“BİZİ ÇOX QAYNAR PAYIZ GÖZLƏYİR” - Aslan İsmayılov

Azərbaycan - Türkiyə Silahlı qüvvələrinin birgə təlimi, Ordu rəhbərlərinin ölkələrarası intensivləşən səfərləri, bölgədə, xüsusilə ölkəmiz ətrafında ciddi təhlükələrin olmasından xəbər verir. Əvvəllər etdiyim xəbərdarlıq artıq pik nöqtəsinə yaxınlaşır. Əminəm ki, bu gün Birinci və İkinci Dünya müharibələrindən sonra baş verən dünyanın yenidən bölüşdürülməsi prosesi gedir. Əgər ilk iki dəfədə bu bölüşdürmə açıq-aşkar baş verirdisə, indi gizlində baş verir”.

 "AzerTaym.az" bildirir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 A.İsmayılov qeyd edib ki, Azərbaycanda gedən prosesləri də diqqətlə izləmək lazımdır: 

“Ramiz Mehdiyev dəstəsi hakimiyyətdən uzaqlaşdırılandan sonra etdiyim xəbərdarlıq bu gün daha aydın görünür və bizi çox qaynar payız gözləyir. Son vaxtlar Ramiz Mehdiyevin yaydığı bəyanat, bunun ardınca Rusiya orden-medallıları - Siyavuş Novruzovun, Ziya Məmmədovun, qardaşı Elton Məmmədovun və digərlərinin xaç atalarını müdafiə etmələrini təsadüfi saymıram. İlk günlərdən R.Mehdiyevin sözçüsü kimi tanınan ölkənin “beyin mərkəzi” sayılan, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun ard-arda yayılan təhlil yazıları artıq məqsədləri açıq göstərir. 

Dünyada Azərbaycanın yeganə təbii müttəfiqi olan Türkiyə, onun silahlı qüvvələrinin Azərbaycana gəlişi bu qrupda açıq-aşkar qıcıq doğurub. Hesab edirəm ki, Qarabağ müharibəsi başlayarsa, erməni tərəfi qədər təhlükə öz içimizdə olacaq. Yaxın vaxtlarda Ermənistanda, Gürcüstanda vəziyyətin gərginləşəcəyi qaçılmazdır. Rusiya daxilində vəziyyət gərginləşir və Rusiyanın bu gərginliyi xaricə yönəldiləcəyi gözləniləndir. Bu gün hakimiyyət tək postpandemiya dövrünü fikirləşməməlidir və hazır olmalıdır ki, Rusiyadan ölkəmizə yüz minlərlə azərbaycanlının təbii və qeyri - təbii axını ola bilər. 

Hamı bilməlidir ki, bu gün demokratiya, insan, söz azadlığı yox, Dövlət müstəqilliyimiz təhlükədədir. Hər birimiz bir vətəndaş olaraq bütün çətinlikləri görməli, buna hazır olmalı və bacardığımızı etməliyik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dünən Rusiya Prezidenti V.Putina Tovuz hadisələri zamanı Rusiyanın Ermənistana silah göndərməsinə etiraz etməsi çox mətləblərdən xəbər verir."






Fikirlər