“Azərbaycanın müstəqilliyini itirməsində ən böyük günahkar gürcülərdir” – TARİXÇİ ALİM
Kərəm Məmmədli: “11-ci “Qızıl ordu”nu Bakı vağzalında qarşılayan Orconikidze idi” Qabil Hüseynli: “Gürcüstandakı “beşinci kolon”a təlimat gəlib ki, ölkədə qarşıdurma yaratsın” Ötən həftə Marneuli və Hucabinin Yepiskopu Qiorqi (Camdeliani) həftə ayini zamanı Marneulinin Mədəniyyət Evininin ərazisindəki parkda yerləşən Nəriman Nərimanovun abidsiənin sökülməsini tələb edib. “Azərbaycanlının abidəsi olduğuna görə qarşı çıxmırıq. Filip Maxaradze, Orconikidze də onun kimi xəyanətkar idi və biz onların abidəsini götürüb atdıq. Onlar Sovet İttifaqının repressiya maşının başında duranlar idi və çox sayda adam güllələyiblər, repressiyalar həyata keçiriblər… Nəriman Nərimanov bizim ərazi bütövlüyümüzün pozulmasında böyük töhfəsi olan adamdır”,-deyə keşiş bildirib. Qeyd edək ki, abidənin bərpası Marneuli meri Zaur Dargallının təşəbbüsü ilə həyata keçirilib. Keşiş ona görə, şəhəri merinə də qəzəblənib. “Şəhər meri buna necə cəsarət edə bilər?! Qəti şəkildə bildirirəm və onlara vaxt verirəm ki, öz əlləri ilə, qanuna uyğun olaraq, Sovet İttifaqı rəmzlərinin, Sovet İttifaqı şəxslərinin heykəllərinin sökülməsinə başlasınlar. Mən düşünürəm ki, savadsızlıq da var. Şəhər meri qeyd olunan abidənin avtobioqrafiyasını bilməməlidir? Əgər bu, səhv idisə, mer bunu ictimai şəkildə etiraf etməlidir və dərhal ictimaiyyət qarşısında üzr istəməlidir”,- deyə keşiş tələb edib. “11-ci “Qızıl ordu”nu Bakı vağzalında qarşılayan Orconikidze idi”
Keşiş Qiorqinin açıqlaması ilə bağlı Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, tarixçi alim Kərəm Məmmədli “Hüriyyət”ə öz fikirlərini açıqlayıb: “Nəriman Nərimanov hansı səlahiyyət sahibi idi ki, Gürcüstanın ərazi bütövlüyünü poza bilərdi? Yox, əgər bolşevikləri milli kimliyinə görə günahkar hesab ediriksə, onda Azərbaycanın müstəqilliyini itirməsində ən böyük günahkar gürcülərdir. Çünki 11-ci “Qızıl ordu”nu Bakı vağzalında qarşılayan Orconikidze idi. Buna görə, biz gürcüləri ittiham etmirik ki. İkincisi də Nəriman Nərimanov nə vaxt Gürcüstanın ərazi bütövlüyünə qəsd edə bilər ki, 11-ci “Qızıl ordu” Bakıya aprelin 28-də girmişdi, Nərimanov mayı ayının 16-da gəlib?! Heç o, nə “Qızıl ordu”nun idarə heyətində, nə də komandan heyətində təmsil olunurdu. Komandan heyətində iştirak edən Orconikidze idi. Ondan sonra, 11-ci “Qızıl ordu” Gürcüstana girəndə də Nərimanov ordunun başında deyildi, yenə Orconikdze, Levandovski idi. Orada Nərimanovun nə günahı var ki?” “Təbii ki, Nərimanovun mədəniyyətimizin yüksəlişində xidmətləri olub K. Məmmədli qeyd etdi ki, Nərimanovun gürcülər üçün yox, Gürcüstanda yaşayan azərbaycanlılar üçün xidmətləri olub: “Məsələn, “Nadanlıq” əsəri-ilk teatr tamaşası səhnəyə qoyulub, başqa əsərləri də səhnələşdirilib. Təbii ki, Nərimanovun mədəniyyətimzin yüksəlişində xidmətləri olub. Mədəniyyətimizin bir Tiflis dövrü var. 20-ci əsrin əvvəllərində istər mətbuat, istər teatr baxımından Tiflis o dövrdə Qafqazın mərkəzi idi. Ona görə, bütün düşünün beyinlər Tiflisdə oturardılar”. “Əli dirsəyinə qədər gürcü, azərbaycanlı qanının içində olan erməniyə Axalkalakidə heykəl qoyulanda həmin keşiş niyə susurdu?” K.Məmmədlinin fikrincə, keşişin Nərimanovun abidəsinin sökülməsini tələb etməsinin günahkarı özümüzük, öz acizliymizdir: “Koronavuris yayılır, “günahkar” azərbaycanlılardır. Nərimanovun heykəli sökülməlidir, “günahkar” azərbaycanlılardır. Bu, nə dərəcədə düzgündür? Elə şeylər var