Ölkə rəhbərliyinin səs verdiyi dairənin deputatı kim ola bilər? - FAVORİT NAMİZƏDLƏR

Azərbaycanda ölkə rəhbərliyinin də seçici qeydiyyatında olduğu 29 saylı Səbail Seçki Dairəsindən (SD) deputat seçilmək üçün 32 iddiaçı sənədlərini Dairə Seçki Komissiyasına (DSK) təqdim edib.

“AzPolitika.info” Mərkəzi Seçki Komissiyasının məlumat bazasına istinadla xəbər verir ki, başqa SD-lərdən fərqli olaraq, bu dairədə bütün iddaçıların namizədliyi təsdiq edilib və bir nəfər istisna olmaqla, onlara imza vərəqləri verib. Namizəd olmaqdan imtina edən şəxs son vaxtlar hakimiyyət strukturları üçün kadr bankı rolu oynayan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzinin direktor müavini Lətif Səmədovdur. Ondan başqa daha iki şəxs sonradan fikrindən daşınaraq iddiasından geri çəkilib.

Yeni Azərbaycan Partiyası (YAP) bu dairədən Gənclər Birliyinin Ofis Koordinatoru Aytən Hüseynovanın namizədliyini irəli sürüb. İddiaçılar arasında biznes sektorunu təmsil edən namizədlər üstünlük təşkil edir. Onlardan "Gradn mix" şirkətinin direktoru Mir Fərəc Abbasov, "Yeni Həyat Şirkətlər Qrupu" MMC-nin nümayəndəsi Yaşar Babayev, "Elnur İnşaat Firması" MMC-nin rəhbəri Elnur Camalxanov, "Bakı Konqres Mərkəzi" MMC-dən Sübhan Əliverdi, "Bakı Kristal Zalı" MMC-dən Pavildi Yurmis, "Facality Managment Grup" MMC-dən Rüstəm Rüstəmov, "Hyraulic Mechanisms Company" MMC-dən Rəşad Talıbov, Azərbaycan Sığortaçılar Assosasiyası İctimai Birliyindən Elsevər Tanrıverdiyev və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarainin adlarını çəkmək olar.

Bu dairədən tanınmış ictimai fəal, Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev və keçmiş siyasi məhbus, "Nida" Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman da namizədliklərini irəli sürüblər. Yanvarın 14-ə olan məlumata görə DSK iddiaçılardan hələlik yalnız 5 nəfərin namizədliyini qeydə alıb. Onların sırasında bu dairədən əsas namizəd olduğu bildirilən Nigar Arpadarai də var.

Namizdələrdən Bəxtiyar Hacıyev dünən sosial şəbəkədəki hesabından bəyan edib ki, ona zəng edərək ölümlə təhdid ediblər. İctimai fəal bununla bağlı Daxili İşər Nazirliyinə müraciət etdiyini bildirib.

Müşahidələrə görə, sosial şəbəkələrdə kifayət qədər izləyicisi olan Bəxtiyar Hacıyevin namizədliyi qeydə alınarsa, 9 fevralda əsas rəqabət onunla Nigar Arpadarai arasında gedə blər. Arpadarai Seçki Dairəsi ərazisində qərargah qurub və aktiv seçki kampaniyasına hazırlaşdığını açıqlayıb.

 






Fikirlər