Saakaşvili ÜÇÜN REVANŞ günü - GÜRCÜSTAN SEÇKİLƏRİ...
Sabah qonşu Gürcüstanda prezident seçkilərinin ikinci turu keçiriləcək.Oktyabrın 28-də seçkilərin keçirildiyi ilk turdan keçən son bir ay ərzində Gürcüstandakı seçki prosesləri bütün dünyanın diqqət mərkəzinə çevrilib. Bu turda prezidentlik uğrunda hakim “Gürcü Arzusu” koalisiyasının namizədi Salome Zurabişvili ilə müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparacaq. İlk turda S.Zurabişvili 38,64, Q.Vaşadze isə 37,74% səs toplayıb. Seçkilərin taleyi ilk turda həll olunmasa da, nəticələrdən sonra hər kəs Q.Vaşadzenin ikinci tur üçün öncədən məsələni həll etdiyini düşünürdü. Bu da səbəbsiz deyildi. Çünki ilk tur bitən kimi üçüncü yerin sahibi, 10,97% səs alan “Avropalı Gürcüstan” Partiyasının sədri David Bakradze Vaşadzeni dəstəkləyəcəyini bəyan etmişdi. Onun ardınca namizədlər sırasında dördüncü yeri tutan Gürcüstan İşçi Partiyasının namizədi, 3,74% səs toplayan Şalva Nateşaşvili də ikinci turda müxalifəti dəstəkləyəcəyini bəyan etdi. Bu isə ölkə xaricində yaşayan sabiq prezident, Vahid Milli Hərəkat Partiyasının qurucusu Mixail Saakaşvilinin namizədi olan Vaşadzenin səslərinin 52%-ə qalxması demək idi. Ortada digər namizədlərin toplamda 10%-ə yaxın yığdıqları səslər qalırdı və bu səslərin də ikinci turda namizədlər arasında bölünəcəyi şübhəsiz idi. Bütün qələbə oxları Vaşadzeyə tuşlansa da, son bir ayda görünən odur ki, namizədlərə münasibətdə ciddi dəyişikliklər baş verib. Belə ki, keçirilən rəy sorğularında xanım namizədin Vaşadzedən öndə olduğu görünür. Təkcə bir faktı qeyd edək ki, dünyanın nüfuzlu rəy sorğuları keçirən təşkilatlarından sayılan “Gallup İnternational” 2400 nəfər arasında keçirdiyi sorğuda Zurabişvilinin 52, Vaşadzenin isə 48% səs topladığını açıqlayıb. Bu da ikinci turun necə gərgin keçəcəyini göstərir. Ekspertlər nəticələrin dəyişməsinin səbəbsiz olmadığını qeyd edirlər. Seçkilərə 10 gün qalmış gürcü iqtidarının 600 min nəfərin bank borcunun silinməsi ilə bağlı verdiyi qərarın Zurabişvilinin nüfuzunu birə on qat artırdığı bildirilir. Xanım siyasətçi qalib gələrsə, burada əsas rolun bank borclarının silinməsi ilə bağlı qərarın olacağı qeyd edilir. Bundan əlavə, son günlərdə hökumətin Saakaşvilinin əleyhinə Gürcüstanın əsas şəhərlərində kütləvi aksiyalar təşkil etməsinin və orada Vaşadzeyə zərbələr vurmasının da Zurabişvilinin nüfuzuna ciddi təsir etdiyi vurğulanır. Ekspertlərin Azərbaycan üçün Gürcüstanda hansı namizədin qalib gəlməsinin önəmli olduğu barədə də fikirləri müxtəlifdir. Politoloq Şahin Cəfərli Vaşadzenin qələbə şanslarının hakim namizəddən hələ də yüksək olduğunu düşünür: “İlk turun nəticələri ”Gürcü Arzusu"nu və şəxsən hakim partiyanın lideri Bidzina İvanişvilini şoka saldı. Onlar bu nəticəni gözləmirdilər. İvanişvili əmin idi ki, Vahid Milli Hərəkat artıq dirçələ bilməz, xüsusən də son parçalanmadan sonra... Bəlkı də Salome Zurabişvili kimi ölkədə böyük nüfuza malik olmayan şəxsin bitərəf namizəd kimi irəli verilməsində məhz bu arxayınlıq rol oynadı. Əgər İvanişvili mübarizənin çox çətin keçəcəyini və yarışın 2-ci tura qalacağını bilsəydi, daha uğurlu namizəd tapardı. Birinci turdan sonra iqtidar sahibi vəziyyəti başa düşdü və məğlubiyyətin real olduğunu gördü. O, gecikmədən fövqəladə tədbirlərə başladı və statik durumda olan partiya strukturlarını hərəkətə gətirdi. Dərhal iki seçki qərargahı yaradıldı: biri ölkə miqyaslı, digəri isə paytaxt üzrə. Hakim partiyanın 2 parlaq təmsilçisi - parlamentin sədri İrakli Kobaxidze ölkə miqyaslı qərargahın, Tiflis meri Kaza Kaladze isə paytaxt üzrə qərargahın rəhbəri təyin olundular. Bununla İvanişvili onlara mesaj verdi ki, sizin bütün nüfuzunuz, reputasiyanız bu işə qoyulur, məğlubiyyət Zurabişvilinin deyil, şəxsən sizlərin məğlubiyyəti olacaq. Bu, şübhəsiz ki, çox mühüm siyasi həmlədir. Daha sonra hökumət sosial-iqtisadi problemlərin həlli istiqamətində addımlar atmağa başladı. Problemli kreditlərin bağışlanması və 600 min insanın bu yükdən xilas olması önəmli qərardır. Bununla yanaşı, uşaqpulu, əlillərin müavinətləri də artırıldı, büdcə təşkilatlarında da maaş artımı olacağı bildirildi.