ki, onu milli mənsubiyyətlə yozmaq düzgün deyil. Bolşeviklərdə ömrü boyu millətçilik olmayıb. Amma mən bolşeviklər içərisində ən millətçilərdən biri kimi Nərimanovu hesab edirəm. Nərimanova nəyə görə nifrət yaranıb, birdən-birə bunların ağıllarına düşməsi qəribədir! Yaxşı, əgər Nərimanov bolşevik idi deyə onun heykəlini sökürsünüzsə, gürcü ictimaiyyətində bolşeviklərə belə nifrət varsa, onda uzun müddət bolşevizmin başında duran Stalinin Qoridəki ev muzeyi niyə dağıdılmır? Abxaziyada, Qarabağda döyüşən, əli dirsəyinə qədər gürcü, azərbaycanlı qanının içində olan erməniyə Axalkalakidə heykəl qoyulanda həmin keşiş niyə susurdu? Məncə, bu, sadəcə bir bəhanədir, başqa heç bir şey deyil. Milli münasibətləri gərginləşdirmək üçündür”. K. Məmmədli hesab edir ki, keşişin münasibətini Gürcüstan dövlətinin münasibəti hesab etmək olmaz: “Gürcüstan teokratik dövlət deyil ki, keşişin fikri dövlətin fikri olsun”. “Özümüzün acizliyimizə düşmənin güclü olması ilə bəhanə gətirməyək” “Gürcüstanda keşiş çox önəmli bir şəxsdir, son söz deyən şəxslərdən hesab olunur” dedikdə K. Həsənov sual etdi ki, bəs bizim müfti ilə, şeyxülislam niyə elə deyil: “Özü də bu, adi yepiskopdur, Marneulinin yepiskopudur. Onun sözünün belə kəsəri olduğu halda, Gürcüstan Müsəlmanları İdarəsinin səsi haradadır? O da səsini çıxarmalıdır. Bu, bizim acizliyimizdir. Ona görə də özümüzün acizliyimizə düşmənin güclü olması ilə bəhanə gətirməyək”. “Millətçilik azarını yayanlar Gürcüstanın özünə qarşı çıxış etmiş olurlar”
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli də Marneulinin yepiskopu Qiorqinin Nəriman Nərimanovun abidəsinin sökülməsi tələbinə etirazını bildirib. Hüseynli bildirib ki, son zamanlar gürcülərin içərisində bəzi radikal millətçilik əhval-ruhiyyəsi yayan təxribatçı şəxslər peyda olub: “Həmin millətçilər gürcülərin azərbaycanlılarla müqayisədə üstünlüyünü təbliğ edir və uzağa gedən təhlükəli şüarlar səsləndirirlər. Gürcüstan kimi demokratiyanın inkişaf etdiyi ölkədə millətçilik azarını yayanlar, sözsüz ki, Gürcüstanın özünə qarşı çıxış etmiş olurlar”. “Azərbaycanlılarla gürcülər arasında qarşıdurma yaratmağa çalışanlar arasında xeyli vəzifəli şəxslər də var” Q.Hüseynli vurğulayıb ki, Gürcüstanın xüsusi xidmət orqanları şovinist qüvvələri cəmiyyətdən təcrid etməyə çalışırlar: “Mən bu proseslərin mənfi məcraya yönəlməsində erməni faktorunun da rolunu istisna etmirəm. Belə məlumatlar var ki, Gürcüstanda təxminən bir milyona yaxın erməni uzun illər boyu assimilyasiyaya uğrayaraq, gürcü soyadlarını qəbul ediblər. Ancaq onlar erməni kimi qan yaddaşlarını unutmayıblar. Belə adamlar Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək niyyətindədirlər. Azərbaycanlılarla gürcülər arasında qarşıdurma yaratmağa çalışanlar arasında xeyli vəzifəli şəxslər də var”. “Azərbaycan-Gürcüstan münasibətlərini korlamağı qarşılarına məqsəd qoyublar” Q. Hüseynlinin sözlərinə görə, Azərbaycan-Gürcüstan münasibətlərinin korlanmasında maraqlı olan üçüncü qüvvənin, yəni “beşinci kolon”un da əli var: “Son zamanlar Gürcüstandakı “beşinci kolon”a təlimat gəlib ki, ölkədə qarşıdurma yaratsın. Eyni zamanda, bölgədə strateji xarakter daşıyan Azərbaycan-Gürcüstan münasibətlərini korlamağı qarşılarına məqsəd qoyublar”. Politoloqun fikrincə, müəyyən din xadimlərinin proseslərə cəlb olunması və qızışdırıcı rol oynaması da təsadüfi deyil: “Gürcüstanın hakimiyyət orqanları baş verən hadisələrin siyasi anatomiyasını çox gözəl dərk edir”. /Hurriyyet.org