırılmasını şaxələndirmişik və bir dövlətdən asılı deyilik, eləcə də silah və hərbi texnika alışında bir dövlətdən asılı olmamalıyıq. Ona görə də Çinin silah bazarı bizi cəlb edir. Həm də biz Çindən silah alsaq Rusiya buna etiraz edə bilməyəcək. Çünki Çin hansısa Qərb ölkəsi deyil. Çin sözdə Rusiyanın strateji tərəfdaşıdır və strateji müttəfiqinin Azərbaycana silah satışına etiraz edə bilməz. Eyni məntiqlə Rusiya Azərbaycanın Belarusdan raket komplekslərinin alışına da etiraz edə bilməz, etməməlidir. Çünki Belarus da sözdə Rusiyanın strateji tərəfdaşıdır. Üçüncüsü, Zakir Həsənovun Çinə səfərinin bir başqa əhəmiyyəti də var. Ermənistanda xaosdur, hakimiyyət boşluğudur. Ən çox qorxduqları da Azərbaycan ordusunun bundan istifadə edərək işğal edilən torpaqları azad etmək məqsədilə hücum əməliyyatına başlamasıdır. Qoy daima bu psixoloji təzyiq altında olsunlar və belə bir məqamda Zakir Həsənovun Çinə səfəri və bu ölkədən hərbi texnikanın alışı ilə bağlı fikir mübadiləsini aparması Ermənistan cəmiyyətinə növbəti mesajımızdır ki, biz müharibə hazırlıqlarımızı davam etdiririk, bundan gərəkli nəticə çıxarın”.

Zakir Həsənov Çində ile ilgili görsel sonucu

Ordu.az saytı isə qeyd edir ki, Çinin nəhəng hərbi sənayesində ölkəmizin hərbiçilərini maraqlandıran bir çox sistemlər var.

1) İnformasiya texnologiyaları mühafizəsi sahəsində aparat və proqram qərarları;

2) Döyüş, kəşfiyyat, REM, uçan idarəetmə məntəqələri funksiyalarını yerinə yetirən təyyarələr;

3) Hava Hücumundan müdafiə sistemləri;

4) Universal operativ-taktiki zərbə sistemıəri;

5) Koordinatları müəyyən edən peyk sistemlərinin siqnallarını qəbul imkanı;

6) Hərbi-tədris sahəsində əməkdaşlıq.

Çinin mühəndisləri lokal sahələrdə istifadə etmək üçün çəkinmədən müxtəlif kibernetik əməliyyat sistemləri layihələndirərək, onların mikroprosessor özəyini qura bilirlər. Bu da bəzi kompüter əməliyyat sistemləri üçün yazılmış “casus proqramlarını” belə lokal sistemlər üçün yararsız edir. Bu sahədə Çindən öyrənə biləcəyimiz çox şeylər var.

Döyüş təyyarələri alışı sahəsində bizim ölkəmizin elə də böyük seçimi yoxdur. Nəinki bizim ölkəmizin, hətta dünya ölkələrinin əksər qisminin seçimi elə də böyük deyil. Müasir döyüş təyyarələri istehsalının tam komponentləri dünyada yalnız ABŞ şirkətlərində, Fransa-İngiltərə-Almaniya sərmayəli Avropa Konsorsiumunda, Fransanın “Dasso” şirkətində, İsveçin “Saab” şirkətində, Rusiya Federasiyasının şirkətlərində və Çin şirkətlərində var. Çinin aviasiya sənayesi məhsulları da ordumuzun tələbləri üçün maraqlı ola bilər. Bu ölkədə istehsal olunan təyyarələrin içində bizim üçün ən maraqlısı 2000-ci illərin əvvəllərində ÇXAO (Çin Xalq Azadlıq Ordusu) silahlanmasına daxil edilmiş 4+ nəsilli “Çendu” J-10 qırıcı-bombardmançı təyyarəsi, Çinin və Pakistanın birgə istehsalı olan “Thander” JF-17 blockll modifikasiyalı çoxfunksiyalı yüngül döyüş təyyarəsi və müasir KJ-500 “Uçan aviasiya idarəetmə məntəqəsi”dir.

Zakir Həsənov Çində ile ilgili görsel sonucu

Hər üç təyyarə bizim aviasiyamızın döyüş qabiliyyətinin inkşafına böyük təkan verə bilər. Bu maşınlarla silahlanmış aviasiyamız daha asanlıqla potensial düşmənin hücum edən zərbə təyyarələrini məhv edə bilər, həm də onun hava hücumündan müdafiə sistemini qət edib boğa biləcək. Bu isə düşmənin ordusunun infrastrukturu yerləşmiş rayonun üzərindəki səmaya tam sahibliyi ələ keçirərək, onun birləşmələrinə və obyektlərinə birbaşa zərbə endirmək imkanı deməkdir. Belə zərbələr üçün bahalı raket silahı yox, ucuz qiymətli azad düşən aviasiya bombaları kifayətdir. Partlayıcı gücü operativ-taktiki raketlərin partlayıcı gücündən heç də az olmayan bu sursatlar yalnız partlayıcı maddədən və qəlpələnən polad örtükdən ibarətdir. Bir sözlə, bu sursat operativ-taktiki raketlərdən bəzən min dəfə ucuz qiymətə istehsal olunur. Belə sursatların istehsalı da ölkəmizdə artıq seriyaya salınıb və Bakı müəssisələrindən birində istehsal olunur.

Çin istehsalı olan hava hücumundan müdafiə sistemləri-ZRK-ları - HQ-9, HQ-12 və HQ-16 (LY-80) HQ-17 - bizim ordunu maraqlandıra bilər. Əgər bu sistemlərin deklarasiya olunmuş xüsusiyyətləri onların həqiqi xüsusiyyətləri ilə uyğun gəlirsə, ölkəmizin çoxeşelonlu HHM sisteminin qurulmasında onlardan istifadə etmək olar. Çinin CASİC və CASC şirkətlərinin hazırladığı BP-12A və GATSS universal taktiki cəbhə zərbə kompleksləri isə dünyada ilk üçlüyə daxildir.

Çin özünü ABŞ-ın, Avropa İttifaqının, Rusiyanın peyk qlobal yerini təyinetmə siqnallarından (GPS) asılı etməmək üçün özünün “Baydu” sistemini qurub.

Ordumuzun bu sistemin şifrli hərbi-kommersiya kanallarına girişinin olması məqsədəuyğun olardı. Koordinatları təyin edən sistemlərimiz nə qədər çox bir-birini tamamlayarsa, o qədər yaxşı olar. Çünki müəyyən siyasi şəraitdə ABŞ, Avropa və Rusiya öz koordinat peyklərinin dəqiqliyini bizim refion üzərində azalda bilərlər. Bununla da bizim GPS idarəetməsi olan yüksək dəqiqlikli sursatlarımız adi sursatlara çevrilə bilər.

Çin dövləti min illik hərbi ənənələri olan bir dövlətdir. Onun güclü hərbi məktəbi var. Dünyanın ən ambisiyalı və sürətlə inkşaf edən ordusudur. Bu baxımdan ÇXR hərbi məktəblərində və akademiyalarında keyfiyyətli hərbi biliklər qazanmaq mümkündür. Bizim ordumuzda həqiqi hərbi xidmətdə olan bir neçə istedadlı hərbçi bu ölkədə təhsil alıb. Bu sahə də bizim üçün maraqlıdır. Müxtəlif hərbi sistemlərdə təhsil almış zabitlərimiz ölkəmizdə hərbi fikrin inkşafına təkan verə bilərlər.






Fikirlər