Mandatından İMTİNA EDƏN MİLLƏT VƏKİLİ...

Haqq! Bu kəlmə özündə həqiqəti, doğrunu ehtiva etsə də, həm də Allahın adlarından biridir. Bəlkə də ona görədir ki, əlçatmazdır…

Erkən gəncliyindən cəsarəti ilə fərqlənib. Həyatını dəfələrlə təhlükəyə atsa da, həqiqəti söyləməyi bacarıb. Başı bəlalar çəkib, amma sınmayıb. İtirdikləri qazandıqlarından çox olsa da, məğrurluğunu qoruyub saxlaya bilib. Dürüstlük Onun həyat tərzi, amalıdır. Demirəm ki, ideal insandır, özünəməxsus səhfləri də olub, fəqət heç zaman günaha batmayıb…

Nə qədər ciddi, zəhimli görünsə də, yumor hissi yetərincədir, şux zarafatları da var. Ağayana davranışı, daxilən zənginliyi, həqiqəti söyləmək cəsarəti Onu insanların gözündə ucaldıb. Heyranları çoxdur, hara getdisə hörmətlə qarşılanır, ehtiramla üzləşir…

…Babası Kərbalayi Mir Əziz ağa heç zaman kolxoz, sovxoz malına əl uzatmayıb. Bütün ömrü boyu özü əkib-biçdiyi məhsuldan qidalanıb…

Üç dəfə millət vəkili seçilib. Sonuncu dəfə mandatdan imtina edərək Milli Məclisi tərk edib. Səbəbi, digər müxalifət partiyalarının sədrlərindən fərqli olaraq sözünün üstündə durması olub…

Səxavətlidir, son tikəsini bölməyi bacarır. Xeyir-şərdən qalmır, ağsaqqal təfəkkürü var. Səviyyəsindən asılı olmayaraq, hər kəsi ölkəsinin ən dəyərli övladı kimi qarşılayıb, ən dəyərli övladı kimi də yola salır. Dost bildiklərinə, əqidəsinə heç zaman dönük çıxmayıb. Allahın sədaqətli quludur, orucdan, namazdan kəsir saxlamır…

Haqqında söhbət açdığım Mirmahmud Mirəlioğlu barəsində çox danışmaq olar, amma məqsədim onu doğum günü münasibəti ilə təbrik etməkdən ibarət olduğu üçün bir fakta kifayətlənirəm. Məqamında sözü demək hünərinə görə, bu gün cəmiyyətdə “Mirmahmudun sözü olmasın”, deyilən bir anlam dolaşır. Kəlama dönən bu fikri tez-tez işlədənlər də az deyil. Necə deyərlər, Mirmahmudun sözü olmasın…

Bəli sentyabrın 1-i Mirmahmud Mirəlioğlunun 64 yaşı tamam olur. Onu təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram..

Elman Eldaroğlu.






Fikirlər