“AZƏRBAYCANIN SUVERENLİYİNİ ZƏİFLƏTMƏK YOLVERİLMƏZDİR”
Deputat “Ölkə.Az”a açıqlamasında bu cür təkliflərin gülünc olduğunu söyləyib: “Bu gün biz Azərbaycan xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edirik. Ancaq ötən əsrin əvvəllərində də bu məsələ ortaya atılmışdı. Hətta, İttihad Partiyasının üzvləri buna meyl göstərirdilər. Türkiyədən də bununla bağlı fikirlər səsləndirilirdi. Təklif olunurdu ki, Azərbaycan və Türkiyə birləşsin. Ancaq həmin vaxtı Məhəmməd Əmin Rəsulzadə qəti şəkildə buna qarşı çıxmışdı”. Deputat qeyd edib ki, dövlət müstəqilliyi bu millətin haqqıdır: “Müstəqillik qazanmaqla Azərbaycan xalqı sübut etdi ki, o buna qadirdir. Çünki müstəqilliyimizə qədər bizə deyilirdi ki, sizin dövlətiniz olmayıb, keçmişdə hər zaman sülalə hakimiyyətləriniz olub və sairə. Biz müstəqillik qazanmaqla sübut etdik ki, nəinki bizim müstəqil dövlətimiz var,həm də biz Şərqdə ilk demokratik respublika yaratmışıq”. T.Kərimli Sərdar Cəlaloğlunun fikirlərinin Azərbaycanın dövlət müstəqilliyinə zidd olduğunu söyləyib: “Müstəqilliyimiz hüquqi məsələdir. Azərbaycanın Konstitusiyası ilə bu qəbul edilib. Türkiyə ilə konfederasiya olsaq, o zaman bu müstəqilliyə xələl gətirmiş olarıq. Yəni, bununla biz suverenliyimizin bir hissəsini Konfederasiyaya vermiş olarıq. Bu da Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini zəiflətmiş olar. Ona görə də bu cür şüarlara ehtiyac yoxdur. Bu bizim üçün zərəlidir. Bu həm də konstitusiyamıza ziddir. Eyni zamanda bu Azərbaycanın milli dövlətçiliyini, özünəinamını zəiflədir”. Deputat Sərdar Cəlaloğlunun sözügedən təklifi ilə bağlı Ayaz Mütəllibovun söylədiyi fikirlərini dəstəklədiyini deyib: “Mən bu məsələ ilə bağlı Ayaz Mütəllibovun fikirlərini tam dəstəkləyirəm. Ayaz Mütəllibov Azərbaycanın dövlət müstəqilliyinə imza atmış prezidentdir. Vaxtilə Sərdar Cəlaloğlu və digərləri Ayaz Mütəllibovu müstəqilliyimizə qarşı olmaqda ittiham edirdi. Amma indi Ayaz Mütəllibov həmin adamları haqlı olaraq ittiham edir. Mən də Ayaz Mütəllibovun bu fikirlərini dəstəkləyirəm. Azərbaycanın suverenliyini zəiflətmək yolverilməzdir. Kim olursa olsun, Türkiyə nə qədər dostumuz da olsa, bu cür addımlar atmaq doğru olmaz. Mən Sərdar Cəlaloğlunu bu cür hərəkətlərdən daşınmağa çağırıram”.