Bunlar şübhəsiz ki, seçkidə qələbəyə hesablanıb və təsirsiz qala bilməz. Xanım Zurabişvilinin xeyli səs artırdığı məlumdur, amma bu artım qələbə ünün yetərli olacaqmı? Yanıla bilərəm, amma mən kütləvi pozuntular olmasa, Qriqol Vaşadzenin şansının yenə də yüksək olduğunu, onun az fərqlə də olsa, qalib gələcəyini düşünürəm. İqtidara yaxın sorğu mərkəzlərinin ortaya qoyduğu nəticələrə skeptik yanaşmaq lazımdır. Onlar ilk turdan öncə Salome Zurabişvilinin rahat qalib gələcəyini bildirirdilər. Hətta səsvermə bitdikdən sonra elan olunan “exit-poll”da Zurabişvilinin 52% səs alaraq prezident seçildiyi elan olundu. İqtidar mənsubları artıq xanım namizədi təbrik etməyə başlamışdılar. Lakin bir qədər sonra parlament sədri İ.Kobaxidze bəyan etdi ki, seçki ikinci tura qalır. Rəsmi nəticələr göstərdi ki, “Gürcü Arzusu”nun maliyyələşdirdiyi mərkəzin “exit-poll”u saxtadır, çünki 14%-lik yanılma məhz saxtakarlıqdır, və sosioloji tədqiqatlarda adətən yol verilən 2-3%-lik xəta payından çox uzaqdır. Mən ABŞ-ın “Edison Research” şirkətinin araşdırmalarına daha çox etimad edirəm. Bu şirkətin “exit-poll”u Zurabişvili və Vaşadzenin hər ikisinin 40% civarında səs aldıqlarını göstərmişdi və rəsmi nəticələr də buna yaxın çıxdı. Şirkətin son rəy sorğusuna əsasən Vaşadze Zurabişvilini 4% qabaqlayır. Amma bu nəticə xəta payına çox yaxındır, yəni fərq Vaşadzenin xeyrinə 1% də ola bilər, hətta Zurabişvilinin seçilməsi də imkansız deyil. Hakim partiya və şəxsən milyarder iş adamı Bidzina İvanişvili 1-ci turdan sonra bütün resurslarını işə saldılar və bu da öz nəticəsini verir. İlk turdan sonra digər müxalifətçi namizədlər David Bakradze və David Usupaşvilinin partiyaları 2-ci turda Qriqol Vaşadzeyə dəstək verəcəklərini açıqladılar. Bu iki namizədin 13%-dən çox səsi var. İlk turda 4,7% səs alaraq üçüncü yeri tutmuş Şalva Natelaşvili də tərəfdarlarının heç bir vəchlə iqtidar namizədinə səs verməyəcəyini bəyan edərək Vaşadzeyə dolayı olaraq dəstəyini ifadə etdi. Yəni bu səslər arifmetik baxımdan tam kifayət edir ki, Vaşadze qalib gəlsin. Amma siyasət riyaziyyat deyil. Heç bir təminat yoxdur ki, ilk turda digər müxalif namizədləri dəstəkləmiş seçicilər mütləq ikinci turda iştirak edərək Vaşadzeyə səs verəcəklər. Digər tərəfdən, ilk turda iştirak faizi aşağı oldu, seçicilərin 47%-i səsvermədə iştirak etdi. Hakimiyyət ötən həftələrdə passiv seçiciləri, xüsusən də Saakaşvili dönəmindən narazı olan, onun hakimiyyətə qayıdışı ehtimalından ehtiyatlanan təbəqələri səfərbər etmək ünün xeyli iş gördü. Onların nə qədərinin seçkiyə gələcəyini və verəcəkləri səslərin nəticələrə necə təsir göstərəcəyini indidən söyləmək mümkün deyil. Yəni riyazi baxımdan yanaşsaq, Vaşadze qalib gəlməlidir. Amma yekun nəticənin fərqli olmasına da çox şaşırmaq lazım deyil". Politoloq seçkilərin Azərbaycan üçün önəmindən də söz açdı: “Gürcüstanda parlament üsul-idarəsi var. Prezidentin dəyişməsi hakimiyyətin dəyişməsi demək deyil. Sadəcə olaraq, müxalif namizədin prezident seçilməsi növbəti parlament seçkilərində hakimiyyətin dəyişməsi üçün zəmin yarada bilər, məhz bu baxımdan çox önəmlidir. Gürcüstanın əsas siyasi qüvvələri Azərbaycanın önəmini anlayan, bilən və ölkəmizlə münasibətləri inkişaf etdirmək istəyən yetkin qüvvələrdir. Bu baxımdan hakimiyyət dəyişikliyi baş versə belə, Azərbaycanla münasibətlərdə ciddi dəyişiklik gözləmək lazım deyil. Dəyişiklik o vaxt baş verə bilər ki, Nino Burcanadze, İrma İnaşvili kimi Moskvaya yaxın marginal tiplər iqtidara gəlmiş olsun. Bu isə qeyri-mümkün görünür”.