Bakının Qərbə qapısını kim bağlayır? - SENSASİON ŞƏRH...

Azərbaycan keçmiş dövlət müşaviri Qabil Hüseynlinin Axar.az-a müsahibəsini təqdim edirik:

İkinci hissə

(Birinci hissə BURADA)

Qarabağ İrəvanın yox, Rusiyanın problemidir...

- Qarabağ problemini yaradan bir ölkənin indi Qarabağ probleminin həllinə şərait yaradacağı mümkündürmü?

- Mən hələ də özümü inandıra bilməmişəm ki, Rusiya Qarabağla bağlı beynəlxalq hüquq normalarına uyğun həll variantına getməyə hazır olsun. Əvvəla, Rusiyada çox güclü erməni lobbisi var. Bu lobbiyə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov - Kələntəryan başçılıq edir. Rusiya XİN Aparatında da erməni diasporu nümayəndələri az deyil. Hələ də Sankt-Peterburq, Kazan görüşlərini çox zaman “Lavrov planı” deyilən planın adı ilə əlaqələndirməyə çalışırlar. Bu planda 5 rayonun Azərbaycana qaytarılması və Dağlıq Qarabağa aralıq statusun verilməsi fikri öz əksini tapır. Faktiki olaraq, Dağlıq Qarabağın Azərbaycanın tabeçiliyindən çıxarılmasını nəzərdə tutan fikirlər yer alır. Ona görə də hələ ki, Rusiyanın təkliflərində diqqətçəkən məqam yer almır.

Rusiya hər zaman öz istiqamətini nədənsə Ermənistan tərəfə çevirir. Özü də bir balaca həll variantı ilə bağlı Qərb Rusiyanın mövqeyindən fərqli mövqe ortaya qoyanda o saat belə bir fikir ortaya atırlar ki, tərəflərin özləri razılaşmalıdır. Bu da məsələnin həllinə köməklik etmir. Atəşkəsdən 25 ilə yaxın vaxt keçib. Bu müddət ərzində də yeni bir nəsil formalaşıb. Hamı görür ki, bu prosesdə Rusiya iştirak edib və indi də bu prosesi özü idarə edir. Ermənistanda bütün hakimiyyət dəyişiklikləri də Rusiyanın xeyir-duası ilə həyata keçirilib. Ermənistanın sərhədləri rus sərhədçiləri tərəfindən qorunur və burada Rusiyanın 2 hərbi bazası var. Bunlardan biri aviasiya bazası (Erebunidəki eskadrilya – red.), digəri isə quru qoşunları və artilleriya qoşunları bazasıdır (Gümrüdəki 102-ci hərbi baza – red.). Ermənistandakı müəssisələrin bir çoxu borc müqabilində Rusiyanın nəzarətinə keçib, yəni bu ölkə faktiki olaraq, suverenliyinin böyük bir hissəsini Rusiyaya bağışlayıb. Bəzən hətta qəzetlərdə, mətbuat səhifələrində şərhçilərin belə fikirlərinə rast gəlmək olur ki, Dağlıq Qarabağ Ermənistanın deyil, Rusiyanındır. Rusiya hansı sərəncamı versə, o da həyata keçəcək. Yəni Dağlıq Qarabağa Rusiyada bəzi siyasi dairələr Abxaziya və Osetiyaya baxdıqları kimi az qala öz torpaqları kimi baxırlar.

Qorxulu tendensiyalar var və təəssüf ki, bunları da Rusiya yaradıb. Yəqin ki, Dağlıq Qarabağla bağlı məsələlərə Qərbin, xüsusilə, ABŞ-ın müdaxiləsi güclənsə, məncə bu, həll variantında bir rəqabət mühiti yaradar. Bu mühitdə ola bilsin ki, status-kvonun dəyişdirilməsi ilə bağlı müəyyən ideyalar özünə yol açar. İndiki şəraitdə həmsədrlərdən biri Fransadır. Bu ölkə tam etibarsız və kifayət qədər ermənipərəst mövqe tutan bir dövlətdir. Rusiya haqqında danışdıq, ABŞ isə mübaliğəli mövqe tutan dövlətdir. Düzdür, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ABŞ-dan qəti hansısa fikir gündəmə gəlmir, amma 7 rayonla bağlı ABŞ-ın fikirləri qəti və birmənalıdır.

- Belə görünür ki, bu məsələdə tam dəstəkçimiz yoxdur.

