DÜNYA PARÇALANIR, PERSPEKTİV QORXUDUCUDUR! – “Buna bənzər 16 hadisədən 12-si MÜHARİBƏ İLƏ BİTİB”

shahmat

Dünya parçalanıb. Fundamental dəyərlər iplərinə qədər sökülür, əsas prinsplər və beynəlxalq institutlar dağılır. Münaqişələr getdikcə çoxalır, böyük dövlətlərin silahlanması sayəsində gərginlik daha da artır, halbuki, bu heç kimə sərf etmir.

Ümumi rifah naminə diplomatik qərarların verilməsi nadir hala dönüb. Gəlin müasir siyasətin bir neçə xarakterik xüsusiyyəti ilə tanış olaq.

1) BMT-nin qlobal müqaviləsi dövlətlərarası münasibətlərin üç prinsipini diz üstə qoyurdu: dövlət suverenliyi, ərazi bütövlüyü və digər dövlətlərin işlərinə müdaxilə olunmaması. İndi bunların heç birini dünya siyasətinin nüvəsi saymaq olmaz.

1990-cı illərdə Ruandada və Balkanlardakı qanlı qırğınlardan sonra qərara alınıb ki, öz əhalisinə hücum etməmək dövlət suverneliyinin təminatı sayılsın.

2005-ci ildəki BMT sammitində genosidin, hərbi cinayətlərin, etnik təmizləmənin qarşısını almaq üçün hərbi müdaxiləyə icazə verilməsi barədə qərar çıxarılıb.

Bu yeni “qorumağa məsuliyyət daşımaq” doktrinası 2011-ci ildə Liviyada sınaqdan çıxarıldı və dərhal da sui-istifadə olundu. Baxmayaraq ki, çoxları bunu xoşagəlməyən rejimlərin əvəzlənməsinin gizli mexanizmi hesab edir, amma özünün xoş məramı ilə həmin doktrina indidə fəaliyyətdədir.

2) Beynəlxalq hüquq sərbəst şəkildə bu və ya digər ölkənin xeyrinə yozulmağa başlayıb. Ruslar Krımı ilhaq edərkən açıq formada beynəlxalq hüququ pozdular. Lakin hamıdan çox qışqıran dövlətin özü bunu hərbi yolla pozmaqdan vaz keçməz. Bu yaxınlarda Suriyadakı kimyəvi hücum kimyəvi silah barədəki müqavilənin kobud pozulmasıydısa, bunun ardınca gələn bombalama heç də az acınacaqlı hadisə deyildi. Suriyada görürük ki, hər kəs vəziyyəti özünə sərf edəcək şəkildə şərh edir.

3) Hələ 20 il bundan öncə dünya birqütblü idi, indi isə o çoxmərkəzli olub. Özünün “Strateji düşüncə” (2012) kitabında Zbignev Bzejinski yazır ki, indi ən böyük təhlükəyə məruz qalanlar – böyük dövlətlərin orbitində dolanan kiçik dövlətlərdir.

Çinli analitiklər bu mənzərəyə yeni çalar əlavə ediblər. Onlar Çinin sürətlə inkişafını nəzərdə tutaraq dünyanın tezliklə yenidən ikiqütblü olacağını qeyd edirlər. Bu dəfə fövqəldövlətlər ABŞ və Çin olacaq. Ən sonda dünya çoxmərkəzli qalacaq, amma başlıca rollar bu oyunçular arasınada oynanılacaq.

4) Amerika imperiyası Britaniyanın yolu ilə hərəkət edir. Beynəlxalq iyerarxiyada Çin iki nömrəli ölkədir. Ola bilər ki, Çin tezliklə Amerikanı birinci yerdən vurub salsın, ona görə də Çinə problem, rəqib və ya düşmən kimi baxılır. Amerikan politoloqu Qrem Ellisonhesablayıb ki, son 500 ildə buna bənzər 16 hadisə olub və onlardan 12-si müharibə ilə bitib.

ABŞ və Çin arasındakı ziddiyyət daha aydın sezilməyə başlayıb və hakim iyerarxiyası istənilən an laxlaya bilər və tərəflərin bu vəziyyətdən necə çıxacaqları aydın deyil.

5) Bir vaxtlar çoxtərəfli əməkdaşlığa üstünlük verən ABŞ indi özü bunu pozur. Tramp ikitərəfli müqavilələrin tərəfdarıdır, çünki belə bir çərçivədə ABŞ-ın nəhəng gücü daha aydın görünür.

Elə bu səbəbdən də kiçik ölkələr həmişə öz səylərini vahid qayadalara və standartlara əsaslanan beynəlxalq foruma doğru yönəltməyə çalışırlar. Amma indi beynəlxalq institutlar öz güclərini itirir. Ticarət müharibəsi təhlükəsi yaranıb.

