“Hamımız Vətənimizin, ordumuzun yanındayıq, əsgərik” — İqbal Ağazadə

"Gəncəyə atılan raketlər bir daha sübut edir ki, humanitar atəşkəs düşmənə havadarları vasitəsilə fürsət yaratmaqdan başqa heç bir məqsəd güdmür”.

 Demokrat.az-ın xəbərinə görə, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

 İ.Ağazadə qeyd edib ki, Rusiya bu münaqişədə tərəfsiz olmayıb, o hər zaman Ermənistanın dəstəkçisidir. Nə rolunu, nə də xislətini dəyişməyib: 

“Azərbaycan xalqı bu atəşkəsin nəticəsini belə də gözləyirdi. Biz tarixi unutmadıq. Şuşa, Laçın məhz vasitəçilər bizi atəşkəs masasına oturdanda işğal edildi. Ümid Partiyası olaraq Ali Baş Komandanı haqq işimizi son kəndimizə bayraq sancılana kimi davam etdirməyə çağırırıq. Hamımız Vətənimizin, ordumuzun yanındayıq, əsgərik! 

Qardaş Türkiyəyə səslənirik: Azərbaycana bütün sahələrdə dəstək verin, xüsusilə beynəlxalq arenda əsas ağırlıq sizin üzərinizdədir. Xaricdə yaşayan həmvətənlərimiz bütün imkanlarını səfərbər edib haqq işimizi yaşadıqları ölkələrin səlahiyyətli qurumlarına çatdırsınlar. Özəlliklə Rusiyada yaşayan həmvətənlərimiz daha fəal olmalı, bizim müdafiəmiz üçün tatarları, başqırdları, çeçenləri, udmurtları, Dağıstan xalqlarını bu prosesə cəlb etməli, onların parlamentində müzakirə üçün imkanlar aramalıdırlar. Güney Azərbaycanlılarımız İrandan Ermənistana gələcək hər bir dəstəyi durdurmalıdırlar, savaş davam edir. 

Yəhudi dostlarımız hər zaman Azərbaycanla birlikdə olublar, bu gün onların dəstəyinə daha çox ehtiyacımız var. İnanıram ki, xalqımızı sevən yəhudi dostlarım imkanlarını əsirgəməyəcəklər. Nəhayətdə, xalqımız birlik və bərabərliyini davam etdirməli, düşmən təxribatının bizi parçalamağa yönəlik addımlarına  daha sıx birləşməyimizlə cavab verməliyik. İşğalı aradan qaldırmaq istiqamətində Xalq-Dövlət birliyimizi sarsıtmaq üçün hər cür təsir və təzyiqlərlə bizi atəşkəs masasına oturtdular. Bilirlər ki, birliyimizi parçalayacaq ilk şey atəşkəsdir. Ona görə ordan başlayırlar. 

İqtidar xalqımıza, birliyimizə, ordumuza güvənərək bütün təzyiqlərə sinə gərib haqq işimizi davam etdirməli, biz isə birliyimizi qorumalıyıq. Atəşkəs pozulub artıq, düşmən bunu göstərdi! Qarabağsız Azərbaycan yoxdur! Hamımız əsgərik!".






Fikirlər