“Əlinizdə ixtiyar olsaydı DTX maskalılarını hansı quruma göndərərdiniz? — SUALI SİYASƏTÇİLƏR CAVABLANDIRIR

"DTX maskalıları yerli icra hakimiyyəti orqanlarına, Gömrük Komitəsi və AZAL-a göndərilməlidir” .

Demokrat.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında əllərində ixtiyar olsaydı qanunsuz hallara qarşı mübarizə aparan DTX əməkdaşlarını hansı qurumlara göndərməyin vacib olduğu sualına cavab verərkən ReAL-ın icra katibi Natiq Cəfərli deyib:

 "İcra hakimiyyətlərinin ciddi şəkildə yoxlanılması davam etməlidir. Həmçinin Gömrük Komitəsində də yoxlamalar olmalıdır. Dövlət şirkətləri ilə bağlı, məsələn, dövlət dəstəyinə rəğmən ziyanla işləyən AZAL-la bağlı da yoxlama aparılmalıdır. Belə orqanların sayı çoxdur. Amma bütün hallarda yerli icra orqanlarında yoxlamaların aparılması prioritet olaraq qalmalıdır.

Azərbaycanda bütün dövlət və hökumət qurumlarının hansısa formada onsuz da problemləri var. İstənilən orqanda yoxlama aparsan qeyri-qanuni faktlar aşkarlanacaq. Ona görə də həm nəzarət mexanizmləri gücləndirilməli, həm də korrupsiya, qanunsuzluq yarada biləcək faktorlar aradan qaldırılmalıdır. Yəni cəzanın olması ilə yanaşı, məsələyə sistemli şəkildə yanaşmalı, problemi yaradan səbəbləri aradan götürməliyik. Bu zaman DTX birbaşa öz fəaliyyətilə, dövlətin təhlükəsizliyi məsələlərilə məşğul olar”.

"İndi növbə Kənd Təsərrüfatı Nazirliyinə çatmalıdır”

Bunu isə əməkdaşımızla söhbətində politoloq Cümşüd Nuriyev söyləyib: "Hələ ki, icra hakimiyyəti orqanlarında yoxlamalar aparılmalıdır. Ondan sonra hüquq-mühafizə orqanları, xüsusən də məhkəmə sistemi belə yoxlamalara məruz qalmalıdır. İqtisad Məhkəməsilə bağlı ciddi narazılıq var. Habelə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Əmək və Əhalinin Sosial Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliklərindən ciddi narazılıq edirlər. Bu qurumlar Prezidentlə xalq arasında uçurum yaradır. İmkanım olsaydı DTX əməkdaşlarını icra hakimyyətlərilə məsələni bitirəndən sonra sadaladığım bu qurumları yoxlamağa göndərərdim. Mədəniyyət və Turizm Nazirliyindən sonra növbə Kənd Təsərrüfatı Nazirliyinə çatmalıdır”.

"DTX-nin nəzarətindən kənar olan qurum yoxdur”.

Bu fikir isə AMİP lideri Etibar Məmmədova məxsusdur: "DTX-nin məsuliyyət dairəsinə bütün idarə və nazirliklər daxildir. Əllərində olan məlumatları araşdırıb lazım olan anda həmin əməliyyatları həyata keçirirlər. Heç bir dövlət orqanı onların bu sayaq əməliyyatlarından kənar qala bilməz. Onlar bu əməliyyatları hər yerdə edə bilərlər. Həmin qurumun nəzarətindən kənar olan qurum yoxdur”.(sfera.az)






Fikirlər