- Doğrudur.

- Bu ölkələrdən heç biri bizi tam dəstəkləmirsə, o zaman gələcəkdə regionda Rusiyanın dominantlığına son qoyulacağı halda özünün hegemonluğunu təmin edən başqa ölkə də Qarabağdan Azərbaycan əleyhinə istifadə etməyə çalışacaq?

- Tamamilə doğrudur. Özümü amerikanpərəst və ya qərbpərəst kimi göstərmək istəmirəm. Qərb dünyası, ümumiyyətlə, yeni dünya düzəninin başqa bir dəyərlər üzərində qurulmasını arzulayır. Onların elan etdiyi dəyərlər, yeni dünya düzəni və onun konturları cəlbedici və inandırıcıdır. Rusiyanın ideyalarında isə heç bir dəyərə hörmət, dünya düzəninə bəhrə verə biləcək heç bir ideyaya rast gəlmək olmur. Moskva zordan, hərbi gücdən istifadə etməklə köhnə SSRİ-nin yeni formatda bərpa edilməsi, oradan da SSRİ-nin vaxtı ilə hegemonluq etdiyi dünya dövlətlərinə nüfuz edilməsi strategiyası üzərində iş qurmağa çalışır. Ona görə də Azərbaycanın, Gürcüstanın, Ukraynanın problemi onlar üçün az əhəmiyyətli bir şey kimi görünür. Yaxud da bu prosesin xalqlar və millətlər üçün nə dərəcədə əhəmiyyətə malik olduğunu görmürlər. Bu, çox təhlükəli bir tendensiya, neoimperialist bir yanaşmadır. Ona görə də dünyada gərginlik azalmır ki, azalmır. Əksinə, getdikcə daha da çoxalır. Bu nöqteyi-nəzərdən hələ ki, az-çox diqqəti çəkən NATO-nun zirvə toplantısının, Avropa Parlamentinin, Avropa Şurasının verdiyi bəyanatdır. Bu bəyanatlar Azərbaycanın ərazi bütövlüyünün müdafiə edilməsinə yönəlmiş ciddi siyasi sənədlərdir.

Azərbaycanın Qərbə getməməsi Qərbə görədir

- Beynəlxalq toqquşmalar və dünya nizamından bəhs etdiniz. O zamanın xarici siyasətini dəyişməsinə ehtiyac yaranır?

- Bu məsələdə birmənalı fikir söyləmək olduqca çətindir. Çünki bir tərəfdən ABŞ bölgədə gah özünü göstərir, gah da geri çəkilir. Məsələn, ABŞ-ın indiyə qədər Azərbaycana səfir təyin etməməsi faktı özü müsbət hal deyil. Əgər ABŞ bölgə ilə bu qədər həvəslə maraqlanırsa, buraya mütləq səfir təyin etməlidir. Başqa bir tərəfdən, ABŞ 907-ci düzəlişi hələ də aradan qaldırmırsa, bu, tamamilə nonsensdir. Faktiki olaraq, bu gün bu qanun heç işləmir, o qanunu saxlamaq Azərbaycana heç bir təsir də göstərmir. Azərbaycanın yardıma ehtiyacı yoxdur. Bizim daha çox ikili standartlardan kənar normal münasibətlərə ehtiyacımız var. ABŞ-ın belə mövqe tutması Azərbaycanın Qərbə doğru meyillərinin sürətlənməsinin qarşısını alan amillərdəndir. Eyni zamanda Fransanın açıq ermənipərəst siyasət yürütməsi, utanıb-çəkinmədən Minsk Qrupunun həmsədri olmasına baxmayaraq, hər vəsilədə Ermənistanı dəstəkləməsi qəbuledilməzdir. Fransa demokratik ölkə olmasına baxmayaraq, öz mövqeyini də heç doğru-düzgün həyata keçirə bilmir. Bu, tamamilə Azərbaycanı çəkindirən məsələlərdir.