6) Qarşılıqlı asılılıq yeni müharibələrin qarşısını ala bilər düşüncəsini rəhbər tutaraq 1950-ci illərdə Avropa ölkələri kömür və polad istehsalı üzərindən birləşmək qərarına gəldilər. Sonradan bu əməkdaşlıq böyük inteqrasiya layihəsinə döndü və bu isə dövlət suverenliyindən qismən imtinaya gətirib çıxardı. Beləliklə, Avropa Birliyi sülh naminə böyük layihəyə döndü.

Son illər Avropanın vahidliyi çatlar verməyə başladı, inteqrasiya prosesi dayandı və yenidən əbədi suallar meydana çıxdı: inteqrasiyanın mənası varmı, o istənilən an “taym-aut götürə bilərmi”? İndiki staqnasiyanı tənəzzülün əlaməti hesab etmək olarmı?

“Breksit” prosesi istənilən tərəfə döndərə bilər: vahid Avropa tamamilə dağıla bilər və onda üz dövlətlərin hər biri öz yolu ilə gedəcək. Digər tərəfdən Britaniya əyləcindən yaxa qurtarılmasıyla inteqrasiya prosesi yeni güc yığa da bilər. Məhz bu xüsusda indi Makron Merkeli inandırmağa çalışır.

7) Avropa inteqrasiyası layihəsi özlüyündə nadir bir layihə olaraq qalır. Bütün yerdə qalan beynəlxalq təşkilatlar – istər regional olsun, istərsə də qlobal, yalnız suveren dövlətlər arasındakı əməkdaşlıq üzərində dayanırlar. Qloballaşma ölkələri bir-birindən qarşılıqlı asılı hala gətirir, lakin bu o demək deyil ki, hərbi fəaliyyətlər azalıb.

Çox sıx ticarət əlaqələrinə baxmayaraq, keçən əsrin əvvələrində Avropada Birinci Dünya müharibəsi başladı. Hal-hazırda Hindistan və Çin arasındakı ticarət rekord vurur, lakin xarici siyasi vəziyyət əvvəl olduğu kimi yenə də gərgin olaraq qalır. Bunu eyni zamnda Çin-Yaponiya münasibətləri barəsində də söyləmək mümkündür.

8) Silahlar və silahsızlaşma üzərində nəzarət barədə beynəlxalq müqavilə öz gücünü itirir. Əgər 2011-ci ildən fəaliyyətdə olan ABŞ-Rusiya arasındakı Strateji Hücum Silahlarının azaldılması – III müqaviləsi uzadılmazsa, onda dünya 1972-ci ildən indiyədək ilk dəfə olaraq iki nəhəng dövlət arasında strateji nüvə silahlarının azaldılması ilə bağlı müqaviləsiz qalacaq.

Nüvə silahının yayılmaması ilə bağlı müqavilə hələlik qüvvədədir, amma hətta bu müqavilə də beynəlxalq təzyiq altındadır. Trampın İranla bağlı nüvə müqaviləsini ləğv etməsi bu istiqamətə vurulmuş zərbədir. Koreya yarımadasındakı vəziyyət haradasa sakitləşir, ancaq bu məsələnin müsbət həlli hələlik sual altındadır.

9) ABŞ liberal dünya nizamının lideri olmaqdan çıxır, amma Rusiya və Çin beynəlxalq hadisələrə təsir göstərmək baxımından öz mövqelərini möhkəmləndirirlər. Öz təbiətinə görə çılğın olan Tramp strategiyasının bir qismini gözlənilməzlik üzərində qurur.

Dünya ABŞ-ın əsl mövqeyini tapa bilmir və bu isə ona olan inamı sarsıdır. Sabit və bəlli axın üzərində yürüyən dünyanı kəskin dəyişən döngələr əvəzləyir.

10) Soyuq müharibə dövrünün statik və steril siyasətinin yerinə mürəkkəb mozaika gəlib və burada hakimiyyət heç zaman olmadığı kimi tez dəyişir. Qısamüddətli fayda götürməkdən ötrü birtərəfli tədbirlərin görülməsi adi hal alıb. Əksinə, ümumi məqsəd naminə güclərin birləşdirilməsini çox nadir halda görərik.

- Hisslərin geosiyasəti

Fransız politoloqu Dominik Muazinin “Hisslərin geosiyasəti” kitabında mühüm bir məsələyə toxunulur. Əgər biz geosiyasətin hissiyyatla bağlı olan əsl tərəflərini diqqətə almasaq, onda biz hansı dünyada yaşadığımızı anlamayacağıq.

İstər yaxşı və istərsə də pis siyasət olsun, hər şey emosiyadan və mədəniyyətdən irəli gəlir. Qısaca desək, dünya hissələrə parçalanır. Perspektiv qorxuducudur, amma əgər biz problemin üzünə düz baxmaq qərarına gəlməyəcəyiksə, onda digər etdiklərimiz tamamilə əbəs olacaq.

(“Aftenposten”-Norveç)






Fikirlər