Aslan İsmayılov azərbaycanlı deputatı Paşinyanla müqayisə ETDİ
Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucusu Məhəmməd Əmin Rəsulzadə barəsində sərsəm fikirlər səsləndirib. Belə ki, Ermənistanın Baş naziri M.Ə.Rəsulzadəni faşist Almaniyası ilə əməkdaşlıqda ittiham edib. "AzerTaym.az" bildirir ki, tanınmış vəkil, hüquqşünas Aslan İsmayılov özünün feysbuk hesabında sözügedən məsələyə münasibət bildirib: "Bəziləri Paşinyanın M.Ə.Rəsulzadə ilə bağlı fikirlərinə çox əsəbiləşirlər. Mən isə tam əksini düşünürəm, çünki düşmən pisləyirsə deməli xalqı üçün müsbət Lider olub. Ən əsası isə bundan sonra M.Ə.Rəsulzadəyə ağız büzən deputat Naqif Həmzəyev kimilərini erməni Paşinyanla haqlı olaraq müqayisə etmək olar". Qeyd edək ki, millət vəkili Naqif Həmzəyev bir neçə il əvvəl M.Ə.Rəsulzadə barədə aşağılayıcı fikirlər bildirmişdi. O, mətbuata açıqlamasında Rəsulzadənin satqın olduğunu, İrəvanı və digər torpaqlarımızı satdığını, Azərbaycana qarşı xarici qüvvələrlə sıx əlaqədə olduğunu söyləmişdi. Məhz bu xoşagəlməz çıxışından sonra cəmiyyət tərəfindən kəskin tənqidlərə məruz qalmışdı.