“TOVUZ döyüşləriylə Azərbaycan xalqının tarixində YENİ MƏRHƏLƏ başladı” – Rauf Arifoğlu

“Tovuz döyüşləriylə Azərbaycan xalqının tarixində yeni mərhələ başladı” – Rauf Arifoğlu

Məlum olduğu kimi, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bir neçə gündür ki, Tovuz rayonunda ağır döyüşlərin getdiyi kəndlərdədir.

Mövcud vəziyyətlə bağlı Yenisabah.az-a danışan R.Arifoğlu cəbhəboyu nisbi sakitliyin hökm sürdüyünü bildirib:

“Tovuzdan döndüm, artıq Bakıdayam. Orada vəziyyət stabildir, nisbi sakitlikdir. İriçaplı silahlardan atəş səsləri gəlmir, elə bir fakt yoxdur. Əhalinin əhval-ruhiyyəsi yüksəkdir, onlar öz ordusuna, dövlətinə inanır. Cəbhəboyu kəndləri tərk edən yoxdur, sadəcə, cəbhəboyu kəndlərdə ən uc nöqtədə evlərdə yaşayan qoca, uşaq və qadınları müvəqqəti olaraq çıxarırlar. Bunu rayon polisi həyata keçirir. Gecəni fərqli yerlərdə - nisbətən təhlükəsiz ərazidə keçirirlər, amma səhər hər kəs öz evlərinə, təsərrüfatına dönür. Yəni köçkünlük və ya qaçma hadisəsi yoxdur. Mən orada olduğum müddət ərzində çoxlu jurnalistlər gəlmişdi. Düz 117 jurnalist cəbhə istiqamətində fəaliyyət göstərirdi. Müxtəlif saytlar, televiziya, qəzetlərin əməkdaşları çalışırdı. O cümlədən də Türkiyənin Anadolu xəbər agentliyindən, TRT-dən jurnalistlər vardı”.

Rauf Arifoğlu deyib ki, Tovuzda olduğu müddətdə beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələrini orda görməyib:

“Bir neçə xarici ölkə təmsilçiləri Bakıdan zəng vuraraq məndən məlumat alırdılar, ancaq bilavasitə təmsilçiləri mən cəbhə xəttində görmədim. Ümid edirəm ki, bu hadisələr Tovuz-Qazax-Gədəbəy dövlət sərhədi istiqamətində böyüməyəcək, əhali və ordumuz itki verməyəcək, amma bir şeyi də bilmək lazımdır ki, bu müharibə bitməyib. Dağlıq Qarabağ və ətraf rayonlar işğal altındadır, biz onları qaytarmalıyıq. Ona görə də müharibə faktı, atışma, atəşkəsin pozulması və s. elementlər bizi bir millət olaraq qorxutmamalıdır, necə ki, qorxutmadı. Və məhz 12 iyul 2020-ci il tarixində Tovuzda son mərhələ - atəş və hərbi əməliyyatların başlaması ilə Azərbaycan xalqı demək olar ki, yeni bir mərhələyə keçid etdi və 30 il bundan öncə müşahidə olunan milli həmrəylik, eyni şüarların millətcə səsləndirilməsi və hədəfə doğru yürüməsi baş verdi”.






Fikirlər