“Kukla ilə üz-üzə oturmaq istəmirəm” - İTV ilə deputat arasında ÇAXNAŞMA
Millət vəkili Fəzail Ağamalı İTV-də yayımlanan “3D” proqramında qonaq olmaqdan imtina edib. Axşam.az xəbər verir ki, bu barədə verilişdə məlumat verilib. “Bu gün Fəzail Ağamalı qonağım olmalı idi. Hətta buraya qədər gəldi, divanımda əyləşməkdən imtina etdi. Bəhanəsi isə o oldu ki, o, daha ciddi aparıcınınj qonağı olmalıdır. Niyə gəlirdin buraya, Fəzail müəllim? Verilişə bir internetdən baxardınız, görərdiniz hara dəvət almısınız” deyə, proqramın aparıcısı robot Dadaş Dadaşlinski deyib. Fəzail Ağamalı isə “Yeni sabah”a açıqlamasında bildirib ki, onu “3D”yə verilişin rejissoru dəvət edib: “Esmira xanım zəng vurub dəvət elədi. Dəvətdən əvvəl verilişə baxıb-baxmadığımı soruşdu. Dedim ki, baxmamışam. Bununla belə, dedi gəlin. Aparıcı barədə məlumatım yox idi. Getdim gördüm ki, aparıcı bir kukladır. Mən də kukla ilə üz-üzə dayanmağı özümə sığışdırmadım və verilişə çıxmaqdan imtina etdim. Dedim bir adam əyləşdirin, nə sualınız varsa, verin. Amma bu kukla ilə üz-üzə oturmaq istəmirəm. Burada hansı bəhanədən söhbət gedə bilər? Mən həmişə mətbuata açıq adam olmuşam”. Qeyd edək ki, Fəzail Ağamalının həmkarları Hadı Rəcəbli, Qənirə Paşayeva, Tahir Kərimli və bir sıra ictimaiyyət nümayəndələri bu verilişin qonağı olub.