Paşinyan indi də Rəsulzadəyə IFTIRA atır – Bəs tarixdə NƏ OLUB?
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Məhəmməd Əmin Rəsulzadə haqqında sərsəm fikirlər səsləndirib. Yenisabah.az xəbər verir ki, Paşinyan Məhəmməd Əmin bəyi faşist Almaniyası ilə əməkdaşlıqda ittiham edib. İttihamın cəfəng olduğunu sübut etmək üçün Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan legionerlərinin komandanı Əbdürrəhman Fətəlibəyli-Düdənginski ilə ilk görüşü barədə xatirəsinə diqqət edək: “Hərarətli və anlayışlı bir əsgərlə qarşılaşmışdım. Milli davanın əsaslarını və mücadilə kadrosunun proqramını məndən duymuş, məmnun olmuşdu. Milli Azərbaycan Komitəsi, nasist alman məqamlarına məram anlada bilmədi. Hitler “heç bir komitə istəmirəm” demiş, təşkil olunan milli legionlarla ordu qərargahı arasında rabitə vəzifəsini aparan məhdud və müəyyən işlərlə bağlı olan “Rabitə Heyətləri” (Əlaqələr heyəti) qurulmasını əmr etmişdi. Azərbaycan Rabitə Heyətinin başına da mərhum Fətəlibəyli gətirilmişdi. İş bu şəkil alınca, mayor Fətəlibəyliyə müvəffəqiyyətlər təmənna edərək, fəaliyyət sahəsindən çəkilmiş və milli əsaslarımıza sadiq qaldığı müddətcə, onu mənən dəstəkləyəcəyimizi vəd etmişdik”(Mənbə: Nəsiman Yaqublu. “Azərbaycan legionerləri” Bakı 2005) Göründüyü kimi Məhəmməd Əmin Rəsulzadə Adofl Hitlerin məqsəd və məramından xoşlanmayıb və özünün qeyd etdiyi kimi “fəaliyyət sahəsindən” çəkilib. Onun Düdənginskiyə dedikləri də bu mövzu üçün xüsusi əhəmiyyət kəsb edən detaldır. Rəsulzadə Düdənginskiyə “milli əsaslarımıza sadiq qaldıqca” dəstək verəcəyini bildirir. Rəsulzadəyə görə Azərbaycanın milli əsasları faşizmdən çox-çox uzaqdır. Müəllifi olduğu müsavatçılıq ideyası bunun bariz nümunəsidir. Digər tərəfdən, Şəqrdə ilk demokartik dövlətin qurucusu olaraq Rəsulzadə nasizmə rəğbət bəsləyə bilməzdi. Rəsulzadə irsini araşdırmaçısı tarix elmləri doktoru Nəsiman Yaqublu yazır: “M.Ə.Rəsulzadənin Almaniyanın 1932-1945-ci illərdəki dövlət başçısı Adolf Hitlerlə birbaşa görüşü və münasibəti olmayıb. Onun Almaniya hökuməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Qerhard Von Mende və Almaniyanın sabiq Moskva Böyükelçisi, Xarici İşlər Nazirliyinin təmsilçisi Şulenberq vasitəsi ilə olub. M.Ə.Rəsulzadənin Almaniya hökuməti ilə əlaqə qurmaqda başlıca məqsədi sayı 70 minə qədər olan azərbaycanlı əsirləri xilas etmək və Azərbaycanın müstəqilliyinin Almaniya hökuməti tərəfindən qəbul edilməsi idi. Bununla əlaqədar o, Almaniyada olarkən “Milli Azərbaycan Komitəsi”ni yaratmış, Almaniya hökuməti ilə danışıqlar aparmışdı. Lakin Hitler “komitələr” deyil, məhdud səlahiyyətli “milli komissiya”lar yaratmağa üstünlük vermişdi”. Hitlerə və onun faşist ideologiyasına olan münasibətini isə M.Ə.Rəsulzadə belə bildirirdi: “Hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O, faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir”. Məhəmməd Əmin Rəsulzadənin faşistlərlə əməkdaşlığını inkar edən bu cür tarixi faktlar yetərincədir. Rəsulzadə sadəcə canından artıq sevdiyi Azərbaycanı yenidən müstəqilliyə qovuşdurmaq üçün bir gücdən başqa bir gücə - bolşevizmlə pərdələnmiş rus şovnizminə qarşı istifadə etmək istəyib. Bu baş tutmadıqda isə geri çəkilib. İndi onu az qala faşizmin ideoloqu kimi təqdim edən Paşinyanın məqsədi diqqəti öz babası ilə bağlı qalmaqaldan yayındırmaqdır. Yada salaq ki, Ermənistanın Baş naziri mayın 9-da babası Nikol Paşinyanın fotosunu paylaşaraq onun Sovet ordusunun sıralarında faşizmə qarşı döyüşdüyünü yazıb. Paşinyan əlvaə edib ki, o, babası ilə fəxr edir. Erməni ictimaiyyəti isə məsələni araşdırarkən ortaya şok faktlar çıxıb. Bəlli olub ki, Paşinyanın babası müharibədə faşistlərin tərəfində döyüşüb. Bununla bağlı sənədlər də ictimailəşdirilib. Paşinyanın rəqibləri dərhal bu faktdan ona qarşı istifadə etməyə başlayıblar. Baş nazirin tərəfdarları əvvəlcə faşistlərlə əməkdaşlıq etmiş Nikol Paşinyanın başqa şəxs olduğunu söyləsələr də bu iddia təsdiqini tapmayıb. Ona görə də ortaya başqa arqument atıblar: Paşinyan babasına görə məsuliyyət daşımır. Baş nazirin rəqibləri isə onu babasına görə deyil, sadəcə saxtakarlıq etdiyinə görə tənqid atəşinə tutuduqlarını deyirlər. Bu məsələ hələ də Ermənistanın ictimai-siyasi mühitində aktual olaraq qalır. Azərbaycan və Rusiya mətbuatı da Paşinyanın babasının faşistlərlə əməkdaşlıq etməsi mövzusuna xüsusi yetirir. Bu baxımdan, Paşinyan Rəsulzadəyə iftira atmaqla babasını gündəmdən çıxarmağa çalışır. Bu həm də Ermənistanın paytaxtı İrəvanda faşisrlətlər əməkdaşlıq etmiş Nijde Qareginə abidə ucaldılmasına dolayısı ilə haqq qazandırmaq cəhdidir.