Doğrudur, Azərbaycan AB-nin 18 ölkəsi ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb. Bunların bir qismi Baltikyanı respublikalar, keçmiş sovet düşərgəsinə daxil olan ölkələrdir. Bu ölkələr NATO-nun üzvüdür, AB-yə daxildir. Yəni Azərbaycan yavaş-yavaş AB ölkələri ilə ikili münasibətlərini inkişaf etdirir, AB-nin özü ilə ikitərəfli sazişi imzalamağa hazırlaşır. Bu, Azərbaycan tərəfinin atdığı addımlardır, ancaq qarşı tərəf də addımlar atmalıdır. Qarşı tərəf daha güclüdür, daha böyükdür və daha çox imkanlara malikdir. Onlardan daha çox şey gözləməyə məcburuq. Bizsə nisbətən kiçik bir dövlətik və qonşularımız bizə problemlər yaradır.

- Yəni bağlı qapılar arxasında bizə normal təklif hələ də irəli sürülməyib?

- Nəyə görə Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyü bütün toplantılarda birmənalı surətdə dəstəklənir, amma Azərbaycana gələndə müəyyən tərəddüdlərin şahidi oluruq? Bu, heç də xoş vəziyyət deyil və Azərbaycanın balansdırılmış siyasətdən uzaqlaşmasını ləngidir. Çünki Azərbaycan sağa baxır - İranı görür, sola baxır - Rusiyanı, o tərəfdən isə hələ doğru-düzgün referans müşahidə etməmişik...

V kolon aktivləşdirilir?

- Bakının KTMT-yə üzvlüyünü istəyən qüvvələr var, amma rəsmi Bakı bu addımda maraqlı görünmür. Bununla belə, Azərbaycanın öz içində də buna çalışanlar var. “5-ci kolon” İran böhranı, Ermənistanla mövcud situasiya, ABŞ-ın bölgədə aktivliyi, qarşıdan gələn parlament seçkiləri fonunda daha da aktivləşə bilərlərmi?

- Azərbaycanda “5-ci kolon” təhlükəsi var və mövqeləri də yetərincə güclüdür. Onlar Rusiyaya meyilli olmalarını gizlətmirlər. Doğrudur, son illərdə baş verən proseslər onların mövqelərini zəiflədib, amma onlar bəlli bir siyasəti yönləndirə biləcək potensiala malikdirlər. İnanmıram ki, onlar hamısı vətən hissindən, vətənpərvərlikdən məhrum insanlardır. Rusiyada baş verən proseslər rusların özünü narahat edirsə, bu adamlar Azərbaycanı Rusiyanın cənginə vermək eşqinə düşə bilməzlər.

“5-ci kolon” Rusiya ilə münasibətlərin qorunub-saxlanmasının tərəfdarı kimi çıxış edir. Bunu hər zaman görürük və şahidiyik, amma siz yaxşı fikir söylədiniz ki, bölgədə İran faktoru var. Bu, çox ciddi məsələdir, bölgədəki bütün mövqeləri, bütün geostrateji infrastrukturu darmadağın edə biləcək bir prosesdir. Ona görə də Azərbaycan ən yaxşı halda KTMT-də müşahidəçi kimi təmsil olunacaq. AB ilə bağlanacaq sazişi nəzərdə tutmuram, bu sazişin mütləq bağlanacağını istisna etmirəm. Onu da deyim ki, KTMT-yə qoşulmanın Azərbaycanda güclü əleyhdarları da var. Bunu məntiqi surətdə əsaslandıra da bilirlər.

Azərbaycan bu məsələdə onsuz da yüz ölçüb, bir biçəcək. Etiraf etmək lazımdır ki, İlham Əliyev bu proseslərin mövcud olduğu sahədə ustalıqla diplomatik oyun aparmağı bacarır. Həmin diplomatik gedişlər Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq ictimai rəyin formalaşmasında əhəmiyyətli rol oynayır. Belarus, Qazaxıstan məsələsi, beynəlxalq təşkilatların bəyanatları son iki-üç ildə ərsəyə gəlmiş müsbət tendensiyalardır. Azərbaycan həmin tendensiyalara söykənərək həm Dağlıq Qarabağ məsələsiylə bağlı danışıqlar prosesində daha qətiyyətli mövqe nümayiş etdirə bilər, həm də qarşı tərəfi ruhdan sala biləcək bu bəyanatlardan istifadə edərək, rəqibə zərbələr endirə bilər.

- Rusiya Azərbaycana KTMT-ni seçməsi üçün ciddi təzyiq edə bilərmi?

