MÜXALİFƏTİN YAY planları -PARTİYALAR “KÖLGƏYƏ” çəkilir?
11 aprel prezident seçkilərindən sonra müxalifət partiyalarının fəaliyyəti demək olar ki, nəzərə çarpmır. Hazırda yeganə fəaliyyət sferası kimi partiyaların bəzilərinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi tədbirlərinin olduğu müşahidə edilir. Müsavat Partiyası, KXCP Avropada və Türkiyədə Cümhuriyyət-100 tədbirlərində iştirak edir. Ölkəmizin daxilində də partiyalar bayram tədbirləri keçirir. Ən böyük bayram tədbirləri isə 28 maya planlaşdırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Novxanıda ulu öndər Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə müxalifət partiyaları bayram mitinqləri keçirəcəklər. Maraqlıdır ki, bu böyük tarixi gündə belə, partiyalar tədbiri birlikdə keçirməyəcəklər. Bir müddət öncə “Məhsul” stadionunda birgə mitinq keçirmələrinə baxmayaraq, Müsavatla AXCP bayram tədbirlərini ayrılıqda keçirməyi planlaşdırıblar. Beləliklə, 11 aprel prezident seçkilərindən sonrakı müddətdə müşahidə olunan fəaliyyətsizliyi Xalq Cümhuriyyətinin 100 illiyi tədbirləri əvəz edib. Lakin nəzərə alsaq ki, qarşıdan isti yay ayları gəlir, müxalifət düşərgəsinin yenidən “kölgəyə” çəkilməsi ehtimalı böyükdür. Bu istiqamətdə araşdırma apardıq. VİP sədri Əli Əliyev bildirdi ki, yerlərdə təşkilatlanmanın daha da gücləndirilməsi, gözlənilən növbədənkənar parlament seçkilərinə hazırlıq işləri qarşıdakı yay aylarında VİP-in planlarında olan işlərdir. AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, iş planlarını fəsillərə uyğun yox, partiyanın hədəflərinə uyğun qurmağa çalışırlar: “Yəni bizim yay aylarında görəcəyimiz işlər artıq əvvəlcədən müəyyənləşdirdiyimiz işlərdir. Bu aylarda biz yenə partiyanın təşkilatlanması istiqamətində işləri davam etdirəcəyik, eyni zamanda AĞ Partiyanın cəmiyyətə təqdimatı və PR məsələləri istiqamətində də işlərimizi intensivləşdirmək niyyətindəyik. Biz onu da nəzərə alırıq ki, siyasi arenada növbədənkənar parlament seçkiləri mövzusu da gündəmdədir və bu prosesə də hazırlıq işləri yürüdəcəyik. Ola bilsin bu hakimiyyət növbədənkənar parlament seçkiləri keçirməsin, ancaq parlamentdə boşalan 6 yer üçün seçki keçirilməsi şərtdir. Biz AĞ Partiya olaraq burada da tam gücümüzlə iştirak etmək niyyətindəyik. Bütün bu sadaladıqlarımı nəzərə alanda deyə bilərəm ki, yay ayları da bizim üçün çox aktiv fəaliyyət dönəmi olacaq. Həmçinin digər müxalif partiyalarla əməkdaşlıq istiqamətində bəzi addımlar atırıq və partiyamızın daxili və xarici əlaqələrini gücləndirməklə məşğuluq. Güman edirəm ki, nəzərdə tutduğumuz planları həyata keçirə bilsək, AĞ Partiyanın yeni siyasi aktyor kimi siyasi arenadakı çəkisi kifayət qədər artacaq”. KXCP-nin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Xəzər Teyyublu isə məlumat verdi ki, qarşıdakı dövrdə planlarında xeyli işlərin həyata keçirilməsi var: “Xalq Cümhuriyyətinin 100 illiyi, Əbülfəz Elçibəyin 80 illiyi münasibətilə tədbirlər keçirilməsi nəzərdə tutulub. Qurultaya hazırlıq işləri davam edəcək. Təşkilati işlər də davamlı aparıldığı kimi yenə də aparılacaq”. ADP sədrinin müavini Taliyət Əliyev bildirdi ki, prezident seçkilərindən sonra partiyanın yenidən təşkilatlandırılması ilə bağlı tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq işlər davam etdiriləcək: “Həmin plana görə, öncə Bakı şəhəri üzrə yerli təşkilatlarımızın yenidən qurulması və təşkilatlandırılması həyata keçirilməlidir. Sonra isə bu prosesin kənd rayonlarında davam etdirilməsi nəzərdə tutulub”.Siyasi təşkilatların yetkililəri qarşıdakı aylarda görüləcək işlərdən danışdılar