- Rusiyanın könlündən belə şeylər keçə bilər və keçməkdədir. Rusiya nəinki Azərbaycanı, hətta Gürcüstanı da, Moldovanı da KTMT və Avrasiya İqtisadi Birliyində görmək arzusundadır. Putin qəribə xasiyyəti olan və dünyadakı mövcud reallıqları, dünyanın müasir inkişaf proseslərini saymayan liderdir. O, gücə çox meyillidir və sürətli silahlanmanın tərəfdarıdır. Bu baxımdan proqnozlaşdırması çox çətin olan bir şəxsdir. Onun Azərbaycana qarşı münasibətlərdə indiyə qədər yaddaqalan pozitiv addımları çox az olub. Ona görə də Azərbaycan Rusiya ilə çox ehtiyatlı davranmalıdır. Son 200 ilin tarixini götürsək, görərik ki, Rusiyanın bu dünyada mövcudluğu Azərbaycan üçün parçalanma, ərazilərinin bir qisminin itirilməsi, AXC-nin süqutu, çoxlu deportasiyalar və azərbaycanlılara məxsus ərazilərdə qondarma Ermənistan dövlətinin yaranmasına gətirib çıxarıb, indi isə Azərbaycanın ürəyi sayıla biləcək bir məkanda qondarma “dqr” təşəbbüsləri gedir. Bütün bunlar hamısı çox ürəkbulandırıcı və çox nankorluqla həyata keçirilmiş planlardır.

Azərbaycan bu mənada kifayət qədər ehtiyatlı davranmaq məcburiyyətindədir.

- Azərbaycan son dövrlər bölgədə baş verə biləcək dəyişikliklərdən özünü müdafiəyə hazırlaşır və ən müasir silahlar alır...

- Azərbaycanın atdığı addımlar özünü müdafiə xarakterli deyil. Əlbəttə, hər bir silahlanmada, ordunun potensialının artmasında müdafiə elementi var. Yəni ordu iki funksiyanı yerinə yetirir: Birincisi, ölkə ərazisinin qorunması, ikincisi isə həmin ölkənin itirilmiş ərazisi varsa, o ərazilərin geri qaytarılması. Azərbaycan Ordusu hazırda öz potensialını daha çox Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə yönəldib. Ermənistanda belə bir təbliğat gedir ki, biz hücuma keçə bilərik, yeni torpaqlar ələ keçirə bilərik. Bunlar hamısı boşboğazlıqdır. Biz hücum etmək istəmirik, öz ərazimizdə əməliyyat keçirmək isə haqqımızdır!

Çox zaman onlar birləşmiş Rusiya-Ermənistan qoşunlarına istinad edirlər. Ümumiyyətlə, bu məsələ beynəlxalq hüquq normalarında rast gəlmədiyimiz bir addım idi. Ruslar tərəfindən verilən təminata görə, həmin ordu Dağlıq Qarabağ münaqişəsinə qarışmayacaq, amma hər deyilənə biz inana bilmərik. Digər tərəfdən bu ordunun başında erməni general durur. Guya deyirlər ki, həmin general Rusiya Ali Baş Komandanına tabedir, amma düşünürəm ki, bunlar hamısı qulağı oxşamaq üçün deyilən sözlərdir. Həmin ordu kifayət qədər təhlükəlidir. Amma rus-erməni birgə ordusu var deyə, Azərbaycan öz torpaqlarından vaz keçəsi deyil. Ermənistandakı rus ordusu uzaqbaşı Gümrüdəki rus qoşunlarından ibarətdir, bir də Erebuni şəhəri yaxınlığında Rusiyanın müasir tipli qırıcı təyyarələri var. Hətta hərdən tozanaq qoparırlar ki, guya Ermənistanın qırıcı təyyarələri yoxdur, Ermənistan qırıcı təyyarələr almalıdır. Bununla sanki bizim sayıqlığımızı zəiflətməyə çalışırlar, amma Azərbaycan nəyin bahasına olur-olsun, itirilmiş əraziləri geriyə qaytarmalı, ərazi bütövlüyünü təmin etməlidir. Dünyada gedən proseslər də bunu labüd edə biləcək dərəcədədir.

Rusiya hər zaman bu bölgədə belə at oynatmayacaq. Rusiyada müəyyən zəifləmə prosesi artıq özünü göstərir. Sosial etirazlar özünü təzahür etdirir. Zamanında Ordumuz hazır olmalıdır.

- İranla yaranan vəziyyətin Azərbaycan üçün hansı riskləri və dividentləri varmı?

- Mən İranda hadisələri İraqla müqayisə etmirəm. İraqda passiv, sındırılmış, əzilmiş bir kütlə var idi. Həmin kütlənin başında da qaniçən bir diktaror dururdu. Heç bir praqmatik təkliflərə xoş yanaşmırdı. İran isə qədim və oturuşmuş bir dövlətdir. Buranın əhalisinin intellektual və mədəni səviyyəsi də kifayət qədər yüksəkdir, yəni İrana qarşı qoşun yeridilməsi, açıq döyüşlərin aparılması variantı tamamilə istisnadır. Bu zəmində kütləvi qaçqın axınının ola biləcəyi də istisnadır. Ola bilər ki, müəyyən varlı, imkanlı şəxslər müxtəlif ölkələrə, o cümlədən Azərbaycana gəlib müvəqqəti burada mənzil alsın, bir müddət burada yaşasın, amma İrana uzaqbaşı ən kritik məqamda havadan zərbələr endirilə bilər. Həmin zərbələr İranın paytaxtına, hərbi obyektlərinə, SEPAH-ın hərbi qərargahına, ehtimal edilən və dağ altında yerləşdirilmiş nüvə tədqiqatı mərkəzlərinə mümkündür.

Ona görə də burada əsasən, əhali faktorundan rejimə qarşı istifadə edilməsi praktikası sınaqdan keçiriləcək. Deyilənlərə görə, ABŞ hazırda bu məsələ üzərində işləyir. Xüsusilə, orada azsaylı xalqlar hesab edilən azərbaycanlılara, türkmənlərə, bəluclara, lorlara, ərəblərə yönəlik iş ortaya qoyulur. Yəni bu prosesdə İran böyük müharibəyə məruz qala bilməz. İndiki rejimi o qədər də cəsarətli rejim hesab etmirəm. Ola bilsin ki, hansısa bir məqamda İran ABŞ-ın təklif etdiyi 12 təklifin müzakirəsi üçün danışıqlar prosesinə razılaşsın.

- Bu rejimin sonu olmazmı?

- Yox, belə düşünmürəm. Çünki bunu əlaqələndirə biləcəklər. İddia edəcəklər ki, bununla sizə sülh, əmin-amanlıq gətiririk, sanksiyaları götürmək, maliyyə vəziyyətini yaxşılaşdırmaq istəyirik. Yəni hadisələr bu yöndə inkişaf edə bilər, amma əhali onsuz da bu rejimdən cana doyub.

İran ABŞ-ın, İsrailin nişangahındadır. Dünyada teokratik dini rejimlər demək olar ki, yox dərəcəsindədir. Belə bir halın mövcudluğuna da dünyanın bir çox dövlətləri razı ola bilər.

- Bayaqkı fikrinizi davam etdirək. İranda əsas aparıcı qüvvə azərbaycanlılardır. Bundan başqa bəluclarla, ərəblərlə və kürdlərlə rejimin problemləri həddindən artıq çoxdur. Xüsusən bu xalqlar arasında rejimə qarşı açıq etirazlar müşahidə edilir. Yəni etniklərdən hakimiyyətə qarşı istifadə imkanları nəzərdən keçirilə bilərmi?

- Məncə, İranın parçalanması gündəmdə deyil. Düzdür, azərbaycanlılarla bağlı müəyyən planlar var. Bu, xalqların mədəni hüquqlarının artırılması, İran Konstitusiyasının 15-ci maddəsinin işlək vəziyyətə gətirilməsi ola bilər. Hazırkı zamanda nə Suriyanın, nə İraqın, nə də İranın parçalanması gündəmdədir. Amma bu ölkəyə demokratiya, insan haqları, azad seçki kimi anlayışlar gətirilsə, orada yaşayan azərbaycanlılar üçün bu elə də əhəmiyyətsiz hadisə olmaz.

- O zaman belə çıxır ki, Azərbaycan hazırki zamanda həm İran, həm də postsovet məkanında Rusiya ilə bağlı əsas açar ölkələrdən birinə çevrilib?

- Azərbaycan Qafqazın açarıdır - həm coğrafi vəziyyətinə, həm əhalisinə, İranda 40 milyona yaxın azərbaycanlının yaşaması faktoruna, sənaye potensialına, əhalinin inkişaf etmiş intellektual səviyyəsinə və s. görə Ümumiyyətlə, Cənubi Qafqazın taleyi Azərbaycanın əlindədir.






Fikirlər